Ərzin əşrəfi
Reyhan Mirzəzadə
publisist-politoloq
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyi münasibəti ilə
(1-ci hissə)
Dahilər gözəl deyib: “Vətən elin evidir”, “Vətən sevgisi əxlaq
gözəlliyini, əxlaq gözəlliyi də vətən sevgisini meydana gətirir”. Böyük tatar
şairi Musa Cəlil haqlı söyləyib ki, dəmir işlədikcə par-par parıldar, palçıq
ocaq üstə bişir, daşlaşır, kiminki qəlbində vətən eşqi var, vətən torpağında
vətəndaşlaşır.
Unudulmaz şairimiz Əliağa Kürçaylının bu sətirlərini oxuyan hər bir
yurdsevər, vətənpərvər azərbaycanlı necə qürurlanmasın, ürəyi fəxarət
hissi ilə döyünməsin?
Şair anam Azərbaycan, sən vüqarımsan,
Nəğməmsən, şeirimsən, şeiriyyətimsən,
Sən mənim dünənki yaralarımsan,
Sən mənim bugünkü səadətimsən.
Görkəmli türk şairi və müəllimi Mehmet Akif Ərsoy Tanrıdan diləyirdi:
Ruhumun səndən İlahi, budur ancaq diləyi:
Dəyməsin məbədimin köksünə naməhrəm əli.
Bu azanlar ki, şəhadətləri dinin təməli,
Əbədi yurdumun üstündə mənim inləməli.
Azərbaycan xalqının həyatında özünəməxsus yeri, dövlət xadimi
olmaqla bərabər, həm də böyük şair, söz, sənət ustadı kimi tarixdə yaşayan
Şah İsmayıl Xətai müdrik əcdadlarımızdan miras qalmış üç şeyi gələcək
nəsillərə vəsiyyət etmişdi: Ana dilimizi, vicdanımızı, Vətənimizi ...
On minlərlə ürəkdə vətən eşqini yaşadan Naxçıvan... Vəfanı,
sədaqəti, etibarı ucaldan Naxçıvan... Vətənimizin bir parçası... Millətimizin
məğrur yurdu... Mubarizələr məmləkəti... Döyüşlər torpağı, qələbələr
məkanı...Gözəlliklər səltənəti... Alimlər, şairlər, rəssamlar, memarlar,
təbiblər eli...Tanrının və təbiətin ilahi varlığı...Ərzin əşrəfi... Səni sevməmək
olarmı, ey əziz, munis Naxçıvan?
Səninlə bağlı çox oxumuşam Naxçıvan... Hüsnünə vəsf olunan
şeirləri sətir-sətir qəlbimə köçürmüşəm. Qoynunda dünyaya göz açan
istedadlı şairin Məşkur Əkbər “Vətənindir” şeirində dərya-dərya ürəklərin
dərinliyindən gələn, büllur çeşmələrinin saf suları tək necə də könülləri
riqqətə gətirən fikirlər səsləndirib, xoş arzular dilləndirib, həssas duyğulara
ruh verib, qol-qanad verib:
Şair, bu qədim Naxçıvanı gəz, vətənindir,
Eşqilə vuran qəlb, nur alan göz vətənindir.
Hər abidə şahiddir əzəldən yada nifrət,
Dost insana göstərdiyi xoş üz vətənindir.
Gəlmələrin bax, köksünə dağ çəkdi bu dağlar,
Düşmən başına od ələyən yaz, vətənindir.
Gəz Ordubadı, Culfanı, Şahbuzu, Şəruru, -
Zülmət gecəsi, indiki gündüz vətənindir.
Hərda ürəyin yansa “Badamlı”, ya “Sirab” iç,
Boldur bu elin sərvəti, sal duz vətənindir.
Tusi kimi alim, Əbubəkr kimi memar,
Bəhruz kimi rəssam yetirən öz vətənindir.
