PUTİNİN “GÖZƏ KÜL ÜFÜRƏN” YENİ TƏHDİDLƏRİ... - Və Rusiya cəmiyyətinin ona verməli olduğu suallar

16/09/2024 - 22:09

Qərbin aparıcı dövlətlərinin Ukraynaya verdikləri uzaq mənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə vurulmasına qoyulmuş qadağanın götürülməsini müzakirəyə çıxarmaları Kremldə ciddi gərginlik və narahatlıq yardıb.Qərb liderləri deyirlər ki, Rusiya Ukraynaya qarşı amansız müharibə aparır və ixtiyarında olan bütün növ silahlarla bu ölkənin mülki infrastruktur obyektlərinə zərbələr vurur. Həm də raket hücumları zamanı dinc insanlar öldürülür, şəhərlər xarabaya çevrilir. Bu halda , nəyə görə Ukrayna hansısa səbəbdən Rusiyaya anoloji raket zərbələri vura bilməz? Bunun cavabı varmı? Məgər Rusiyanın Ukraynaya qarşı öz təcavüzünü “Xüsusi Hərbi Əməliyyat” adlandırması bunun müharibə olmadığı anlamınamı gəlir? Rusiyanın geniş miqyaslı təcavüzə “Xüsusi Hərbi Əməliyyat” adı verməsi dünya tarixində görünməyən bir hadisədir. Beləliklə, görürük ki, Rusiyada müharibə sözü yeni neologizmlə əvəzlənib. Necə ki, Rusiya televiziya kanallarında “Kursk vilayəti Ukrayna ordusu tərəfindən işğal olunub” ifadəsinə yer verlimir. Buna “ərazi qeyri-müəyyənliyi” adını qoyublar. Əgər “işğal” və ya “zəbt” kəlmələri işlənsə, onda gərək Rusiyanın Ukraynadakı ərazi təcavüzü də işğal adlandırılsın. Rusiya ordusunun mətbuat xidmətinin məlumatına görə, onlar Ukraynanın bütün dronlarını vururlar, lakin bu dronların qalıqları nədənsə daim gəlib mühüm strateji obyektlərin üzərinə düşür və nəticədə “tüstülənmə” baş verir. Çünki “yanğın” sözünün istifadəsinə qadağa qoyulub. Hətta verilişlərinin birində Vladimir Solovyov qəzəblə deyib ki, bəsdir yalan danışdınız, hər şeyi olduğu kimi söyləyin və dronları elə yerdə vurun ki, obyektlərin üstünə düşməsin.

Rusiyada reallığı gizlətmək üçün sözlər üzərində necə oyunbazlıq edilirsə, elə “qırmızı cızgi” xəbərdarlığı ilə də anoloji hal yaşanır. Ukraynanın ballistik və qanadlı raketlərlə Rusiya ərazisini vurması ehtimalı ilə bağlı Vladimir Putin NATO-nu təhdid edərək deyib ki, əgər bu baş verərsə, adekvat tədbirlər görüləcək. Görəsən, hansı tədbirlərdən söhbət gedir? O, həmçinin deyib ki, ukraynalıların bu silahlardan istifadə etmək bacarıqları yoxdur. Bu raketlərin uçuşunu NATO hərbçiləri idarə edəcəklər. Yaxşı, bəs Rusiya Ukraynadan elmi-texniki və hərbi baxımdan qat-qat zəif olan ölkələrə, məsələn, Ermənistana niyə “İskəndər” ballistik raketlərini verib? Onda Putin niyə ermənilərə demirdi ki, sizin bu silahdan istfadə etmək bacarığınız yoxdur. Onda belə çıxır ki, Azərbyacan ərazisinə raketləri ermənilər yox, rus hərbçiləri atıb! Digər tərəfdən, Belarusa verilən taktiki nüvə silahının kimə məxusus olması sualı meydana gəlir. Putin bu sözləri ilə həmçinin, Ukrayna ordusunun döyüş qabiliyyətini inkar etməyə cəhd göstərir. Dünyanın “ikinci ən güclü ordusu” əfsanəsinin puça çıxdığını görən Putin demək istəyir ki, biz Ukrayna ordusu ilə yox, NATO ilə döyüşürük. Hazırda Rusiya televizya kanallarında əhalinin başnı yeni üsullarla aldatmağa çalışırlar. Guya ki, Kursk ərazisini ukraynalılar yox, fransızlar gəlib alıblar. Putinin təhdidinin arxasında nə dayanır? Yoxsa o, sadəcə blef edir? Rusiyanın ixtiyarında nüvə silahı var, onu da SSRİ-nin hesabına əldə ediblər. İndi dünyanı təhdid etmək istəyirlər ki, biz Ukraynaya taktiki nüvə silahı atacağıq. Ancaq bu, elə ilk növbədə Rusiya üçün fəlakət perspektivinin qapısını açar. Kremldə başa düşürlərmi ki, demoqrafik, iqtisadi, texnoloji və hərbi resurs cəhətdən özündən bir neçə dəfə zəif olan Ukrayna ilə müharibədə nəhəng Rusiya qarşıya qoyduğu tapşırığı həll edə bilmir? Belə təəssürat yaranır ki, Rusiya hakim elitasında Ukraynaya niyə qalib gələ bilmədiklərini əvvəla soruşan, sonra isə onu ağıllı analiz edən heç kim yoxdur. Elə cəmiyyət də həmin kökdədir.

