Rus İmperiyasının süqutu və “Qafqaz birliyi” məsələsi - GERÇƏK TARİX

13/11/2023 - 17:07

Qafqazda yaşayan müxtəlif xalqlar yeri gəldikcə, müxtəlif xarici təhlükələrə qarşı birgə mübarizə aparmağı bacarmış, ümumi mənafelər güdə bilmişdilər. Bunun üçün zaman-zaman, xüsusən XX əsrin əvvəllərindən başlayaraq Qafqaz xalqlarının vahid bir dövlət şəkildə birləşdirilməsi ideyası ortaya atılmışdır.

Bununla bağlı, Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Azərbaycanın, eləcə də Qafqaz xalqlarının azadlıq uğrunda mübarizədə əsas ilhamverici stimullarından biri də Qafqazın birliyi ideyasıdır. Ümumi düşmənə qarşı mübarizədə uğur qazanmaq üçün Qafqaz sıra dağlarının hər iki tərəfində, habelə Qara dəniz və Xəzər dənizi arasında yaşayan insanların ümdə vəzifəsi vahid cəbhə halında birləşməkdir. Günümüzdə belə birliyin parlaq nümunəsi İsveçrə konfederasiyasıdır. “Qafqazın birliyi” anlayışında da başlıca amil artıq region xalqlarının qəbil etdikləri Qafqaz konfederasiyası ideyasıdır” [6]. 1917-ci il fevral inqilabının ardınca Rusiya imperiyasının özündə və müstəmləkələrində azadlıq ideyaları geniş şəkildə yayılmağa başlayır. Oktyabr inqilabı ilə isə Çar imperiyası parçalanmış və Cənubi Qafqazda da müstəqil bir dövlət quruluşunun yaradılması yolunda ilkin addımlar atılmışdır. 1917-ci ildə noyabr ayının 11-də Cənubi Qafqazda fəaliyyət göstərən siyasi təşkilatların yığıncağında gürcü menşeviklərinin lideri Noy Jordaniya çıxış edərək bildirdi ki, Rusiya ilə əlaqə kəsildiyi və Cənubi Qafqaz tək qaldığı üçün biz (Cənubi Qafqazda yaşayan xalqları nəzərdə tutur F.X.) ayağa qalxaraq ya özümüzü xilas etməli, ya da anarxiya burulğanında məhv olmalıyıq. Cənubi Qafqaz Komissarlığı Birinci Dünya Müharibəsi və daxili ziddiyyətlərlə əlaqədar Cənubi Qafqazın ərazi bütövlüyünü saxlamağı xarici siyasətin başlıca vəzifəsi kimi qarşıya qoymuşdu [5, s.24-25]. Lakin həm Komissarlıqda, həm də sonra yaradılan Seymdə prinsipial məsələlərdə ortaq mövqeyə gəlinə bilmir, hətta təmsil olunan xalqlar arasında ara-sıra silahlı münaqişələr belə baş verirdi. Sonralar 1918-ci ilin martında keçirilən Trabzon konfransı zamanı A.Çxenkeli doğru olaraq qeyd edirdi ki, bizim vəziyyətimizin ağırlığı onunla bağlıdır ki, Cənubi Qafqazın formalaşdırılması hələ başa çatdırılmamışdır və “nümayəndə heyətimiz öz tələbləri üzərində möhkəm durmur. Biz buraya hazırlıqsız gəldik. Seymin özündə də o qədər birlik yoxdur ki, biz burada öz mövqelərimizi möhkəm müdafiə edə bilək” [5, s.50]. Ümumiyyətlə isə, “Qafqaz birliyi” ideyası təkcə Cənubi Qafqaz xalqları tərəfindən deyil, eləcə də Şimali Qafqazın siyasi xadimləri tərəfindən də alqışlanırdı. Belə ki, 1918-ci martın 25-də Seymin iclaslarının birində Nəsib bəy Yusifbəyli Qafqaz dağlıların və Zaqazqaziya türklərinin vahid müsəlman ailəsinin üzvləri kimi yaxınlaşmasını və Cənubi Qafqaz dövlətində birləşmək arzularını yüksək qiymətləndirirdi [5, s.54]. Bütün bunlarla bərabər, Osmanlı dövləti Zaqafqaziyanın müstəqil bir dövlət olmasını arzulayırdı və yalnız bu halda onlara öz köməkliyini edəcəyini söyləyirdi. Buna görə də, uzun müzakirələrdən sonra 1918-ci ilin 22 aprelində Tiflisdə Cənubi Qafqaz Federativ Respublikası yaradıldı və bu münasibətlə iclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə qeyd etmişdi ki, müstəqilliyi vicdanın hökmü ilə qəbul etdiyimiz zaman Cənubi Qafqaz xalqları daha sıx şəkildə bir-birinə bağlanacaqdır. Düzdür bu respublika uzunömürlü olmasa da, Zaqafqaziya xalqlarının Rusiyanın tərkibindən ayrılma prosesini başa çatdırdı və gələcəkdə müstəqilliyin elan olunmasında əhəmiyyətli rol oynadı.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra qonşu dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmağa, mübahisəli məsələləri sülh yolu ilə həll etməyə səy göstərirdi. Birinci Dünya Müharibəsinin bitməsi ərəfəsində Qafqaza həm Sovet Rusiyasının, həm Antantanın, həm də Dördlər İttifaqının marağının artması Qafqaz dövlətlərini vahid şəkildə birləşməyə təhrik edirdi. Təsadüfi deyil ki, Osmanlı dövlətinin baş naziri Tələt paşa gürcü və erməni nümayəndələri ilə görüşündə xüsusən bolşevik təhlükəsinə qarşı Cənubi Qafqazın həmrəyliyinin yaradılmasının vurğulayırdı. Gərgin siyasi hadisələr fonunda Gürcüstan dövlətinin təklifi ilə problemli məsələləri həll etmək və yarana biləcək təhlükəyə qarşı ümumi bir mənafedən çıxış etmək məqsədilə 1918-ci ilin noyabrın 14-də Tiflisdə Birinci Qafqaz konfransı çağırıldı [2, s.115]. Lakin Ermənistanın Azərbaycan və Gürcüstana ərazi iddiaları irəli sürməsindən ötrü  Y.Gegeçkorinin təklifi ilə konfrans 3 dəfə təxirə salındı və bu konfransı keçirmək demək olar ki, mümkün olmadı. Onu da qeyd edək ki, Azərabaycan nümayəndə heyətindən Məmməd Yusif Cəfərov və Mustafa Vəkilov, Dağlılar Respublikası nümayəndə heyətində isə V.Cabagiyev və P.Kotsev təmsil olunurdular [3, s.77].