Heyran xanımın, Cavidin, hal əhli Cəlilin,
Məmməd Səidin yazdığı haqq söz vətənindir.
Gör bir nəyə qadirdi bizim iş tutan əllər,
Min-min döşü ordenli oğul, qız vətənindir.
Hər damlası bir nura dönübdür Xan Arazın
Seyr et bu günü, sayrışan ulduz vətənindir.
Fəxr eylə ki, Məşkur, qoca Şərqin qapısında
Öz əhdinə, öz ilqarına düz vətənindir.
Azərbaycanın ilk və yeganə qadın Xalq şairi Mirvarid xanım Dilbazinin
“Naxçıvan” şeiri 1963-cü ilin yadigarıdır. Bu şeiri sevə-sevə və dəfələrlə
oxumuşam. Mirvarid xanım sözlərdən rəssam fırçası kimi istifadə edib
sanki bu yurdun əsrarəngiz tablosunu yaradır, oxucunu öz yaratdığı
tablosuna heyran edir. Oxucu bu tabloda döyüşən, mübarizə aparan və
qalib gələn Naxçıvanı da görür. Görür və qəlbi sevinc hissi ilə dolur:
Silsilə dağların isti qoynunda
Naxçıvan adlanan gözəlimiz var.
Araz sahilində bağçalı, bağlı,
Sərvətli, şöhrətli bir elimiz var.
Burda ürək kimi istidir torpaq,
Günəşlə doludur hər gül, hər yarpaq.
Mehli zəmilərin yaşıl ümmanı
Şirin söhbətlərə tutur insanı.
İnsanlar yenidir, torpaqlar qədim,
Bu yerin sirrini bilmək istədim.
Məbədlər, türbələr, köhnə qalalar,
Coşqun dağ çayları, yaşıl talalar,
Bu geniş düzlərin aynası Araz
Məni xəyallara qərq etmədi az.
Alimlər, şairlər, ədiblər yurdu
Fikrimi min səmtə çəkdi, uçurdu.
Dağların döşünə bir dağ söykənmiş,
Uca zirvəsində qədim bir qala.
Buludlar hər yandan üstünə enmiş,
Uçulmuş daşları dalmış xəyala.
Mərdlik abidəsi bu Əlincədir,
Burda günəş ilıq, güllər incədir.
Üstünü ot basmış o yollar, izlər,
Neçə qərinənin sirrini gizlər.
İrandan, Turandan, Ərəbistandan
Bura ordu çəkmiş hərə bir yandan.
Tapdanmış bağçalar, bağlar diyarı,
Teymurləng – dünyanın o zülmkarı
Bu zəngin torpaqda payım var demiş,
“Payını” qılıncla, qanla istəmiş...
Hər an alovlara, odlara düşmüş
Xalq yenə yaşamış, yenə döyüşmüş...
Torpağın qoynunda qalmış dən kimi,
Göyərmiş günəşli gün görən kimi.
Arxada məbədlər, qədim qalalar,-
Möhkəm daşlarını zaman uçurmuş.
Önümdə çiçəkli yaşıl talalar,
Sünbüllü tarlalar yan-yana durmuş.
Qızların dəstəsi yayılmış düzə,
Torpaqlar qədimdir, insanlar təzə.
Şahbuzun dağlarında yerləşən Batabat gölü Naxçıvanın misilsiz
təbii mənzərələrindən biridir. Gəmi qaya ilə qonşuluqda yerləşən və
şəfa mənbəyi olan Batabat yaylağının iqlimi bir çox xəstəliklərin
müalicəsi üçün faydalıdır. Batabat gölü dünyanın qeyri- adi təbiət
hadisəsi olan və yeganə üzən adasının mövcud olduğu məkan kimi
də şöhrət qazanıb.
