“LUKAŞENKO BEYNƏLXALQ MƏHKƏMƏDƏ CAVAB VERMƏLİDİR” – Avropa Parlamenti: “Ukraynadakı hərbi cinayətlərə görə Belarus da məsuliyyət daşıyır”

25/11/2022 - 11:38

“Ukraynada törədilmiş hərbi cinayətlərə görə Belarus lideri Aleksandr Lukaşenkonun hakimiyyəti də Rusiya ilə bərabər məsuliyyət daşıyır, buna görə beynəlxalq tribunal və Beynəlxalq Cinayət Məhkəməsi qarşısında cavab verməlidir”.

Qafqaz.media dsnews.ua-ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin təsdiq etdiyi qətnamədə deyilir.

Sənəddə Avropa Parlamentinin deputatları Avropa İttifaqı ölkələrinə və Avropa Komissiyasına Rusiyaya qarşı tətbiq etdikləri eyni sanksiyaları Belarusa qarşı tətbiq etmək çağırışını irəli sürüblər. Onlar həmçinin Aİ təsisatlarını Belarusun müstəqil xəbər agentliklərini dəstəkləməyə və Aİ ilə Belarus demokratik qüvvələrinin nümayəndələri arasında daha sistemli əməkdaşlığa çağırıblar.

Avropa Parlamenti, həmçinin, Belarusda barələrində haqsız və siyasi motivli hökmlər çıxarılan 1400-dən çox siyasi məhbusun olmasını qətiyyətlə pisləyir.

Qətnamaədə 2022-ci il Nobel Sülh Mükafatı laureatı Ales Bialiatskinin davam edən həbsi də pislənilir və Lukaşenko rejimini dekabrın 10-da Osloda keçiriləcək mükafatlandırma mərasimindən əvvəl, onun azadlığa buraxılmasını təmin etməyə çağırır.

Qafqaz.media