Məşhur telejurnalist Rusiyada axtarışa verilib - Karaulovun günahı nədir?

24/11/2022 - 15:15

Rusiya Daxili İşlər Nazirliyi telejurnalist Andrey Karaulovu axtarışa verib.

Qafqaz.media musavat.com-a istinadən xəbər verir ki, nazirliyin axtarış bazasında artıq onun adına rast gəlinir.

Qeyd edək ki, hələ bu ilin noyabr ayının  əvvəlində Kremlə ən yaxın oliqarxlardan biri hesab olunan, “Rostex” dövlət korporasiyasının rəhbəri Sergey Çemezova qarşı böhtanla bağlı cinayət işi üzrə Karaulovun Moskva vilayətindəki evində axtarış aparılmışdı.

Daxili İşlər Nazirliyinin məlumat bazasında şübhəlilərin hansı iş üzrə axtarışa verildiyi göstərilmir. Bununla belə, əgər söhbət Çemezov işindən gedirsə, jurnalist kanallardan birində dediklərinə görə təqib edilir. Söhbət onun “YouTube” (xidmətin administrasiyası tərəfindən bloklanıb) və Telegram-kanallarında Çemezova qarşı ittihamlarından gedir. Burada teleaparıcı “Rostex”in dövlətin 1,3 trilyon rubl ayırdığı halda hansı səbəbdən 25 zibil emalı zavodunu tikmədiyini xəbər alıb.

Xatırladaq ki, Sergey Çemezov SSRİ dövründə DTK-nın Almaniyanın Drezden şəhərindəki rezidenturasında Rusiya prezidenti Vladimir Putinlə bərabər çalışıb. Putinin hakimiyyəti dövründə “Rostex” kimi ölkənin ən böyük hərbi-sənaye komplekslərindən birinin başına gətirilən və oliqarxa çevrilən Sergey Çemezov Rusiyada mediaya qarşı xüsusi “münasibəti” ilə seçilir. Onun əli ilə ölkədə bir çox jurnalist və hətta siyasətçi müxtəlif təqiblərə məruz qoyulur.

Avqust ayında Moskvanın Kuzminski rayon məhkəməsi jurnalist Aleksandr Bayazitov, PR texnoloqları Olqa Arxarova və İnna Çurilovu həbs edib. Media onların həbsinin Çemezovla bağlı olduğunu yazır

Bu ilin payızında Çemezovu şantaj etməkdə ittiham olunan, "Ostorojno Media" media holdinqinin kommersiya direktoru Kirill Suxanov, "Tatler" jurnalının rus versiyasının keçmiş baş redaktoru Kirill Romanovski və "Life" jurnalının keçmiş köşə yazarı Tamerlan Bigayev həbs edilib.

Suxanovun həbs olunduğu gün “Ostorojno Media”nın sahibi Kseniya Sobçakın evində axtarışlar aparılıb. O, ölkəni tərk edib. Sobçak geri döndükdən sonra, mətbuatın məlumatına görə, öncə “Rostex”in ofisinə gəlib və öz teleqram-kanalında Çemezovdan açıq şəkildə üzr istəyib.