Rusiya təbliğat ruporunun “bayrakdarı” sayılan Vladimir Solovyovun verilişlərində plürializm imitasiyası yaradılır və hərdən epizodik olaraq bu məsələyə toxunulur. Lakin bu tip verilişlərdəki başlıca məqsəd insanları kütləşdirmək, onları bir-birilə təzad təşkil edən müxtəlif absurd fikirlər arasında azdırmaq, əsl səbəbi gizlətməkdən ibarətdir. Real faktların ört-basdır edilməsi artıq mümkün olmayanda yalan və hiyləylə yoğrulmuş tənqidi ideyalar ortaya atılır. Həmin təndiqlər isə rasional nəzərləri hədəfdən yayındırmağa xidmət edir və aşağıdakı suallar qətiyyən hədəf taxtasına çıxarılmır, onlara tabu qoyulur. Birincisi, Rusiya ordusunun yüngül gəzinti hesab etdiyi Ukraynaya hücum və Kiyevi üç gün ərzində ələ keçirmək əməliyyatı ideyası kimə məxsus idi? Əlbəttə, Vladimir Putinə. Deyilə bilərlər ki, FSB və hərbi kəşfiyyat düzgün məlumat verməyiblər, ”lideri aldadıblar”. Yaxşı, bəs lideri konkret kimlər aldadıb? O, niyə bu şəxslərə qarşı tədbir görmədi? Həm də bu necə liderdir ki, onu strateji məsələlərdə daim aldada bilirlər? Putin özü deyib ki, Qərb bizi həmişə aldadıb.. İkicisi, tutalım Kiyevin blitskriqlə işğalı mümükün olmadı və Kreml taktikanı dəyişdi, nəticədə yeni taktika hazırlandı. Axı, Kreml rəhbəri sonrakı müddətdə dəfələrlə “hər şey dəqiq plan və qrafik üzrə gedir” deyirdi. Bəs, həmin plana və qrafikə nə oldu, pozuldumu? Üçüncüsü, müharibənin uzanması halında Qərbin Ukraynaya tədricən daha güclü silahlar və nəhayət, uzaqmənzilli raketlər verəcəyini Kremldə nəzərə alıblarmı? Əlbəttə, sarkastik sualların siyahısını uzatmaq olar. Bəllidir ki, Rusiya hakimiyyət olimpinə dırmaşanlar böyük strateqlər deyillər və onlar müharibənin xarakterinin dəyişəcəyini hesablaya bilməzdilər. Bəlkə də Rusiya hakimiyyəti müharibəylə bağlı strategiyasında Qərbin Ukraynaya ballistik və qanadlı raket verəcəyini nəzərdə tutmayıb. Çox böyük ehtimalla Vladimir Putin Ukraynanın dron istehsalında bu dərəcədə tərəqqiyə nail olacağını da ağlına gətirməyib. Rusiyanın bütün bu səs-küyünə, şivən qoparmasına paralel olaraq, ABŞ və Avropa Ukraynaya hələ ki, uzaqmənzilli raketlərdən istifadəyə icazə vermir. Lakin gec-tez bu silahlardan Rusiya ərazisnə zərbəyə razılıq veriləcək. Qərbin böyük dövlətləri ilk öncə irəliyə kiçik ölkələri buraxırlar, sonra isə arxadan özləri yavaş-yavaş gəlirlər. Niderland Ukraynaya verdiyi “F-16” qırıcılarının uçuş və zərbə məsafəsinə hər hansı məhdudiyyət qoymadığını bəyan edib. İsveç də Ukraynaya 440 milyon dollar həcmində yardım zərfi elan edib. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, İsveçin elan etdiyi yardım zərfi içərisində İsveç istehsalı olan “JAS-39 Gripen” döyüş təyyarələrinin Ukraynada yerləşdirilməsi üçün nəzərdə tutulan avadanlıqlar da yer alır.

Digər yandan, Qərb rəsmiləri Rusiya ilə bağlı açıqlamalrında eyni metoddan istifadə edirlər. İfadələrinin sərtliyini tədricən artırırlar. Məsələn, Britaniya Xarici İşlər naziri Devid Lemminin sözləri buna nümunədir. O, deyib: “Putin gözə kül üfürür. O, boşboğazlıq edir və bu, onun davranış tərzidir. O, tanklar, raketlər və nüvə silahı ilə təhdid edir. Digər ölkələrə soxulmaq istəyən imperialist faşist bizi tutduğumuz kursdan sapdıra bilməz. Əgər biz ona Ukrayna ilə istədiyini etməyə imkan versək, inanın ki, o, bununla dayanmayacaq”. Kreml rəhbərləri tarixi yaxşı və diqqətlə oxusalar orada Rusiyanın necə böyük dövlət və imperiya olması ilə əlaqədar çoxlu həqiqətlərlə üzləşərlər. Rusiya məhz Qərb dövlətlərinin dəstəyi ilə, onlarla əməkdaşlıq hesabına yaxın keçmişə qədər və hazırda hökmranlıq etdiyi əraziləri işğal edərək imperiya qurub. Hətta mövcudluğunu belə Qərbin hesabına qoruyub saxlaya bilib. İndi görəsən, nəyə arxayın olub onunla toqquşmaya gedir?

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15