"İqlim Skaneri": Mozambik iqlim risklərinə ən çox məruz qalan ölkələrdən biridir

14/11/2024 - 13:25

Mozambik iqlim risklərinə ən çox məruz qalan ölkələrdən biridir. "Report" xəbər verir ki, bu barədə Noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində açıqlanmış "ClimateScanner" ("İqlim Skaneri") layihəsinin nəticələrində bildirilir. Nəticələr COP29 çərçivəsində təşkil olunmuş “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlimSkaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə ictimailəşdirilib. Nəticələrə görə, son illər Mozambikdə AAO ətraf mühitin auditi sahəsində təcrübəsini artırsa da, iqlim dəyişikliyinin ölkəyə təsirinə xüsusi diqqət yetirməyib. Lakin “İqlim Skaneri” təşəbbüsü iqlim dəyişikliyi ilə bağlı tədbirləri izləmək və qiymətləndirmək istiqamətində imkan yaradaraq AAO-nun aktual məsələlərdə audit və nəzarət potensialını artırmasına, alətdən səmərəli istifadə etməklə AAO-nun lazımi bacarıqlarla təchiz olunmasına kömək edib. Xatırladaq ki, "İqlim Skaneri" aləti 3 istiqamət (idarəetmə, maliyyə və dövlət siyasəti) üzrə qiymətləndirilmələr aparmağa imkan verir. Qiymətləndirmə Mozambikin idarəetmə və dövlət siyasəti sahəsində iqlim dəyişikliyi ilə bağlı tədbirlərə uyğunlaşdığını və göstəricilərə cavab verə bildiyini nümayiş etdirib, lakin iqlim maliyyəsi sahəsində hələ də ciddi çətinliklərin mövcud olduğu müəyyən edilib. Diqqətə çatdırılıb ki, "İqlim Skaneri" üzrə aparılan qiymətləndirmələr bu sahədə bir sıra çağırışlar olduğunu göstərib. Belə ki, alət üzrə keçirilən qiymətləndirmədə kök-səbəbləri müəyyən etmək imkanı olmayıb. Eyni zamanda, təşəbbüsün yekun nəticəsinin nədən ibarət olması, doldurulan məlumatın necə icmallaşdırılması, əvvəlki və sonrakı səviyyələr üzrə müqayisələrin edilməsi, bir ölkə nəticəsinin digər ölkələrin nəticələri ilə müqayisəsinin olmaması da bu alət üzrə çağırışlara aid edilib. Qiymətləndirmə bir sıra müsbət məqamları da üzə çıxarıb. Alət AAO-lar üzrə iqlim dəyişikliyinin auditi, habelə iqlim dəyişikliyi mövzusunun audit planlamasına inteqrasiyası üçün yeni imkanların olduğunu göstərib, "İqlim Skaneri"nin nəticələri əsasında dərin araşdırmaların aparılması üçün audit mövzularının müəyyən olunmasına şərait yaradıb. Eyni zamanda, qiymətləndirmə nəticələrinin dərc olunması, bunun əsasında tədbirlərin təşkil edilməsinin, həmçinin, dövlət orqanları və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın, vətəndaş cəmiyyətinin iştirakının, bəzi sənədlərin əlçatanlığının artırılması üçün geniş məlumatlandırma tədbirlərinin həyata keçirilməsinin vacibliyi barədə qənaətə gəlinib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15