Məlahət Hümmətqızının "ŞOKALAD QUTUSU" (hekayə)

24/11/2024 - 23:49

Məlahət Hümmətqızı ixtisasca həkimdi. İnsanların sağlamlığının keşiyində durmaqla yanaşı, bədii yaradıcılıqla da məşğuldu. İlk qələm təcrübələri mətbuatda işıq üzü görüb. 3 nəsr kitabı çap olunub. "Qız anası,"  "Villa", və "Ağ libaslı mələk".
“Atasız dünyam”, “Tənha yuva” adlı şeir kitablarının müəllifidi. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdü.

Qafqaz.Media  Məlahət Hümmətqızının "ŞOKALAD QUTUSU" hekayəsini oxuculara təqdim edir:

 

 

    Uşaqlıqdan şokolad xəstəsiyəm.  Buna ən çox da valideynlərim,  bir də rəfiqəm - Londonda yaşayan uşaqlıq dostum Səadətə  bələddir. Və onu da bilirlər ki, mərc gəlsəm, saatlarla oturub şokolad yeyə bilərəm. Səadət mənim ən yaxın rəfiqəmdir. Biz onunla eyni məhlədə böyümüşük, elə məktəbə də bir getmişik. Tale elə gətirdi ki, o ali məktəbə Londonda qəbul oldu, mən isə Bakıda. Səadət yay tətilində Bakıya qayıdırdı və hər gələndə mənə London şokoladlarıı gətirirdi.

Rəfiqəm dəbdəbəli, gurultulu ad günləri keçirməyi sevirdi. O, yetərincə zəngin bir ailənin qızı idi. Ona görə də bütün istəklərini həyata keçirirdilər.  Mənimsə ad günlərim sadə, sakit, ev ortamında keçirdi. Səadət harada olsa da özünü ad günümə çatdırar, məclisə coşqu və hərarət qatardı. 

 Növbəti yaşımın tamamına sayılı günlər qalmışdı.  Səadət  Londondan zəng vurub bir həftəyə  Bakıya gələcəyini söylədi. İsrarla ad günümü təmtəraqlı  keçirməyimi istədi. Telefonda: 

- Gələndə sənə nə alım? – deyə soruşdu. 

- Sən ki bunu yaxşı bilirsən. – Mən cavab verdim. 

Rəfiqəmin  təkidi ilə axır ki,  mən də özümə  təmtəraqlı ad günü mərasimi keçirdəsi oldum. Hərgah bu mərasim təşkil olunduğu üçün içimdə zərif bir məmnunluq da vardı. Mərdəkandan yenicə aldığımız bağ evinin böyük paraleloqrama bənzəyən həyətindəki  hovuzun ətrafında ağ örtüklü, üstü yemək-içməklə dolu masalar qoyulmuş, oturacaqlar səliqə və nizamla yerləşdirilmişdi. Hovuzun ətrafında yanan işıqlar suyun hamar səthinə sarı parıltılar səpələyirdi.

İkibir, üçbir gələn qonaqlar şaqraq bir harayla mən və ailə üzvlərimlə görüşür, bir-biriylə söhbətə girişirdilər. Coşqun və şiddətli səs-küy, qəhqəhə fırtınası ətrafa yayılmışdı. Mən özümü şux aparsam da, hamıyla xoşrəftarlı olsam da, fikrim başqa birində qalmışdı. Gözlərimi həyətimizin girişində dolandırır, Londonda yaşayan ən yaxın rəfiqəm Səadətin gəlişini gözləyirdim. Gələn qonaqları az qala kölgələrindən tanıyırdım. Amma onların arasında Səadət yox idi...

Səmadakı son çəhrayı zolaqlar da əriyib qaranlığa qarışmışdı. Ağacların arasından işıqlar göz qırpırdı. Qonaqlardan yeyib-içib əylənənlər də vardı, danışa-danışa hovuzun ətrafında dövrə vuranlar da. Onlardan bəziləri həyətin bir küncündə düzülmüş dibçəklərdəki qayğı ilə yetişdirilən çiçəklərə baxırdı. Birdən Səadət bir bahar sərinliyi kimi həyətə daxil oldu. Onu görəndə “Axır ki, gəldin” - deyib şadlığımdan uşaq kimi atılıb düşdüm. Biz hərarətlə qucaqlaşdıq. Onun əynində ağ yaxalıqlı qəşəng paltar vardı. Əlindəki  iri qutunu mənə uzadıb:

- Londondan almışam. – dedi – satıcı bildirdi ki, bu çox dadlı  şokoladdır.  Əminəm ki, dadı damağında qalacaq.

Mən hədiyyəni qəbul edib gəlişigözəl sözlərlə minnətdarlığımı bildirdim.

