Qəzzada xəstəxanada baş verən partlayışla bağlı ABŞ kəşfiyyatından YENİ AÇIQLAMA

25/10/2023 - 11:48

“İsrail ordusu oktyabrın 17-də axşam saatlarında Qəzzada Əl-Əhli xəstəxanasına raket zərbəsi endirməyib. Partlayışa Fələstin ərazisindən atılan raketin nasazlığı səbəb olub. ABŞ kəşfiyyatı bu qənaətə “yüksək dərəcədə inamla” gəlib”.

Bu barədə “The Washington Post” kəşfiyyat məlumatları ilə tanış olan üç Amerika rəsmisinə istinadən yazır.

Onlar deyirlər ki, zərbənin İsrail silahlarının nəticəsi olmadığına dair yekun qiymətləndirmə iki amilə əsaslanır. Birincisi, zərbənin vurduğu zərər İsrail Müdafiə Qüvvələrinin (IDF) istifadə etdiyi artilleriya mərmiləri və hava bombaları ilə eyni deyil. Mənbələrdən biri vurğulayıb ki, partlayış yerindən çəkilmiş video və fotoşəkillər “yalnız strukturun yüngül zədələnməsini” göstərir.

İkincisi, analitiklər dörd yerdən çəkilmiş video yazılardan istifadə edərək raketin uçuş yolunu izləyiblər. Onlar raketin Qəzza zolağından şimal-şərqə atıldığı qənaətinə gəliblər. Lakin on saniyəlik uçuşdan sonra raketin mühərriki nasazlaşmağa başlayıb. Bunu səmada fasilələrlə müşahidə olunan şleyf göstərir. Bir neçə saniyədən sonra bir parıltı gəlib. Mənbənin qeyd etdiyi kimi, bu zaman raketin mühərriki partlayıb. Nəticədə o, istiqamətini dəyişib və havada parçalanıb. Eyni zamanda döyüş başlığı xəstəxana ərazisinə düşüb və partlayıb.

Bundan əlavə, Amerika kəşfiyyatı Fələstin yaraqlıları arasında danışıqları da dinləyə bilib və onlar “İslami Cihad” nümayəndələrinin raket buraxılışında iştirak edə biləcəyini qeyd ediblər. Lakin Vaşinqton hesab edir ki, bu, partlayışa görə terrorçu qruplaşmanı günahlandırmaq üçün kifayət deyil.

Xatırladaq ki, Əl-Əhli xəstəxanasında baş verən partlayışdan sonra Fələstin rəsmiləri 500-dən çox insanın öldüyünü bildirib. ABŞ, hadisə nəticəsində 100 ilə 300 arasında insanın öldüyünə inanır. HƏMAS xəstəxanaya hücumda İsrail ordusunu günahlandırsa da, hələ buna dair sübut təqdim etməyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