“Putin Saakaşvilini və Navalnını öldürməkdə qərarlıdır” – “İvanişvilinin başqa seçimi yoxdur...”

16/02/2023 - 20:45

Avropa Parlamenti “Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə bağlı vəziyyət haqqında” qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən Saakaşvilinin dərhal azad edilməsi və xaricdə müalicə olunmasına icazə verilməsi tələb olunur.

Qətnamənin lehinə 577 deputat səs verib, 26-sı bitərəf qalıb, 33 deputat isə əlehinə səs verib.

Avropa Parlamentinin deputatları həmçinin Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqinin zəruriliyi ilə bağlı düzəlişi də təsdiqləyiblər. Avropalı parlamentarlar hesab edir ki, Saakaşvilinin həbsdə saxlanılması oliqarx Bidzina İvanişvilinin şəxsi intiqamının nəticəsidir.

Gürcüstanda iqtidarda olan “Gürcü arzusu”nun baş katibi, Tbilisinin meri Kaxa Kaladze Avropa Parlamentinin qətnaməsini heç bir dəyəri olmayan kağız adlandırıb.

Politoloq Xəqani Cəfərli bildirir ki, Saakaşvilinin həbsdə ölümə tərk edilməsi Gürüstanın Avropa İttifaqı və NATO-ya intiqrasiyasında ciddi maneəyə çevrilsə də, “Gürcü arzusu” iqtidarı bütün təzyiqlərə baxmayaraq geri addım atmır.

“Rusiyanın Ukraynada qalib olmayacağının, Putinin gələcəyinin çox qaranlıq göründüyü və milyader Bidzina İvanişviliyə qarşı sanksiyalara çağrışların artdığı bir zamanda “Gürcü arzusu”nun Saakaşviliyə münasibətdə güzəştdə getməməsi sual doğrur”, - o əlavə edib.

Gürcüstan hökuməti nə üçün güzəştə getmək istəmir?

Ekspert yəhudi əsilli rusiyalı iş adamı və ictimai xadim, “YUKOS” neft şirkətinin və Rusiya Yəhudilləri Konqressinin keçmiş rəhbəri Leonid Nevzlin fikirlərinə diqqət çəkir: “Nevzilin hesab edir ki, Bidzina İvanişvilinin başqa seçimi yoxdur. O, bilir ki, Saakaşvilinin ölkəni tərk etməsinə və xaricdə müalicəyə getməsinə icazə versə, onun özü öldürüləcək. Nevzilin hesab edir ki, İvanişvili belə bir dilema qarşısındadır: Öldür, ya da öl. Putinin Bidzina İvanişvilini böyük oğlu, Rusiyadakı “Unicor” Management Company Məhdud Məsuliyyətli Cəmiyyətin sahibi olan Uta İvanişvilinin həyatı ilə təhdid edildiyi də istisna deyil. Rusiya Xarici İşlər Nazirinin keçmiş müavini, diplomat Georgi Kunadze Saakaşvilinin üzləşdiyi vəziyyəti Putinin Saakaşviliyə dərin nifrət bəsləməsi ilə izah edir.

Rusiyalı hüquqşünas, videobloger Mark Feygin bildirir ki, Putin iki nəfəri, Mixail Saakaşvili və Aleksey Navalnını öldürməkdə qərarlıdır. Mark Feygin iddia edir ki, Putin sıralamasına görə öncə Saakaşvili, daha sonra Navalnı ölməlidir”.