İtaliyanın baş naziri Fransa hakimiyyətini “yıxıb-sürüdü” – FRANSIZLARIN SÖMÜRGƏÇİ SİYASƏTİ HAQDA ŞOK FAKTLAR… / VİDEO

20/11/2022 - 17:46

Fransa əsrlər əvvəl əkdiklərini yığmağa başlayır. Belə demək olarsa, Fransanın qan, göz yaşı, zülm, işgəncə üzərində qurduğu müstəmləkə şəbəkəsi domino daşları kimi dağılır.

Qafqaz.media xəbər verir ki, bu dəfə Fransanın ikiüzlülüyü İtaliyanın baş nazirinin dili ilə tənqid olunub.

Belə ki, İtaliyanın baş naziri Corca Meloni Fransanın Burkina Fasodakı müstəmləkəçilik siyasətini açıq şəkildə ifşa edib: “Uşaqlar qızıl mədənlərində işləyir, Fransa Burkina Faso üçün müstəmləkəçilikdən gələn qızıl pulları çap edir və bunun müqabilində bütün ixrac gəlirlərinin 50%-nin Fransa xəzinəsinə yatırılmasını tələb edir”. Yəni uşaqların çıxardığı qızıllar əsasən fransız seyflərində məskunlaşır. Amma bunlar Meloninin Fransanın sonunun çatdığını təsdiqləməyə yetərlidirmi?

Beəliklə, hazırda Fransanın dünya miqyasında ifşası və bu ifşanın gətirdiyi rəzalət yaşanır. Bəzi hesablamalara görə, Fransanın sömürgəçi siyasəti 3 milyondan 4 milyona qədər insanın həyatına son qoyub. Bu ölkənin separatizmə dəstəyinin ən qanlı epizodu - 1967-70-ci illərdə Nigeriyanın cənub-şərqində başlatdığı separatçı müharibə az adama məlumdur. Burada Fransa xüsusi xidmət orqanları tərəfindən qızışdırılan yerli separatçılar qondarma "Biafra Respublikası"nı ortaya çıxarıblar. Necə də qondarma "Artsax"ı xatırladır, elə deyilmi? Fransanın terrorçu mahiyyəti daşıyan imzası qan rəngində bərq vurur.

Fransa Böyük Britaniyanın (Nigeriya keçmiş Britaniya müstəmləkəsidir) təsir zonasında “öz nizamını” yaratmağa çalışdı. Bu layihədə Fransanın dünyanın başqa yerlərində separatçılıqla “tirajladığı”, yaxud "remake" etdiyi çox şey var idi. Bundan başqa, separatçılar və onların himayədarları bilərəkdən dini nifrət yaymağa və xristian əhalini müsəlmanların üstünə qaldırmağa "stavka" etmişdilər. Faktiki Nigeriya əhalisinin yarıdan çoxu müsəlmandır, lakin onlar əsasən ölkənin şimalında yaşayır və "Biafrian" separatizmi İslam əleyhinə ortaya atılmış nifaq idi.

Belə çıxır ki, əgər Fransa “azadlıqsevər Biafra”nı belə dəstəkləyibsə, o zaman həmin Afrikadakı digər xalqların azadlıq istəklərinə də o münasibəti bəsləməli idi. Xüsusilə, Fransanın müstəmləkə zülmündən qurtulmaq üçün mübarizə aparan Əlcəzair xalqına. Lakin əlcəzairlilərə münasibətdə Fransa onları “separatçılıq”da ittiham etməklə, açıq şəkildə soyqırım siyasəti yürüdürdü. Məsələ burasındadır ki, Əlcəzair qeyri-qanuni ilhaq edilib, Fransanın tərkibinə onun “departamenti” kimi daxil olunub. Və o vaxtkı Fransa qanunları nöqteyi-nəzərindən onun müstəqilliyini müdafiə edənlər “Fransanın ərazi bütövlüyünə” qarşı çıxırdılar. Əlcəzair xalqına qarşı başlayan müharibədə 1,5 milyondan çox müsəlman işğalçı fransız müstəmləkəçiləri tərəfindən öldürüldü.

Sonralar hətta müstəmləkə statusundan qurtulmuş ölkələrdə belə, Fransa xüsusi xidmət orqanları müharibələri alovlandırmağa, hərbi çevrilişlər etməyə və ən iyrənc diktatorları dəstəkləməyə davam etdilər. İkinci Dünya Müharibəsindən sonra demək olar ki, fransız xüsusi xidmət orqanlarının "sızdığı" keçmiş Fransa koloniyalarında - Vyetnam, Kamboca, Livan, Çad, Ruanda, Mali, eləcə də Suriyada ən qanlı müharibələr və terror, soyqırım faktları baş verdi.

