“Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir?”

31/10/2024 - 11:46

Bu günlərdə Gəncə şəhəri, Aidə İmanquliyeva küçəsi, 4-cü döngə, ev 16 A ünvanında yaşayan Abdullayev Mikayıl İslam oğlu “Hürriyyət”ə müraciət edərək bildirmişdi ki, 4 il əvvəl yaxınlığa raket düşməsi nəticəsində evində ciddi çatlar əmələ gəlsə də, hələ də təmir edilmir. Bu dəfə Gəncə şəhəri, Fizuli kuçəsi, 2-ci döngə, ev 21-a ünvanında yaşayan Əliyev Mehdi Əhməd oğlu tərəfindən redaksiyamıza analoji şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, 44 günlük müharibə ərəfəsində Gəncə şəhərinə düşən raket nəticəsində evləri qəzalı vəziyyətə düşüb, bəzi qurumlar dövlət tərəfindən mənzillərinin təmirinə ayrılan pulları mənimsəyib. Şikayətçi öz iddiasını sənədlərlə sübut edə biləcəyini bildirir:

“Mən, Əliyev Mehdi Əhməd oğlu, yazaraq sizin sayt vasitəsilə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət edirəm.

Cənab Prezident!

2020-ci ildə erməni terroru nəticəsində bizim ailəyə məxsus 2 ev qəzalı vəziyyətə düşdü. Qeyd edim ki, evlərin birində qızım öz ailəsi ilə, digərində isə mən öz ailəmlə yaşayıram. Yoxlama zamanı qızımın və mənim yaşadığım evin qəzalı olduğu təsdiq edildi. Sonradan mənim yaşadığım evi “yüngül təmirə ehtiyacı var” kimi yazıblar. Bu nə deməkdir? Ev göz qabağındadır. Bu qurumlar niyə dövlətin ayırdığı vəsaiti bizə vermir?

Məsələ ilə bağlı 4 dəfə baş nazirin müavini Şahin Mustafayevin qəbulunda olmuşam. Şəhərsalma və Arxitektura Komitəsində 10 dəfədən çox olmuşam. May ayının 20-də yenidən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun qəbulunda oldum. Kobud şəkildə mənə bildirdi ki, sənin evini qəzalı yazmayacam, birini yazmışıq, ikincisini yaza bilmərəm.

Qəbulda olarkən dedim ki, axı, mən yalan demirəm, evim həqiqətən də qəzalı vəziyyətdədir. Bir ünvanda 2 ev qəzalı vəziyyətdədirsə və bu, gözlə görünəcək şəkildədirsə, necə yəni qeydə almırsınız?! Xahiş etdim ki, Fövqəladə Hallar Nazirliyindən gəlib yenidən baxış keçirsinlər, evin bir hissəsi uçsa, uşağın-böyüyün başına nəsə düşüb ölsə, necə olacaq? Mənə cavab olaraq bildirdi ki, Fövqəladə Hallar Nazirliyi də gəlib qəzalı yazmayacaq.

Niyə yazmayacaq, başa düşə bilmirəm. Deyir ki, biz - hər iki qurum – bir yerdə işləyirik, sözümüz birdir.

Bir daha qeyd etdim ki, Şəhərsalma və Arxitektura Komitəsində işləyən əməkdaş gəlib evin qəzalı olduğunu təsdiq etmişdi, sonradan nə oldusa, sənədi dəyişdirdiniz. Dedi ki, sənə dəxli yoxdur, onu özümüz bilərik.

May ayının 23-də Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Qazax rayonunda qəbulu idi. Bir zülmlə qəbula yazıldım. O, tapşırıq verdi ki, Namiq Hümmətovun şikayətinə yenidən baxsın. 3-4 saat keçəndən sonra Fövqəladə Hallar Nazirliyindən gəlib evə baxış keçirdilər.

Mən, onlara zirzəmidə tavanı necə 100-lük dəmir borularla dirək qoyub bərkitdiyimi gösdərdim. Evin girişində və zirzəmidə əmələ gəlmiş çatları göstərdim. Evin arxasında divarı tavandan döşəməyə qədər armaturla necə bərkidib, qaynaq etdiyimi göstərdim. Onlar mənə dedilər ki, sənin evinin tam təmirinə söz veririk, evin üstünə beton kəmər tökməklə) təmir olunacaq.

Muharibədən 4 il, mənə söz vermələrindən 4 ay keçməsinə baxmayaraq, heç bir nəticə yoxdur. 10 gün bundan qabaq yenə Bakıya Şəhərsalma və Arxitektura Komitəsinə getdim. Namiq Hümmətovun köməkçisi Əli və şöbə müdirü Vasif  mənə bildirdilər ki, sənin o evinə “yüngül təmir” yazmışıq, əgər sən bununla razılaşmasan, imtina aktı yazacağıq və sənin evin qəzalı qalacaq.

Bu qədər özbaşınalıq olur. Qəzalı evə “yüngül təmirə ehtiyacı var” yazmaq nə deməkdir? Sabah mənim evim ucsa, kim məsuliyyət daşıyacaq?

Cənab Prezident!

Yoldaşım 1-ci qrup əlil, oğlum isə 2-ci qrup əlildir. Evimi təmir etdirməyə maddi imkanım yoxdur.

Sizdən xahiş edirəm, müraciətimlə bağlı aidiyyəti qurumlara göstəriş verin ki, qəzalı vəziyyətdə olan evimi təmir etsinlər”.

Huriyyet.az

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21