Ötən günlərimi qaytaraydılar...- Fuad Biləsuvarlı yazır
Akif İslamzadə - 76
Bu gün canlı çıxışlarına çoxlarının həsrət qaldığı Akif İslamzadə böyük səhnəyə 12 yaşında yol açıb.
Bəlkə də, bu yaşda lap ondan da erkən yaşlarda , musiqi istedadı ilə fərqlənənlər olub.
Ancaq Akif İslamzadənin 12 yaşındakının ifasının ən maraqlı cəhəti odur ki, bəstəkar Ağabacı Rzayevanın bəstələdiyi və oxuduğu "Çoban Qara" mahnısı bu günədək Azərbaycan radiosunun qızıl fondunda qorunub saxlanılır.
12 yaş hər hansı bir mahnını peşəkarcasına ifa etmək üçün çox erkən bir yaş dövrüdür. Bəs bunu Akif İslamzadə necə bacarıb?!
"Çoban Qara" mahnısı məşhur çoban Qara Haqverdiyevə həsr olunub.
Həzin, ürəyəyatan musiqisi var. Xatırlayıram ki, bizim orta məktəb illərində " Ana dili" dərsliyində həmin şeir də yer almışdı. Və nəğmə dərslərində biz də o mahnını oxuyurduq.
Mən bu sətirləri qələmə alanda internet vasitəsilə Akif İslamzadənin ifasında o, mahnıya bir də qulaq asdım.
Yəqin ki, bu lent yazısı Akif İslamzadənin 12 yaşındakı lent yazısı deyildi. Sevimli müğənni sənətin sonrakı dönəmlərində də bu mahnıya müraciət etmişdi. Düzü, Akif İslamzadənin ifasında həmin mahnı o qədər şirin, ecazkar səslənirdi ki, mən o, mahnını sanki yenidən kəşf etdim.
Akif İslamzadə erkən yaşlarından musiqi ilə məşğul olsa da, musiqi sənətini seçməmişdi. Azərbaycan Xalq Təsərrüfatı İnstitunu ( indiki İqtisadiyyat Universitetini bitirmişdi. Ancaq həyat göstərdi ki, o, musiqidən kənar qala bilməzdi. Azərbaycanın Xalq artisti sevimli, xanəndəmiz Sara xanım Qədimovanın ailəsinin ilk övladı olan Akif İslamzadə gözünü açandan özünü musiqi beşiyində, tanınmış musiqiçilər, müğənnilər arasında görmüşdü. Bu da onun musiqiçi kimi yetişməsində əvəzsiz rol oynamışdı.
Akif İslamzadə 120-dən çox mahnının ifaçısıdır. Bu gün Akif İslamzadənin vaxtı ilə oxuduğu, həm də təkcə oxumadığı, möhürünü vurduğu mahnıları telekanallarda, radio dalğalarında dinlədikcə, onlara sakit qulaq asmaq olmur. Bir-birindən maraqlı ifalar, şirin yaraşıqlı səs tembiri dinləyicisini ovsunlayır, ruhunu oxşayır. Akif İslamzadənin ifasında "Çoban Qara", " Gəl gedək bizim dağlara", "Küsməyək", "Neyləyim", " Qurban verərdim", " Alagözlüm", "Sarı gəlin", "Bacara bilsən", " Bu gecə", " Bura vətəndir", " Hər şey gözəldi həyatda" mahnılarını dinlədikcə, dinləmək istəyirsən.
Müğənni yüzdən çox belə mahnıya öz təkrarolunmaz, ecazkar səsiylə xüsusi şirinlik gətirmişdir.
Musiqiçi kimi fəaliyyəti Rəşid Behbudov adına Azərbaycan Mahnı Teatrındakı Azərbaycan Radio və Televiziyasının Tofiq Əhmədov adına orkestrindəki Azərbaycan Konsert birliyindən keçən Akif İslamzadə əsl tapıntı idi.
1992- 1993- cu illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinə rəhbərlik etmişdi.
Akif İslamzadə musiqi sənəti sahəsindəki xidmətlərinə görə Prezident mükafatı laureatı olmuş, 2019-cü ildən Azərbaycan Prezidentinin fərdi təqaüdçüsüdür.
14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadə adına küçələr var.
Bəzən həyatın gözlənilməz, acı zərbələri olur. İllər əvvəl, 1986 - ci ildə sevilən müğənninin səs tellərinin tutulması Akif İslamzadə pərəstişkarlarını çox məyus etmişdir. Ancaq, nə yaxşı ki, onun ifasında vaxtı ilə sevilən mahnılar lent yazılarında qorunub saxlanılır.
Bu gün 8 avqustda Akif İslamzadə 76 yaşını qeyd edir. O, şirin səs isə həmişə qulaqlarımızdadır.
Qeydlərimi yekunlaşdırırkən, yadıma ömrün müdrik çağını yaşayan müğənninin vaxtı ilə oxuduğu mahnıdan sətirlər düşdü:
- Ötən günlərimi qaytaraydılar,
Gələn günlərimi qurban verərdim...
Hazırladı: Fuad BİLƏSUVARLI, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident mükafatçısı, Cəsarətli qələm mükafatçısı
Qafqaz.Media
Sənətkarın şəxsi youtube kanalı
[media=https://youtube.com/@akifislamzada]