noa2.jpg

Tezliklə, Ermənistan Gürcüstanın Borçalı qəzasına ərazi iddiası irəli sürərək 1918-ci il 15  dekabrda hücuma başladı və yalnız dekabrın sonunda bu müharibə sonlandı. Bu hadisə bir daha göstərdi ki, Qafqaz dövlətləri öz aralarında sülhə nail olmadan ümumi düşmənə qarşı mübarizə göstərə bilməzlər. Ona görə də, 3 Zaqafqaziya Respublikası 1919-cu ilin yanvarından etibarən yeni bir konfransın çağırılması məqsədilə danışıqlara başladı və növbəti konfransda müzakirə olunacaq əsas məsələlər müəyyənləşdi: beynəlxalq sülh konfransında birgə iştirak və Qafqaz respublikalarının müstəqilliyinin müdafiəsi sahəsində əməkdaşlıq; sərhəd-ərazi mübahisələrinin sazişlər yolu ilə həlli; bu mümkün olmadıqda, arbitraj vasitəsilə nizama salınması məsələlərinin müzakirəsi [2, s.115]. Azərbaycan Xalq Cümhuriyyəti bu konfransın çağırılmasını ilk vaxtlardan alqışlamış, hətta buna görə Ermənistanla olan silahlı toqquşmaları dayandırmışdı. Azərbaycan nümayəndə heyəti adından Fətəli xan Xoyski, Məmməd Yusif Cəfərov və Məhəmməd Əmin Rəsulzadə konfransda təmsil olunurdular. Qafqaz konfransı 1919 il aprelin 27-də Tiflisdə öz işinə başladı. Həmin vaxt Dağlılar Respublikası Denikin ordusunun hücumuna məruz qaldığı və ərazisinin əsas hissəsini itirdiyi üçün bu konfransa nümayəndəlik göndərə bilməmişdi. Konfransı Gürcüstanın Respublikasının xarici işlər naziri Y.Gegeçkori açaraq bildirdi ki, Qafqaz xalqlarının həyati mənafeyi müstəqillikləri üçün gələcəkdə yarana biləcək bütün təhlükələrə qarşı onların birləşməsini tələb edir. Bu istiqamətdə ilk addım siyasi və iqtisadi ittifaq yaramaq, vahid cəbhə təşkil etməkdir. Azərbaycan nümayəndə heyətinin başçısı Fətəli xan Xoyski və Ermənistan nümayəndə heyətinin başçısı, xarici işlər naziri S.Tiqranyan öz hökumətləri adından bildirdilər ki, Qafqaz xalqları birləşməlidirlər və yalnız bu halda birgə, razılıq əsasında yaşamaq mümkündür [2, s.115-116]. Konfransın gəldiyi ən əsas nəticələr o oldu ki, ərazi-sərhəd məsələlərinin həlli prinsipi müəyyən edildi, iqtisadi məsələlər də müəyyən razılığa gəlindi, köçəri əhalinin gedəcəyi hərəkət istiqamətləri müəyyən edildi [5, s.214].

