Rusiya və İran birgə PUA istehsal etməyi düşünür… - ABŞ-dan AÇIQLAMA

10/12/2022 - 22:46

“Rusiya və İran arasındakı münasibətlər tamhüquqlu müdafiə tərəfdaşlığına çevrilib. Hazırda bu iki ölkə döyüş pilotsuz təyyarələrinin birgə istehsalı imkanlarını nəzərdən keçirir”.

Qafqaz.media xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi deyib.

Onun sözlərinə görə, Moskva və Tehran bir-birinə misli görünməmiş hərbi dəstək verir.

Bundan öncə, ABŞ kəşfiyyatı Tehranın Ukraynadakı hədəfləri vurmaq üçün Moskvaya kamikadze dronları tədarük etməyə başladığı barədə məlumat vermişdi.

Əvvəlcə tərəflər bu məlumatı qəti şəkildə təkzib etsələr də, tezliklə Ukrayna əraziləri və obyektləri İranın “Şahit-31” və “Şahit-36” PUA-ları tərəfindən hücuma məruz qalmağa başlayıb.

Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi bu ilin iyulunda görüşüblər və avqustda ABŞ kəşfiyyatı İran pilotsuz uçan aparatlarının tədarükünün başlandığını elan edib.

Düzdür, məsələn, İsraildə hesab edirlər ki, Rusiya-İran sıx hərbi əməkdaşlığı xeyli əvvəl başlayıb. Xüsusən də bir çox israilli siyasətçilər əmindirlər ki, İran Rusiya texnologiyaları və mütəxəssislərinin köməyi ilə öz nüvə proqramını inkişaf etdirir.

İndi söhbət kamikadze pilotsuz təyyarələrin birgə istehsalından gedir ki, Con Kirbinin fikrincə, bu, Ukraynaya, İranın regiondakı qonşularına və bütün beynəlxalq ictimaiyyətə ciddi ziyan vuracaq.

İran PUA-ları “Bayraqtar”lara qarşı

Kirbi bildirib ki, Rusiya “Şahit” PUA-larının müqabilində İrana qabaqcıl hərbi komponentlər, o cümlədən vertolyotlar və hava hücumundan müdafiə sistemləri verməyə hazırdır.

"Hazırda İran Rusiyanın əsas hərbi himayədarına çevrilib", - Kirbi deyib.

Qafqaz.media