İranda Xomeyninin evi yandırıldı - ETİRAZLAR DAHA DA ŞİDDƏTLƏNİR

20/11/2022 - 10:13

İranda fəallar İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin doğulduğu evi yandırıblar. Sosial mediada görünən fotolarda Xomeyn şəhərindəki evin qismən yandığı görülür.

Xəbər agentlikləri paylaşılan videonun yerini təsdiqləyib, yerli hakimiyyət isə bunun qəsdən yandırılma olduğunu təkzib edib.

Ayətullah Xomeyninin sonradan muzeyə çevrilən bu evdə doğulduğu deyilir.

Xomeyni 1989-cu ilə, vəfat edənə qədər ölkənin mənəvi lideri olub.

Xomeyni şəhərindən yayılan videolarda evin yandığı vaxt onlarla insanın sevinclə alqış etdiyi görünür. Müxaliflər videonun cümə axşamı günü axşam saatlarında çəkildiyini deyir.

Bununla belə, yarı rəsmi Tasnim xəbər agentliyi Xomeyn şəhərinin yerli məmurlarının evə hücum olmadığını açıqladığını yayıb.

Agentlik azsaylı fəalların evin qarşısında toplaşdığını və daha sonra evin videosunu paylaşaraq, oranın hələ də "zəvvarların və mərhum İmamı sevənlərin üzünə açıq olduğunu" bildirib.

"Böyük inqilabın banisinin evinin qapısı ictimaiyyətə açıqdır", - deyə agentlik əlavə edib.

Xomeyninin doğulduğu evdəki yanğın bütün ölkədə Xomeyninin varisi Ayətullah Əli Xameneyi və onun hökumətinə qarşı keçirilən nümayişlərin son hadisələrindən biridir.

İran rejiminə qarşı etirazlar 22 yaşlı Məhsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra ölməsi ilə başlayıb.

İranın rəsmi mediasının məlumatına görə, son hadisələrdə beş mühafizəçi həyatını itirib.

Eyni zamanda, təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü bildirilən gənc iranlıların dəfn mərasimlərində yeni aksiyalar baş verib.

Ailəsinin verdiyi məlumata görə, ölkənin şimal-qərbindəki İzeh şəhərində təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürülən 9 yaşlı Kian Pirfalak üçün təşkil edilən dəfn mərasimində izdiham "Xameneyiyə ölüm" şüarları səsləndirib.

Təbriz, Mahabad və Zahedan şəhərlərində təhlükəsizlik qüvvələrinin səbəb olduğu iddia edilən mülki ölümlərə qarşı etirazlar keçirilib.