"Modern. az-ı" ölkəyə tanıtdıran ADAM... - Elman Eldaroğlu yazır

12/11/2024 - 15:55

 

 

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub, boya-başa çatıb. Hərbi xidməti başa vurandan sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun idarəetmə fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1998-ci ildə "Elita" qəzetində başlayıb. 2000-ci ildən sonra "Bu gün", "Yeni yüzil", "Xalq Cəbhəsi", "Cümhuriyyət", "Üç nöqtə", "Xəzər" qəzetlərində çalışıb. 2009-ci ildən Modern.az saytının redaktorudur... Deyir ki:- “Ötən əsrin 90-cı illərin ortalarında Azərbaycanda yeni müstəqil media orqanları yaranırdı. Mənim də yazı-pozuya həvəsim vardı. Əksər tələbələr kimi maddi sıxıntılarım olsa da, hər gün qəzet oxumadan keçinə bilmirdim. Oxuduğum Politologiya İnstitutunun tələbələri arasında o zaman ictimai-siyasi proseslərdə aktiv iştirak edənlər, mətbuat sahəsində çalışanlar çox idi. Mütamadi qəzet oxucusu kimi, mən də tələbə yoldaşlarımın vasitəsilə məqalələrimi ara-sıra mətbuat orqanlarında dərc etdirirdim.” Tələbəlik illəri çətin olur. O da təhsil almaqla yanaşı müxtəlif işlərdə çalışıb. Hətta tələbə olarkən müəllimliyə də işə düzəlib və bir il ərzində orta məktəbdə, sonra da internatda dərs deyib. Yaxşı müəllim kimi etimad qazansa da, görüb ki, müəllimlik onluq deyil, dərs deməyə hövsələsi çatmır və mətbuata üz tutub... “O zaman institutumuzdan mediaya bir axın var idi. Mən də qəzetlərdə iş axtaranda dostlardan biri çalışdığı "Elita" qəzetinə dəvət etdi. Onda həftəlik "Elita" ictimai-siyasi qəzet kimi az-çox tanınırdı. Başladım orada sosial yazar olaraq çalışmağa. Sonralar müxtəlif səbəblərdən bir neçə dəfə iş yerimi dəyişdim. Beləcə artıq 26 ildir bu sahədəyəm. Arada ixtisasıma uyğun başqa işlər də çıxdı, amma nədənsə jurnalistikada ilişib qaldım...”- söyləyir. Çox keçmir ki, bu işə olan sevgisi onu mükəmməl media işçisinə çevirir. Tezliklə ölkədə tanınan sayt rəhbərlərindən biri olur...Deyir ki:- “Çətinliklər həmişə, hər yerdə olur. Onlayn saytın işi elədir ki, daim gərgin rejimdə çalışmalı olursan, o da ki ola redaktorun işi. Oxucu xəbər, müsahibə, reportaj gözləyir. Bunu təmin etmək lazımdır. Modern.az "copy paste jurnalistikası" ilə məşğul deyil. Biz informasiya istehsal edirik, çalışırıq ki, oxucuya, hamının verdiyi gündəm xəbərləri ilə yanaşı, ondan da çox özəl materiallar təqdim edək. Bütün günü arı kimi işləməlisən. Modern.az fəaliyyətə başlayanda burada əsas iş mənim üzərimdə qurulmuşdu. Məndən mövzuların seçimi, materialları redaktə etmək, korrekturasına fikir vermək, sayta yerləşdirmək, şəkilləri yükləmək, eyni zamanda bunlarla yanaşı, həm də arada vaxt edib yazı yazmaq, operativliyi gözləmək, gündəmi əhatə etmək tələb olunurdu. İlk vaxtlar eyni vaxtda bir neçə işi yerinə yetirmək, sözsüz ki, zor idi. Amma saytı populyarlaşdırmaq üçün yığcam kollektivlə bu çətinliklərə dözməli olduq. Bu gərginlik indi də qalır. 2009-cu ilin sentyabrından Modern.az fəaliyyətə başlayıb, o vaxtdan indiyədək vaxt tapıb iki gün dalbadal dincələ bilməmişəm. Hətta bayramlarda da əməkdaşlarımız istirahətə gedəndə saytın işinə əsas cavabdeh kimi, mən həmin vaxtlarda, eyni zamanda bazar günlərində də işləməli oluram. Əvvəllər çalışdığım redaksiyalarda da bilirlər, xarakterim elədir ki, nə vaxtsa "xaltura" etməyə çalışmıram, işə məsuliyyətlə yanaşıram.” Mehriban adamdır. Rəhbərlik etdiyi kollektivdə böyük hörmət qaznıb. Müəlliflərlə ünsiyyətdə çox ciddidir... “Xeyli kənar müəllif saytımızla əməkdaşlıq edir, onların arasında jurnalistlər də var, mətbuatdan uzaq olan şəxslər də. Məsələn, deputatlar, QHT sədrləri də bəzən bizdə yazılar yazırlar. Əlbəttə, hamı qonorar üçün yazmır. Onlarla dil tapmaq vacibdir. Amma mənim işim həmin müəlliflərin yazılarına baxmaqdan, yeri gələndə redaktə etməkdən ibarətdir. İmza bolluğu var ki, bəzən müəllifin yazılarından imtina etməli oluruq. Məsələn, müxtəlif siyasi baxışlara malik kənar müəlliflər bəzən elə yazılar göndərib, saytda verilməsini xahiş edirlər ki, baxırsan onun məqaləsində ya hansısa iqtidar, ya da müxalifət funksioneri ilə bağlı təhqir elementləri var. Belə yazılar, jurnalistlərdən də, deputatlardan da, deputat köməkçilərindən də, QHT sədrlərindən də daxil olub. Amma biz onları ya redaktə etmişik, ya da verməmişik.”- söyləyir. İşin çoxluğundan, vaxtın azlığından xeyli zamandır ki, müəllifi olduğu yazılar saytda görünmür. Niyə arada sən də köşə yazıları yazmırsan ki, imzan itib-batmasın- deyə ona irad tutanlar da olur... Deyir ki:- “İnternet mediasında redaktor olmaq dayanmadan o qədər işləmək deməkdir ki... Ən müxtəlif mövzularda, müxtəlif üslublarda yazılmış məqalələri, bəzən də qarmaqarışıq xəbərləri redaktə etmək, press-relizləri "-mışdır; - müşdür" sonluqlarından təmizləmək, gündəmdən geri qalmamaq üçün digər elektron KİV-ləri izləmək yaradıcılığa mane olan şiddətli yorğunluq gətirir. Bir sözlə, çalışırıq ki, oxuculara xəbər, reportaj, araşdırma, müsahibə və digər janrlarda materiallar təqdim edək, gündəmi əhatə edək. Kənardan elə cəlbedici informasiyalar daxil olur ki, amma onları mötəbərliyinə inandığımız mənbəylə dəqiqləşdirmədən dərhal yazıb sayta yerləşdirmirik ki, bizi də mötəbər mənbə hesab edənləri xəyal qırıqlığına uğratmayaq.” Bəli, Modern. az saytı bu gün ölkənin ən aparıcı media layihələrindən, lider saytlardan biridir. Və bu liderliyi Modern az-a haqqında söhbət açdığım Əfan Qafarlı gətirib,onu ölkəyə tanıtdırıb... Bu günlərdə Əfqan Qafarlının növbəti ad günü olacaq. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayıram. Çox yaşasın!

Elman Eldaroğlu

Qafqaz.Media 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21
Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37