“Narkomaniyaya qarşı mübarizə kampaniyası sistemli şəkildə aparılmalıdır” – SEKTOR MÜDİRİ
Azad Quliyev: “Əlaqədar təşkilatlar bir hədəfə vurmalı, tədbir xatirinə tədbir keçirmək yox, kompleks halda məqsədyönlü işlər görülməlidir”
"Yeniyetmə və gənclərimizi narkomaniyadan qorumaq üçün bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar, insan sağlamlığına vurduğu zərərlər haqda maarifləndirmə işləri aparmaq, yeniyetmə və gənclərimi bu prosesə aktiv şəkildə cəlb etmək lazımdır”.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin Gənclər və idman sektorunun müdiri Azad Quliyev bildirib. Onun fikrincə, maarrifləndirmə işləri ilə yanaşı, rəsmi qurumlar narkotik əleyhinə ciddi tədbirlər görməlidir:
“Ən əsası, anti-narkotizm tədbirləri görülməlidir. Yəni yeniyetmələr narkotikin ziyanları, mənəvi, fizioloji, psixoloji təsirləri barədə maarifləndirilməlidir. Digər tərəfdən, hüquq mühafizə orqanları, ictimai təşkilatlar bu sahəni diqqət mərkəzində saxlamalıdırlar. Eyni zamanda, dövlətimiz narkotik asılılığından əziyyət çəkən xəstələrin müalicəsinə daha həssas yanaşmalı, həmişə öz qayğısını göstərməlidir. Çünki, narkomaniya xəstəlik olmaqla yanaşı, eyni zamanda cəmiyyət üçün ümumi bir sosial bəladır. Odur ki, bu bəlaya qarşı hamı birgə mübarizə aparmalıdır”.
A.Quliyevin qənaətincə, valideynlər də diqqətli olmalıdırlar ki, övladları narkomaniyaya qurşanmasınlar:
“Çox əfsuslar olsun ki, narkotikə qurşananların əksəriyyəti yeniyetmə və gənclərdir. Bu, böyük bir faciədir. Mən deyərdim ki, gənclər təcrübəsizlikdən narkomaniyaya qoşulur və valideynlərinin bundan xəbəri olmur. Ona görə də valideyn istər ali məktəbdə, istər də orta məktəbdə övladının davamiyyətinə nəzarət etməlidir. Yeniyetmələrin fəaliyyəti daim diqqət mərkəzində olmalıdır ki, həssas dövrü ziyansız keçirə bilsinlər”.
Həmsöhbətimiz deyir ki, hazırda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri qənaətbəxş deyil:
“Əfsuslar olsun ki, narkotizmlə mübarizə tədbirlərinin səmərəsi hələ də qənaətbəxş deyil. Ona görə, təbliğat işi, ən başlıcası isə dövlət qurumlarının, hüquq mühafizə orqanlarının birgə işi olmalıdır. Ən əsası, hər şeyə peşəkar yanaşılmalıdır. Narkomaniyaya qarşı mübarizə kampaniyası sistemli şəkildə aparılmalı, əlaqədar təşkilatlar bir hədəfə vurmalı, tədbir xatirinə tədbir yox, kompleks halda məqsədyönlü tədbirlər görülməlidir. Eyni zamanda, ictimai nəzarət də güclü olmalıdır”.
Azad Quliyev hesab edir ki, narkomaniyaya qarşı mübarizədə tanınmış, nüfuzu adamların dəstəyindən də faydalanmaq lazımdır:
“Cəmiyyətdə nüfuz qazanmış, söz sahibi olan insanların narkomaniya əleyhinə tədbirlərdə fəal iştirak etməsi müəyyən nəticə verə bilər. Qeyd etdiyim kimi, narkomaniyanın qarşısının alınmasının ən başlıca yolu maarifləndirmədir. Bununla paralel olaraq, anti-narkotizm tədbirləri görülməlidir. Yəni yeniyetmələr onun ziyanları, mənəvi, fizoloji, psixoloji təsirləri barədə lap erkən yaşlarından maarifləndirilməlidir. İkincisi, hüquq mühafizə orqanları ilə yanaşı, təhsil müəssisələri və ailələr də bu sahədə ciddi məşğul olmalıdır”.
A.Quliyevin sözlərinə görə, narkomanların müalicəsində psixoloji faktorun da böyük rolu var:
“Amma birinci növbədə yeniyetmələr narkomaniyanın ziyanları, mənəvi, fizoloji, psixoloji təsirləri barədə maarifləndirilməli, ailələri ilə sıx təmas qurulmalıdır”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az