Ərdoğanın “qaz xabı” yaratmaq planına Vaşinqtonun müdaxiləsi… - ABŞ TÜRKİYƏNİ RUSİYA İLƏ ÜZ-ÜZƏ QOYMAĞA ÇALIŞIR…

26/12/2022 - 16:54

Türkiyə İstanbul və Çanaqqala boğazlarına sahiblik baxımından həddən çox üstün və həlledici mövqedədir. Bu yaxınlarda Türkiyənin boğazlardan keçid rüsumunu qaldırması və xüsusilə Rusiya tərəfinin bu qərardan narazılığı rus mediasında öz əskini tapmışdı.

Məlumdur ki, Qara dəniz hövzəsi ölkəsi olmayan ABŞ da boğazlarda hansısa formada mövqe sahibi olmağa meyl edir. Xarici mediada yayılan son məlumatlara görə, ABŞ Ərdoğanı Rusiya ilə münaqişəyə cəlb etmək üçün boğazlar məsələsində Türkiyəyə təzyiq göstərir.

“NATO-da ziddiyyətlər güclənir və bu, hazırda Boğaziçi və Çanaqqala boğazı məsələsində Türkiyəyə təzyiqlərin artması ilə ifadə edilir ki, bu da Montrö Konvensiyasına yenidən baxılmasına və hətta ləğvinə gətirib çıxara bilər. Bu, ABŞ və Böyük Britaniyanın hərbi gəmilərini Qara dənizə çıxarmaq, Rusiya üçün yeni gərginlik ocağı yaratmaq, həmçinin Ankaranın yaratmağa səy göstərdiyi qaz qovşağına təhlükə yaratmaq məqsədilə edilir.

Daha doğrusu, demək doğru olar ki, bu, Ərdoğanın mavi yanacağın dünya qiymətlərinə təsir edəcək qovşaq yaratmaq planlarına sadəcə Vaşinqtonun reaksiyasıdır. Vaşinqton həm də Ankaranın Moskvanın ən böyük logistika mərkəzinə və Pekindən sonra ikinci ticarət tərəfdaşına çevrilməsindən və bununla da Rusiyaya Qərbin sanksiyalarının zərbələrinə tab gətirməsindən çox narazıdır”, - deyə NATO Parlament Assambleyasının Türkiyə qrupunun sədr müavini Ahmet Berat Conkar "Aydınlık" nəşrinə bildirib.

ABŞ-ın Türkiyəyə hücumunun ŞİFRƏLƏRİ: Qalib kim olacaq? - TƏHLİL

İndi isə ABŞ-ın Qara dəniz regionu ilə bağlı strategiyası var. ABŞ Konqresi 2023-cü il üçün Qara dəniz regionu üzrə Birləşmiş Ştatların Strategiyasını hazırlayıb. Rəsmi Buxarest bəyan edib ki, bu sənədin ortaya çıxması ABŞ-Rumıniya strateji tərəfdaşlığının əhəmiyyətinin etirafıdır. Sənədə əsasən, ABŞ regionun təhlükəsizliyinə, eləcə də konkret olaraq Rumıniya iqtisadiyyatına sərmayə yatıracaq.

Qara dəniz regionu üzrə strategiya Rumıniya parlamentariləri Robert Kazançuk və Stefan Radu Opryanın ABŞ Konqresinə səfərindən sonra qəbul edilib. Oprya rəsmi sosial media səhifəsində yazıb: “Bizi dinləyən, başa düşən, dəstəkləyən və bu sənədə səs verən konqresmenlərə təşəkkür edirəm”.

Qara dəniz regionu son iki onillikdə Rumıniyanın xarici siyasətinin diqqət mərkəzində olub. Böyük ehtimalla Buxarest regional liderlik arzusundadır və Qərbin ona həvalə etdiyi iki əsas strateji vəzifəni - Qara dənizdə Rusiyanın qarşısını kəsmək və Moskva-Belqrad geosiyasi oxunun mümkün yaranmasının qarşısını almaq-yerinə yetirməyə çalışır.

Rusiya və Serbiya Rumıniya, eləcə də ABŞ üçün rəqibdir. Serbiya özünün mövcudluğu ilə Rumıniyanın Balkanlarda Rusiyanın təsirini azaltmasına mane olur və bu serblərin rusların tarixi müttəfiqi olması, eləcə də Qara dəniz bölgəsində mövcudluğu ilə Rumıniyanın regional lider olmasına əngəl yaratması ilə şərtlənir.

Buxarest Baltikyanı bölgədə Rusiyaya eyni vaxtda təzyiq göstərmək üçün xarici siyasətini Polşa ilə əlaqələndirir. Varşava və Buxarest arasında uzunmüddətli strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. 2023-cü ildə bu strateji əməkdaşlıq məlum strategiyanın bir hissəsi kimi ABŞ-la əməkdaşlıqla tamamlanacaq.

Xatırladaq ki, Varşavadan sonra rumınlar Cənubi Koreyanın K2 Thunder tanklarını almaq niyyətindədirlər. Razılıq baş nazir Nikolae Çuke, iqtisadiyyat naziri Florin Spataru və hərbi rəsmilərin Seula son səfəri zamanı əldə edilib. Beləliklə görünür ki, ABŞ Qara dəniz hövzəsi ölkəsi olmaq planını Rumıniyanın köməyilə həyata keçirməyi gözdən keçirir, amma bu plan indilik Rusiyayamı qarşı nəzərdə tutulub, gələcəkdə Türkiyəyə qarşı işə düşə bilərmi-bu hadiəslərin sonrakı gedişində ortaya çıxacaq.

Qafqaz.media