Azərbaycan poeziyasında “Naxçıvan yadigarı “şeir silsiləsinin
yaradıcısı hesab edilən istedadlı şair, dramaturq İslam Səfərlinin “Batabat
bulağı” da poeziya xəzinəmizin incilərindəndir:
Bulaqların bir səmtədir axarı,
“Salvartının” xoş görünür baxarı;
Biçənəkdən at səyirdib yuxarı,
Yalmanına yata-yata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
“Qonaqgörməz” düşmənidir təkliyin,
Ayaqları xınalıdır kəkliyin.
Göl üstdəki güllüyün, çiçəkliyin,
Xoş ətrinə bata-bata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Dağ cığırı, hər tərəfim duman, çən,
Boz qayadan cüyür hürkdü qəflətən.
Tüfəngimi sinəm üstə basıb mən
Arxasınca ata-ata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Mehmanınam on beşdə mən, beşdə mən,
Gətirmişəm basdırmanı teşdə mən.
Neçə ocaq tüsdülədib döşdə mən,
Birini də çata-çata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Vüqarlıdır zirvələrin, qaşların,
Üzə gülür qayaların, daşların.
Mən İslamam, öz səsimi quşların
Nəğməsinə qata-qata gəlmişəm,
Mərcan gözlü Batabata gəlmişəm.
Jurnalist G.Şahməmmədli şair İslam Səfərli haqqında yazır:
“Bağrıma basmışam Azərbaycanı – Araz bir qolumdur, Kür bir
qolumdur”, – deyən İslam Səfərli, Azərbaycanı və onun ayrılmaz tərkib
hissəsi olan Naxçıvanı tükənməz ilhamla tərənnüm edib. Naxçıvan elinin
hər qarışı nəğməkar şairin yaradıcılığında öz bədii təsvirini tapıb. Bu
vurğunluğu biz “Ey axarlı, ey baxarlı, ey gülzarlı Naxçıvanım”, “İki Culfa”,
“Əbədiyyət nəğməsi”, “Araz burulub keçir”, “Tanış gözlər”, “Gəlmişəm”,
“Qızlar bulağı”, “Badamlı”, “Görüş yeri”, “Naxçıvanın duzu, qızı, qarpızı...”,
“Həsrət nəğməsi”, “Şərur düzləri”, “Çex qızının məhəbbəti”, “Qoşa söyüd”,
“Ordubad” və digər şeir və poemalarında aydın görürük. Şair qələmə aldığı
əsərlərində “Şeirin, sözün Vətəni, xoş baharlı Naxçıvanım” deyərək ayın
seyrə gəldiyi Qızlar bulağını, “Narzan” kimi qiymətli olan “Badamlı”sını,
yurdumuzun gözəlliklərinin bir parçası olan Xal-xal meşəsini, Naxçıvanın
dərdlərə dərman duzunu, Araz dərdini, bu diyarın göy tarlalı Şərurunu,
dalğalarla qucaqlaşan Arpaçayını, “böyük aləm” dediyi doğulduğu
Şəkərabad kəndinin təbiətini, Batabatın qəlb ovsunlayan gözəlliyini,
Əlincənin əzəmətini, Bəhruz Kəngərli kimi sənətkarlarını, Koroğlu,
Babəktək qəhrəman oğullarını, xumargözlü qızlarını yüksək poetik
səviyyədə, orijinal bədii vasitələrlə tərənnüm edib. Şair “Şərqin şöhrəti”
(böyük ədib Cəlil Məmmədquluzadəyə), “Sevib yaşatdı” (Turan Cavidə),
“Naxçıvan yadigarı” (“Naxçıvan yadigarı” mənzərə albomunun müəllifi
rəssam Bəhruz Kəngərliyə) şeirlərində isə bu qədim diyarı elm və
mədəniyyət ocağı, böyük sənətkarlar yurdu kimi məhəbbətlə təsvir edir...”
Əlbəttə, bu, qürurverici haldır. Bir şairin öz doğma yurdu, sevimli
məmləkətinə məhəbbət dolu silsilə şeirlər həsr etməsi vətənlə vətəndaş,
yurdla eloğlu arasında saf duyğularla cilalanmış bir sevginin təzahürüdür.