Fransa "özünün hesab etdiyi beynəlxalq səviyyədə tanınmış ərazisində" milli kimliyini qoruyub saxlamaq istəyən xalqların iradəsini çox qəddarcasına boğur. Əslində Fransa əsl “xalqlar məzarlığına” çevrilib. Xüsusilə, ölkənin şimal-qərbində yerləşən Brittani yarımadasının əhalisi olan bretonlar zorla assimilyasiya edilib. Əgər onlar assimilyasiya olmasaydı, indi həmin bretonların sayı Ermənistandakı ermənilərdən çox olardı. Lakin Fransada Breton dilində danışanların sayı sürətlə azalır, əgər 80-ci illərin əvvəllərində məcburi assimilyasiyaya baxmayaraq, təxminən 600 min insan Breton dilində danışırdısa, 90-cı illərdə 250 mindən çox deyil. Bu gün isə Breton dilində 100 mindən çox insan bilmir və onun son daşıyıcıları ölür. Bretonların gənc nəsli sadəcə olaraq əcdadlarının dilini bilmir. Bretonlar öz dövlətçilik ənənələri olan, özünəməxsus kelt dili ilə, bu gün heç kimin oxuya bilmədiyi orijinal ədəbiyyatı olan xalqdır.

Fransada yaşayan yerli xalqların digər dilləri kimi rəsmi istifadəsi hələ 19-cu əsrdə qadağan edildiyi üçün Breton dili əslində yoxa çıxıb. Orada mədəniyyəti öz ana dilində inkişaf etdirməyə çalışanlar təqib edilir, məktəblərdə uşaqlar Breton dilində bir-biri ilə ünsiyyət qurduqlarına görə cəzalandırılırlar.

Toplayıb başına Toqo, Malini... – Fransa ermənilərə görə üstümüzə gəlməkdə davam edir

Dil baxımından almanlara fransızlardan daha yaxın olan elzaslılar, həmçinin Fransanın şimalında yaşayan və hollandcaya yaxın bir dildə danışan Fleminqlər də eyni vəziyyətə düşüb. Fransanın cənub-qərbində və İspaniyanın şimalında yaşayan baskların kimliyi tamamilə silinib. İspaniyada baskların muxtariyyəti, ünsiyyət və yazılı dil qabiliyyəti olduğu halda, Bask torpaqlarının Fransadakı hissəsində belə deyil.

Paris hakimiyyəti Korsika adasının müstəqilliyi uğrunda hərəkatı da vəhşicəsinə yatırıb. Korsikalıların assimilyasiyasına qarşı müstəqillik uğrunda mübarizə aparanlara terror və repressiya edilir. Fransa Okeaniyanın “xarici departamentlər” statusuna malik olan yerli əhalisinə, xüsusən Yeni Kaledoniya adasına, keçmişdə təzyiqlərə məruz qalmış kanaklara qarşı mədəni soyqırım siyasəti aparır. Necə də İran hakimiyyətinin soydaşlarımıza qəddar davranışını xatırladır.

Məlumdur ki, Fransa uzun əsrlər boyu Avropanın aparıcı gücü olub. İnkişaf etmiş iqtisadiyyatı, mədəniyyət irsi, diplomatiya ənənələri və güclü hərbi qüvvəsi var. Ötən əsrin ortalarından etibarən Fransa birinci ranq güc statusunu itirsə də, hələ ki, BMT TŞ-nin 5 daimi üzvündən biridir, özünün nüvə silahı var. Bu, Fransaya Avropadakı nüfuzunu və keçmiş Afrika koloniyalarında, eləcə də Frankofoniyaya aid olan ölkələrdə nüfuzunu qoruyub saxlamaq iddiası verir.

Lakin bu gün Fransa tikişi sökülən paltar kimi “parçalanır”, “dünyanın taleyinin hakimi” statusunu saxlamağa çalışır və digər geosiyasi oyunçulara müdaxilə etmək üçün separatizmi və münaqişələri dəstəkləyir. Paris nə resursları, nə konstruktiv proqramı, nə də ardıcıl inkişaf proqramı və gələcək mənzərəsi olmaya-olmaya başqa güclərin təsir dairəsinə girir. Fransa qurmağa yox, məhv etməyə çalışır, bu zaman yalnız müflisləşmiş, qəzəbli millətçiliyə arxalanır. Lakin Fransanın "ulduzu sönür" və o bunun fərqindədir, bunun üçün də aqressivləşir.

Qafqaz.media