Krım azad edildikdən sonra oradakı rusların taleyi necə olacaq? - KİYEVDƏN AÇIQLAMA

31/12/2022 - 08:25

Ukrayna qanunvericiliyini pozaraq işğal olunmuş Krım Muxtar Respublikasına gələn Rusiya Federasiyası vətəndaşları yarımadanın azad edilməsindən sonra orada qeyri-qanuni qaldıqları üçün oranı tərk etməli olacaqlar.

Ukrinform” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Krımdakı daimi nümayəndəsi Tamila Taşeva bildirib.

“Müvəqqəti olaraq işğal olunmuş əraziyə, Krıma, qanunsuz şəkildə, miqrasiya qanunvericiliyi və sərhəd-keçid şərtlərini pozaraq gələn Rusiya Federasiyasının bütün vətəndaşları ərazilərin azad olunmasından sonra Ukrayna dövlətinin hüdudlarından kənara, Krımdan kənara çıxmalıdırlar”, - Prezidentin nümayəndəsi bildirib.

Taşevanın sözlərinə görə, işğal olunmuş ərazilərdə yaşamaq və giriş icazəsi almalı olan əcnəbilərin sayı 500 mindən 800 minə qədərdir.

Məmur Rusiyanın guya “krımlıların deportasiyası” olacağı ilə bağlı həqiqətəuyğun olmayan bəyanatlarını da təkzib edib:

“Hansı krımlılar? Söhbət krımlı olmayan Rusiya vətəndaşlarından gedir. Onlar Krım ərazisində müvəqqəti yaşayan şəxslərdir. Onların ölkədən çıxarılması tamamilə qanuni prosesdir... Hər hansı bir ölkənin vətəndaşı sərhədi qanunsuz keçərsə, məcburi qovulmağa məruz qalır. Ona görə də bunu tətbiq edəcəyik”.