Naxçıvanın tarixinə dair yunan, ərəb, fars, Azərbaycan, türk, rus
mənbələrində xeyli məlumat vardır. Eyni zamanda xalq arasında da
müxtəlif rəvayət və əfsanələr mövcuddur. Əfsanələrin birində Naxçıvan
bəşər nəslinin ilk beşiyi kimi təsvir olunur. “Ümumdünya daşqını” – “Nuh
əfsanəsi” ilə bağlı olan deyimlərdə qeyd olunur ki, Naxçıvan insanın ulu
əcdadı olan Nuh peyğəmbərin ilk dayanacaq yeri olmuş və Nuhun gəmisi
burada düşərgə salmışdır. Naxçıvanın Nuh tərəfindən salınmış ilk şəhər və
insanların ilk köç yeri olduğunu yazan tədqiqatçılar da olmuşdur. Alimlərdən
biri əsərlərinin birində Nuhun Naxçıvanda vəfat etməsini və orada dəfn
edilməsini qeyd edir. Belə bir fikrə K. A. Nikitinin “Naxçıvan şəhəri və
Naxçıvan qəzası” adlı məqaləsində də təsadüf edilir.
Elm və dövlət xadimi Kamran Rəhimov belə yazır. Yazır ki,
Naxçıvan şəhərinin adını Nuh peyğəmbərin adı ilə bağlayırlar. Qədim
akkad, yəhudi, şumer əfsanələrində “Nuh tufanı” adlanan əfsanəyə rast
gəlinir. Onların məzmunu demək olar ki, eynidir. Əfsanənin qısa məzmunu
belədir: “Nuh Allah – təaladan xəbər tutur ki, Yer üzü günaha batıb,
dünyanın üzünü su basacaq. Ona görə də böyük bir gəmi düzəldib öz
ailəsini və hər canlıdan bir cüt götürüb gəmiyə minir. Gəmi səfər zamanı
Ağrı dağına, Naxçıvanın şərqindəki İlandağa (əfsanəyə görə “İnandağa”),
Ordubadın başının üstündəki Ələngəyə və Arazın sahilindəki Kəmkir
dağlarına toxunub keçir. Gəmi Gəmiqayada quruya oturur. Nuh gəmi
toxunan dağlara ad verir”.
Əfsanəyə görə, Kəmkir dağı əfsanəvi gəminin dayandığı ilk yer
olub. Nuh peyğəmbər buradan Ağrıdağ istiqamətinə yola düşüb, orada
n da Naxçıvan ərazisinə gəlib. Yolda bu gəmi Naxçıvanın indiki Culfa rayon
u ərazisində olan İlanlı dağa toxunub. Nəhəng gəmi dağın zirvəsinə çırpılm
aqla o, iki yerə haçalanıb. Elə o vaxtdan da bu dağ Haçadağ adlanıb.
Bu rəvayətdən də göründüyü kimi, “Nuh tufanı” Naxçıvan ərazisi ilə
bağlıdır. Hətta bəzi alimlərin yazdığına gör, Nuhun qəbri Naxçıvandadır.
Lakin erməni mənbələri saxtakarlıqlarından əl çəkməyərək, bunu yenə öz
istədikləri kimi yozurlar.
Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə,
Naxcıvan şəhərinin cənubunda Nuhun, şimal-qərbində isə onun bacısının
qəbri var. Bu isə o deməkdir ki, Nuh peyğəmbər də, onun ailə üzvləri də bir
müddət bu torpaqda yaşayıblar.
XIX əsrin 80-ci illərində Naxçıvanda maarifçiliklə məşğul olan K. A.
