"Oğlanlarımızı itirsək də, bu, şərəfli itkidir" - Xudayarın anası Modern.az-a DANIŞDI

27/09/2024 - 12:20

Bu gün Qarabağın azad edildiyi 44 günlük Vətən Müharibəsinin dördüncü il dönümüdür. Topraqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin İkinci Fəxri Xiyabanda məzarları ziyarət olunur. Şəhidlərin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, eləcə də şəhər sakinləri xiyabana gələrək onların xatirəsini hörmətlə yad edir, məzarları önünə gül və əklil qoyurlar. Heç şübhəsiz ki, şəhidlərlə yanaşı onları böyüdən, vətənpərvər və igid yetişdirən anaların zəhməti danılmazdır. Modern.az 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan şəhidlərin anaları ilə əlaqə saxlayıb. Saytımıza açıqlamasında şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova bildirib ki, məhz bu gün sayəsində həm torpaqlar azad edilib, həm də Xocalının qisası alınıb: "Bu gün Vətən müharibəsinin başlandığı ilk tarixdir. Bizim üçün ağır olsa da, oğlanlarımızı itirsək də, bu, şərəfli itkidir. Oğlanlarımız tək öz evi üçün yox, bütün el-oba üçün döyüşüb. Başda generalımız Polad Həşimov olmaqla, Allah bütün şəhidlərimizə rəhmət etsin. Bu müharibənin başlanması ilə onlar həm Birinci Qarabağ Müharibəsində şəhid olmuş qardaşlarımızın, həm də Xocalının qisasını aldılar. Bu döyüşün başlanılması ilə torpaqlarımız işğaldan azad edilib. Bu günü mən Azərbaycanın azad olunmasının başlanğıc günü kimi görürəm".

R.Qurbanova bir daha ermənilərin torpaqlarımıza göz dikməsinin qarşısını almaq üçün ordumuza Allahdan güc-qüvvət arzulayıb:"Allah bütün şəhid balalarımızın ruhunu şad eləsin, qazilərimizə şəfa versin. Hazırda ölkəmizi qoruyan hərbçilərimizə Allah cansağlığı versin. Allah bu gənclərimizə elə güc-qüvvət bəxş etsin ki, onlar bir də erməni xislətnin, nəfəsinin Azərbaycan torpaqlarına dəyməsinə imkan verməsinlər. Ermənilərə imkan verməsinlər ki, torpaqlarımıza bir daha yan gözlə belə baxsınlar".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kamala Mahmudova vəfat etdi
27/09/2024 - 10:06