“İŞGƏNCƏ ƏMRİNİ VERƏNLƏR HARDADIR?!” – “Cəmiyyət bu adamların ən ağır cəza almasını görmək istəyir”

16/12/2022 - 14:57

“Tərtər hadisələrində işgəncə verənlər, işgəncə əmrini verənlər hardadılar? Cəmiyyət bu adamları, bu adamların ən ağır cəza almasını görmək istəyir. Hardadır bu müstəntiqlər? Bu müstəntiqlər təkrar bu sistemdə çalışacaqsa, o zaman Azərbaycan xalqının hüquq-mühafizə orqanlarına necə inamı ola bilər?”

Qafqaz.media “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bunları deputat Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Tərtər işi üzrə həbs olunmuş şəxslərin bəraət alaraq azadlığa buraxılmalarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, həmin işgəncəni verənlərin hansı cəzanı alması televiziya ekranlarında xalqa göstərilməlidir: "Bu işi aparan müstəntiqləri Azərbaycan cəmiyyəti görməlidir. Həmin işi casusluq maddəsi ilə aparan müstəntiqləri Azərbaycan xalqı görməlidir. Biz görməliyik. Mən şəxsən bu üzrü gözləyirəm. Burdan danışıram. Mənə casusları müdafiə edirsiniz deyənlər – özləri yaxşı bilir kimlər idi, çıxsınlar üzr istəsinlər. Demək biz casusları deyil, ədaləti müdafiə edirmişik”.

O, həmçinin bu işin ədalətlə açılmasına görə Prezident İlham Əliyevə təşəkkür edib: “İnanıram ki, televiziyalarımız bəraət alan insanlar barədə geniş verilişlər verəcəklər ki, onların balaları məktəbələrə o psixoloji təzyiq olmadan alnı-açıq, üzüağ getsin. Onların valideynlərin yaşadığı o acı ən azı biraz yumşalmış olsun”.