Hikitinin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı kitabının bir yerində
deyilir: “Əfsanəvi gəmi quruya çıxdıqdan sonra Nuh Naxçıvan şəhərinin
yerləşdiyi yerdə məskən saldı. Öz
ailəsi ilə birlikdə burada qərar tutdu və gələcək şəhərin əsasını qoydu. Şəh
ərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana
gəlmişdir”.
Beləliklə, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə, ellərdən ellərə bizim
zəmanəmizə qədər gəlib çatmış el rəvayətlərinə görə, Naxçıvan torpağına
uydurma erməni patriarxı Nou yox, dünya səyahətinə çıxmış əfsanəvi Nuh
peyğəmbərin ayağı dəymiş, Naxçıvan da (Nuh çıxan) öz adını buradan
almışdır. Nuhun gəmisi İlandağı yararaq orada öz izini qoymuş və nəhayət,
qədim Ordubadın dilbər guşələrindən olan alagözlü Göygölə kölgə salan,
onu həmişə buzlar ağuşunda saxlayan, öz şəffaflığı ilə brilyantı xatırladan
Göygölün keşiyində duran Gəmi qayada özünə əbədi məskən salmışdır.
Burada 250 - dən çox qaya daşları üzərində Nuhun gəmisinin, onun
sakinlərinin sərgüzəştləri öz əksini tapmışdır.
Naxçıvan şəhərində Köhnə Qala deyilən ərazidə Nuh peyğəmbərin
məzarüstü türbəsi bərpa edilmişdir. Üç hissədən -
sərdabə, türbə və çardaqdan ibarət olan səkkizguşəli bu abidədə tikinti işl
əri uğurla bitmişdir. Kaşı daşlarla işlənən həndəsi ornamentlər abidəyə
xüsusi yaraşıq
verir. Türbənin çardaq hissəsi isə piramida şəklində əlvan metallardan işlə
nib.
Rus tədqiqatçısı V.M.Sısoyev Nuhun türbəsini təsvir edərkən onun
mərkəzində diametri 2 metrə çatan səkkizguşəli sütun olduğunu qeyd
edib. XVI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-
Şərifi nəinki Nuh peyğəmbərin qəbrini, hətta gəmisinin də qalıqlarının Naxçı
vanda olması barədə məlumat verib. Yəhidi alimi İosif Flavi də öz tədqiqatla
rında Naxçıvan torpağını Nuhun gəmisinin dayandığı ilk ərazi hesab edib.
Rus alimləri İ.M.Dyakanov Gəmiqaya qayaüstü rəsmlərindən danışarkən N
axçıvanın Nuhla bağlı tarixinə də toxunub, K.İ.Smirnov isə Nuhun qəbrinin
Naxçıvan şəhərinin cənub hissəsində olduğunu göstərib.
Şair Əli Göydağlının “Gəmiqaya düşüncələri”ndə dediyi röya kimi
gözəl düşüncələrə dalır:
Gəmiqaya şahə qalxmış kəhərdir,
Ağ buludlar zirvəsində yəhərdir.
Günəş doğub qaşqasında, səhərdir,
Elə bil ki, üzəngidir dərələr.
Çay-çeşmələr dağların göz yaşıdır,
Güney-quzey baharıyla qışıdır.
Hər anında neçə fəsil yaşadır,
Gözəlliyin çələngidir meşələr.
Kəkliyə bax, xınalanıb necə də,
Qaqqıldayıb almır məni vecə də.
Qartal uçur ənginlərdən ucada,
Yorgunluğum belə yerdə dincələr.
Zümrüd rəngli çəmənlərə, çölə bax,
Duman örtüb dərələri, tülə bax.
Dağ qoynunda mürgüləyən gölə bax,
Bərəsində yalqız qalıb ov mələr.
Zirvələri şanapipik daraqlı,
Keçmişləri Kərəm, Əsli soraqlı,
Dilə tutsan, Koroğludan maraqlı,
Ürəyinə dastanlardan söz ələr.
Pozulmazdır bu dağların halayı,
Gəmiqaya adı Nuhdan qalıbdır.
