Polad Həşimovun xanımı: "Söyləyirlər ki, nəyə görə soyadı fərqlidir..."

10/10/2024 - 07:11

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini bölüşüb. Modern.az-ın məlumatına görə, o, generalla ilk tanışlıqlarından söz açıb . “Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək tanımamışam onu. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyümüşdü. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də bildirdilər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər.  İndiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad Həşimov bir dəfə kənddə toya gələndə məni görübmüş. Ancaq adımı, kimin qızı olduğumu öyrənməyə macal tapmadan hərbi hissəyə qayıdıbmış. Biz görüşəndə o bildi ki, elə toyda gördüyü həmin qızam. Mən isə ilk baxışdan diqqət etdim ki, dövrünün gənclərindən çox seçilir... İyirmi səkkiz yaşı vardı", - Ofelya xanım rəsmi dövlət qəzetinə müsahibəsində deyib. Polad Həşimovun yoldaşı qeyd edir ki, çox çətinliklərdən keçən insanlar yaşıdlarından daha yetkin olurlar:"Onun da dünyagörüşü, danışığı, həyata baxışı, fikirləri çox fərqli idi. Mən də magistraturada ikinci kursda oxuyurdum, iyirmi üç yaşındaydım, artıq həyata öz baxışım, öz yanaşmam vardı. O görüş, bizim qarşılaşmağımız təsadüf ola bilməzdi. Ümumiyyətlə, təsadüflərə heç vaxt inanmamışam. Həmişə deyirəm ki, o dağın başında, mən kitabxanada... Məni necə görə bilərdi? Demək ki, Allah istəyincə olur. Gül alsın, qızın xoşuna gələn sözlər deməyə çalışsın... Yox... İkinci dəfədir məni görür, elə danışır, sanki dünən ayrılmışıq: “Gəncəyə gəlmişdim, dedim, bir gəlim səni də görüm. Hə, necəsən?” On-on beş dəqiqə söhbət etdik. Gümüş bir üzük uzatdı mənə: “Gör barmağına olur bu üzük?”, - dedi və getdi. Sanki mənə evlilik təklifi edib, “hə” cavabı alıb, qalıb üzük verməyi. Onun ardınca baxa-baxa qaldım. Sonra məni gülmək tutdu. Öz-özümə dedim ki, bu, əsl mən istədiyim insandır... Sanki zaman içində zaman yaratmalı idi Polad. O uzunluqda yollardan keçib gəlməli, məni görməliydi. Və vaxtında hərbi hissədə olmalıydı. Bunların hamısını edə bilmişdi... Bir-iki aydan sonra nişanlandıq” - Ofelya xanım qeyd edib. Ofelya Salmanova soyadı ilə bağlı suala belə cavab verib: “Nikah mərasimində bu sual veriləndə Polad məndən əvvəl cavab verdi: “Yox, dəyişməyəcək. Onun öz soyadı öz adına daha çox yaraşır. Onsuz da o, bir ömür mənim həyat yoldaşım olacaq”. “Sanki bununla dedi ki, mən sənin sahib olduqlarına hörmət edəcəyəm, - Polad Həşimovun ozamankı qərarı barədə Ofelya xanım belə düşünür. - Bu gün eşidirəm, söyləyirlər ki, nəyə görə soyadı fərqlidir.Hətta “Polad Həşimovun soyadına keçin”, deyənlər var. Cavab verirəm ki, soyadım mənə iki nəfərdən - atamdan və həyat yoldaşımdan yadigardır. Çünki Salmanova ata soyadımdır, həyat yoldaşım onu dəyişməyə qoymadı. İndi soyadına keçsəm, sözündən çıxmış olacağam. Dedi, dəyişmə, mən də dəyişmədim. İkincisi, onun soyadından istifadə etmiş kimi olacağam. Elə bir məqamlar ola bilər, qoşa soyadla - Həşimova-Salmanova kimi yaza bilərəm...

                                            Modern.az

     

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Sabah qar yağacaq
    16/11/2024 - 13:01
    Bu xanımlara vəzifə verildi
    16/11/2024 - 13:00
    Sabiq prokuror vəfat etdi
    14/11/2024 - 13:21