Mərasim gecə yarısına qədər davam etdi. Yeməklər yeyildi, rəqs edildi, şaqraq gülüşlər dalğa-dalğa havaya yayıldı. Səhər mənə gətirilən şokolad qutularını bir-bir əlimə alıb nəzərdən keçirdim.  Bir-birindən gözəl nə az-nə çox, düz iyirmi beş qutu vardı. Onların arasında ən ürəyimə yatanı Səadətin gətirdiyi  iri şokolad qutusu idi. Üzərində Londonda yerləşən bir küçə təsvir olunmuşdu. Təsvir o qədər incəliklə işlənmişdi ki, sanki soyuq, dumanlı bir London gününün bütün atmosferini özündə daşıyırdı. İçindəki şokoladları yedikdən sonra qutunun üzərindəki bu heyrətamiz dərəcədə gözəl şəkli çərçivəyə saldırıb divardan asmaq istəyirdim...Beləcə, hər gün şokolad qutularını açıb içindəkiləri yedim.

Bir gün anam otağıma girib:

- Sabah qonşumuz Səkinənin nişanıdı – dedi – Hədiyyə almışam, sən də evimizdəki şokolad qutularından birini götürərsən, bir yerdə apararıq. Kasıb qızdır, qoy hədiyyəmiz sanballı olsun. Üzüklər taxılanda açıb paylayarıq.

Mən yerimdə uzanıb şokoladlardan yeyə-yeyə kitab oxuyurdum. “Yaxşı” – desəm də, mütaliəyə ara verməyib oxumağa davam etdim.

Ertəsi gün günorta hazırlaşıb evdən çıxanda anam  qapının ağzında ayaq saxlayıb təlaşlı bir qətiyyətlə dilləndi:

- Ay qız, şokolad qutusu yaddan çıxdı! Tez götür gəl, gecikirik, oğlan evi gəlib artıq.

Mən çaşıb qaldım, çünki qutulardakı şokoladları yeyib bitirmişdim. İçəri girib qapını dalımca örtdüm. Nəsə fikirləşməliydim, anamı məyus etmək istəmirdim. Birdən ağlıma rəfiqəmin hədiyyəsi – London şokoladı gəldi. Baxmayaraq ki, onun qutusundakı şəklin sentimental gözəlliyi burğu kimi qəlbimi dəlmişdi, indiki vəziyyətdə başqa çarəm yox idi. Qutunu əlimə alıb heyranlıq və valehliklə baxdım. Anamın eşikdən gələn haray-həşiri məni diksindirdi:

- Tez ol, gecikirik axı!

Qutunu götürüb tələsik çölə çıxdım. Anam onu əlimdə görəndə təəccüblənib:

- Bunu niyə gətirdin? – deyə soruşdu. – Bəs deyirdin, bu qutunu çox sevirsən? Hələ şəklini də divardan asacaqdın.

Mən çarəsizcə boynumu büküb uşaq məsumluğu ilə anama baxdım. Hətta ağlamsındım da. Mülayim, zəif səslə:

- O biri qutulardakı şokoladları yemişəm, ona görə, bunu gətirdim. – dedim.

Anam təəccüblü, bir az da acıqlı baxışlarını mənə dikib başını buladı.

Nişan evindəki qonaqlar kiçik zaldakı masa arxasında yerlərini tutmuşdu. Bir-bir hər kəslə görüşdük. Mən Səkinəyə yanaşıb anam alan hədiyyəni və şokolad qutusunu ona verdim. O, ağıllı  və qəşəng üzünə təbəssüm qondurub mənə təşəkkür etdi. Heyranlıqla qutunun üzərindəki təsvirə baxıb canlı, ahəngdar səsiylə dedi:

- Necə gözəldir!.. Bunu haradan almısan?

Mən:

- Londondan məxsusi olaraq sənin üçün gəlib. – deyib güldüm.

Əslində isə içimdə tükənməz bir iztirab baş qaldırmışdı. Gözlərimi qutudan çəkə bilmirdim. Səkinə canlı insan kimi nəvazişlə oxşadığı şokolad qutusunu anamın hədiyyəsi ilə birlikdə digər hədiyyələrin yığıldığı masanın üzərinə qoyub dedi:

- Bura malı olmadığı o dəqiqə bilinir. Bizim dükanlarda belə şokolad qutusu görməmişəm.

