Priqojinin vəsiyyəti açıqlandı - Bütün sərvətini bu şəxsə buraxıb

01/10/2023 - 09:04

İnternetdə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin vəsiyyətnaməsinin surəti yayılıb. 

UNİAN xəbər verir ki, onun mətni mənbələrdən alınan məlumatları təsdiqləyir.

Məlumdur ki, Priqojinin üç övladı var - oğlu Pavel (18.06.1998-ci il təvəllüdlü), qızları Polina (1992-ci il təvəllüdlü) və Veronika (2005-ci il təvəllüdlü). Vəsiyyətnamənin mətninə əsasən, «Vaqner» lideri bütün əmlakını oğlu Pavel Priqojinə buraxıb.

Mənbənin sözlərinə görə, 25 yaşlı Pavel «Vaqner» şirkətinin təhlükəsizlik xidmətinin yeni rəhbəri Mixail Vataninin güclü təsiri altındadır.

Rusiya mətbuatındakı məlumatlara görə, Yevgeni Priqojin 52 yaşlı Lyubov Priqojina ilə evli olub. Cütlüyün üç övladı var. Yevgeni Priqojinin geniş biznes imperiyasında bütün ailə üzvlərinin öz rolu var.

Böyük uşaq olan Pavel, Sankt-Peterburqdakı Sinopskaya sahilindəki böyük biznes mərkəzinin və “Lakhta Park” və “Lakhta Plaza” şirkətlərinin sahibidir. Priqojinin özünün dediyinə görə, Pavel Suriyada döyüşüb və digər muzdlular kimi daim qaynar nöqtələrdə olub.

Əvvəllər iş adamının potensial varisi adlandırılan da məhz Pavel idi. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada, İsveçrə, Avstraliya, Yaponiya, Yeni Zelandiya və Ukrayna tərəfindən Pavel Priqojinə qarşı sanksiyalar tətbiq edilib.