Pantomima Teatrının sabiq əməkdaşı 332 min manatı ödəmək üçün məhkəmədən vaxt istəyib

13/05/2024 - 10:29

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq əməkdaşı Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müttəhimin vəkili dəymiş ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.

Vəkil deyib ki, müəyyən illərdə A.Kərimovaya əməkhaqqı ödənilməyib. İstintaq orqanı da həmin məbləği mənimsənilmiş məbləğ kimi qeyd edib. O, dəymiş ziyanın ödənilməsi üçün bir ay vaxt istəyib. Məhkəmə üç həftə vaxt verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, daha sonra müttəhimə qarşı irəli sürülmüş 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ləğv olunub.

İttihama görə, A.Kərimova mühasib vəzifəsini icra etdiyi müddətdə həmin teatrda müxtəlif vasitələrlə ümumilikdə 332 000 manat məbləğində pul vəsaitini mənimsəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18