Masanın üstündə içi konfetlə, şirniyyatla dolu ondan artıq qutu vardı. Birdən nə oldusa, ağlıma belə bir fikir gəldi: London şokoladlarının olduğu qutuya bir nişan qoymaq. Bununla həm mənim hədiyyəm digərlərininkindən seçiləcəkdi, həm də sevimli qutum məndən yadigar qalan bircə nöqtəni də olsa, özündə daşıyacaqdı. Çantamdan göz karandaşımı çıxarıb qutunun kənarına zilqara, yoğun hərflərlə imzamı atdım. Beləliklə də, bu, məni heyrətləndirən, içimi tərpədən qutuya son toxunuşum olacaqdı...

Aylar bir-birini əvəzlədi. Ad günüm yaxınlaşırdı. Anam:

- Yubileyindir, gərək restoranda qeyd edək. – dedi. – Sən öz rəfiqələrini, biz də atanla dost-tanışı çağırarıq.

Düzü, sevindim. Hər dəfə həyətimizdə bir məclis təşkil edəndə ikiqat əziyyətini çəkirdik. Yuyub-yığışdırmaq ən çox da anamla məni əldən salırdı. Ona görə də, restoran fikri ürəyimcə oldu. 

Səhər erkəndən qalxıb anamla geyim dükanları ələk-vələk edib hərəmizə qəşəng biçimli bir paltar aldıq. Anam kimi mən də yaxşı və zərif geyinməyi sevirəm. 

Nəhayət, ad günüm yetişdi. Məclis saat altıda başlamalı idi. Biz restoranın qırmızı məxmərli kreslolar qoyulmuş foyesinə açılan giriş qapısında gözləyib gələn qonaqları qarşıladıq. Geniş salonun pəncərələrindən qat-qat, dolğun, ağır pərdələr asılmışdı, çoxsaylı çıxıntıları olan iri çilçıraqdan sarı-qırmızı işıqlar səpələnirdi. Qonaqların hər biri əlində hədiyyə ilə gəlmişdi. Mən nəzakətlə onlara minnətdarlıq edib oturmaq üçün böyük dairəvi masaların arxasında yer göstərirdim. Birdən kimsə arxamda dayanıb əlləriylə gözlərimi qapadı. Geriyə dönəndə Londonda yaşayan, ilin bir ayını Bakıda keçirən rəfiqəm Səadətin gülər üzlə mənimlə üzbəsurət dayandığını gördüm. Sevinib onun boynunu qucaqladım, gəlişiylə məni məsud etdiyini söylədim. Səadət gümrah səslə dedi:

- Gör sənə nə gətirmişəm! Həqiqətən də, inanılması qeyri-mümkün olan bir işdir! Keçən ad günündə sənə gətirdiyim şokolad qutusu əl-əl gəzib, yenidən mənə qayıdıb. Əvvəlcə tərəddüd etdim, düşündüm ki, birdən kimsə şokoladları eynilə mənim kimi Londondan almış olar, amma qutunun arxasında sənin imzanı görəndə heç bir şübhə yeri qalmadı ki, bu, mənim sənə gətirdiyim hədiyyədir.

Rəfiqəm sellofan paketdən qutunu çıxardı. Bu, doğrudan da, həmin qutu idi. Üstündəki təsvirin cazibəli sehri əlbəəl gözə dəyirdi. Mən heyrət və məmnunluqla:

- Çox sağ ol, əzizim! – dedim. – Heç bilirsən, məni nə qədər sevindirdin?- Qollarımı onun boynuna doladım.

Fövqəladə dərəcədə sevincli idim. Sanki bir andaca gəncliyimin bütün həyatsevərliyi və coşqunluğu tam şəkildə özümə qayıtmışdı. Qutunu üsulluca açıb içindəki dördkünc biçimdə olan şokoladları gözdən keçirdim. Birini götürüb dadına baxdım. Köhnəlməmişdi, ləzzəti yerindəydi. Qalan şokoladları qonaqlara payladım. Hərarəti bir dəqiqə belə olsun səngiməyən məclis gecəyədək davam etdi.

Səhər açılan kimi boş şokolad qutusunu da götürüb şəkil çərçivələri satılan mağazaya üz tutdum. Gözəgəlimli naxışlarla işlənmiş bir çərçivə seçdim. Elə oradaca şəkli kəsdirib çərçivəyə saldırdım.

Soyuq olduğu qədər də sirli və ehtişamlı London küçəsinin təsviri olan şəkil hələ də otağımın divarını bəzəyir. Ona hər baxanda şokolad əhvalatını yadıma salıb gülümsünürəm. Əgər çox sevdiyin bir şeyi hansısa səbəbdən itirsən, gec-tez bumeranq kimi özünə qayıdacaq. Mənim şokolad qutum kimi...

Məlahət Hümmətqızı

Qafqaz. Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan Milli Dö
25/11/2024 - 20:07
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18
Nöqtələr...- İradə Əlili
13/11/2024 - 08:04