NAXÇIVAN POLİSİNƏ BAKIDAN YENİ RƏİS GÖNDƏRİLDİ - Sabahdan vəzifəsinin icrasına başlayacaq / Foto, Yeniləndi

27/12/2022 - 23:29

Xeyli vaxtdır gözlənildiyi kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb. 

“AzPolitika.info”-ya mötəbər mənbədən daxil olan məlumata görə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub. 

S.Nemətov sabahdan etibarən yeni vəzifəsinin icrasına başlayacaq. 

Mənbənin bildirdiyinə görə, S.Nemətov Naxçıvana tək getməyib. Onunla birlikdə Naxçıvan polisində yüksək vəzifələri tutacaq 5-6 nəfər də MR-ə yollanıb.

Əslən Babək rayonunun Nehrəm kəndindən olan S.Nemətov Suraxanı polisindən əvvəl Quba polisinə rəhbərlik edib. 

DİN sistemindəki mənbələrin bildirdiyinə görə, nazir Vilayət Eyvazovun etimad göstərdiyi polis zabitlərindəndir. 

S.Nemətovun Suraxanı rayonu ərazisindəki narkomafiyaya qarşı amansız davrandığı və bu istiqamətdə ciddi uğurlar qazandığı bildirilir. 

*** 22:47

NAXÇIVANDA DİN LƏĞV OLUNUR - Əvəzinə yeni qurum yaradılacaq...

Naxçıvanda son günlər aparılan bir sıra islahatlar çərçivəsində Muxtar Respublika ilə bağlı sabah daha bir yeni qərara imza atılacağı gözlənilir.

Bu, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ləğvi ilə bağlıdır.

Artıq bununla bağlı müvafiq tapşırıqların verildiyi bildirilir. Belə ki, Naxçıvan DİN-in əvəzinə Azərbaycan DİN-in tabeliyində Naxçıvan Baş Polis İdarəsi yaradılacaq.

İdarəyə kimin rəis təyin olunacağına da aydınlıq gəlib. Əldə etdiyimiz məlumata görə, bu postun Suraxanı rayon Polis İdarəsinin rəisi, polis polkovniki Süleyman Nemətova həvalə olunacağı gözlənilir.

Qeyd edək kii, Süleyman Nemətov Suraxanıdan əvvəl Sumqayıtda polis rəisinin müavini, Qubada isə rəis kimi fəaliyyət göstərib.

Xatırladaq ki, son bir ayda Naxçıvanın həm Dövlət Təhlükəsizliyi Xidməti (DTX), həm də Dövlət Gömrük Komitəsi ləğv edilərək müvafiq olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi və Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb./Qafqazinfo