1919-cu ilin yazından etibarən Ağqvardiyaçıların rəhbəri A.Denikin Şimali Qafqazda fəal hərbi əməliyyatlar keçirərək bu əraziləri işğal etmişdi və bu, son nəticədə Cənubi Qafqazda da “Denikin təhlükəsi” qorxusu yaratmışdı. Ona görə də, Azərbaycan və Gürcüstan rəhbərliyi Şimali Qafqazın işğalını qəti şəkildə pislədi və 1919-cu ilin iyunun 16-da Qafqaz dövlətlərinin müstəqiliyyini qorumaq məqsədilə iki dövlət arasında hərbi-müdafiə sazişi bağlandı. Sazişin 10-cu maddəsinə əsasən 2 həftə ərzində Ermənistanın da bu sazişə qoşulmağının mümkünlüyü qeyd olunsa da, Ermənistan rəhbərliyi vacib məqamda birliyə deyil, pozucu fəaliyyətinə əl atdı.

1919-cu ilin noyabr-dekabr aylarında Bakıda keçirilən Azərbaycan-Ermənistan konfransında, 1920-ci ilin aprelində keçirilən növbəti Qafqaz konfrasında Qafqaz xalqlarının birliyini təmin etmək üçün Qafqaz konfederasiyasının yaradılması fikri dəfələrlə səsləndirilsə də, hətta bu məqsədlə Qafqaz Respublikaları Şurasının yaradılması haqqında razılıq əldə olunsa da [2, s.113], təəssüf ki, AXC-nin bolşeviklər tərəfindən işğalı bu ideyanın gerçəkləşməsinə imkan vermədi. Gələcəkdə M.Ə.Rəsulzadə yazacaqdı: “Keçmişin acı səhvlərindən dərs götürən və gələcəklə bağlı ibrətamiz dərs alan Qafqaz xalqlarında birlik hissi get-gedə daha da qüvvətlənir. Aydın məsələdir ki, bu təbii prosesdən istifadə etmək və onun bütün mümkün yollarla xalqlarımız arasında hakim ideyaya çevrilməsinə nail olmaq lazımdır. Həm də bu zaman belə bir fikrə əsaslanmaq lazımdır ki, gələcəkdə Qafqazın siyasi birliyini nəzərə almadan atılmış hər bir addım yalnız Rusiyaya fayda gətirəcəkdir. Biz inanırıq ki, Qafqaz xalqları birlik naminə hər cür güzəşt və qurbanlara hazırdır. Rusiya ilə ümumi sərhədi olmasını istəməyən ölkələr bu ideyanı xüsusi rəğbətlə qarşılamalıdır” [6]. Birliyin yaradılmasına həm xarici amillər, həm də ərazi-sərhəd məsələsi ciddi şəkildə maneə olurdu.  Birliyə xalqların və ictimai rəyin münasibəti siyasi xadimlərin fikirindən fərqli olaraq elə də müsbət deyildi.

 

Fuad Xəlilov - Bakı Dövlət Universiteti Tarix fakültəsi bakalavr tələbəsi

Email: fuadxelilovtarix@gmail.com

Rəyçi: dosent, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov

Email: rovshanhatamov@gmail.com

Açar sözlər: Rusiya İmperiyası, Qafqaz konfransları, Cənubi Qafqaz, Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadə.

Key words: Russian Empire, Caucasus conferences, South Caucasus, Azerbaijan Democratic Republic, Mahammad Amin Rasulzade.

Ключевое слово: Российская Империя, Кавказские конференции, Южный Кавказ, Азербайджанская Демократическая Республика, Мамед Эмин Расулзаде.

Ədəbiyyat:

1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cilddə. I cild. Bakı, “Lider nəşriyyat”, 2004, 440 səh.

2. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cilddə. II cild. Bakı, “Lider nəşriyyat”, 2005, 472 səh.

3. Азербайджанская Демократическая Республика. Внешняя политика. (Документы и материалы). Баку, издательство "Азербайджан", 1998, 632 с.

4. Əliyeva S. Azərbaycan Xalq Cümhuriyyəti və Şimali Qafqaz dövlətləri: müstəqillik illərində (1918-1920). Bakı, “Avropa”, 2020, 322 səh.

5. Həsənli C. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920).  Bakı, “GARİSMA” MMC, 2009, 576 səh.

6. Rəsulzadənin QAFQAZIN BİRLİYİ ideyası. Tərcümə: ədəbiyyatşünas, tənqidçi Vilayət Quliyev // https://modern.az/edebiyyat/275960/resulzadenin-qafqazin-birliyi-ideyasi/. Müraciət tarixi: 19.05.2023

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