At üstində anam mənə laylayı,
Bu yerlərin havasında çalıbdır.
Realist rəssamlıq məktəbimizin banisi olan Bəhruz Kəngərli Nuh peyğəmbə
rin Naxçıvandakı türbəsini düz altı dəfə naturadan kətan üzərinə köçürüb.
Həmin nadir əsərlər indi qiymətli eksponatlar kimi Naxçıvandakı mədəniyyə
t ocaqlarında - Dövlət Tarix Muzeyində və Bəhruz Gəngərlinin ev-
muzeyində nümayiş olunur.
Şərqin ən məşhur mağaralarından biri, eyni
zamanda Azərbaycanın ən böyük piri olan “Əshabi-kəhf”in adı ərəb dilindən
götürülmüşdür və tərcüməsi mağara insanları mənasını verir. Onun adı
hətta müqəddəs Qurani-Kərimin Əl-Kəhf surəsində xatırlanılır, lakin
tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin
müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadəetmə
tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.
Xalq arasında deyirlər ki, “Əshabi-kəhf”i yeddi il ardıcıl ziyarət etmək
Kərbala, hətta Həcc ziyarətinə bərabərdir. Yəni kimin həmin ziyarətgahlara
getmək imkanı yoxdursa, bura getməklə savaba çata bilər.
Naxçıvanla bağlı olan hər bir elmi məlumat bizdə maraq doğurmaya
bilməz. Bəzi tədqiqatçılar “Naxçıvan” sözünün mənşəyinin qədim
tayfalardan birinin adı ilə bağlayırlar. A. M. Marr yazır ki, Qafqaz xalqlarının
dilində (hazırda çeçenlərin) “nax” – xalq, qəbilə, “çus” – insan mənasını
verir. “Van” kəlməsi isə qədim Midiya dilində məkan, yaşayış yeri
mənasında işlənmişdir. Demək, Naxçıvan Nax - çau – van (xalq - insan -
məkan) sözlərinin etnotoponomik birləşməsidir.
Tanınmış dilçi - alim A. Axundov yazır ki, “toponimin birinci tərkib
hissəsi “Nax”- Nuh peyğəmbərin adının fonetik variantı, türk dillərində isim
düzəldən şəkilçi “van” isə qədim İran dilində “yer, məskən” mənalarında
işlənən toponimin formasıdır. Beləliklə, “Nuhçıxan” – “Nuh tərəfdarlarının
məskəni” mənasını bildirən qədim toponim – Naxçıvan yaranmışdır və
bəlkə də bir həqiqətdir ki, fransız alimi Dyubada Monperanın qeyd etdiyi
kimi, “Naxçıvan tarix qədər qədim şəhərdir”.
XVI əsr görkəmli türk alimi və səyyahı Övliya Çələbi Naxçıvan
şəhərinin yaranışını Turanın əfsanəvi hökmdarı Əfrasiyabın adı ilə bağlayır.
Orta əsr tarixçisi Moisey Xoreili eramızdan əvvəl VI əsrdə baş vermiş
hadisələrdən danışanda Naxçıvanın adını çəkir.
Naxçıvan qədim şəhərdir, sorağı yüzilliklərin, minilliklərin arxasından
gəlir, şəhərin keçmişi, mədəniyyəti, tarixi, yetirdiyi böyük şəxsiyyətlər haqda
iftixar hissiylə danışırıq. Lakin bu qədimilikdən bizim günlərə çox az şey
gəlib çatmışdır. Əsrlər boyu uzun bir yol gələn bu şəhər dönə-dönə
dağıntılara məruz qalıb, sökülüb, yenidən tikilib, yerlə - yeksan edilib,
yenidən dirçəlib ayağa qalxıb. Onun tənəzzül dövrü də olub, yüksəliş
dövrləri də.
Tarixi mənbələrdə yazılır ki, Naxçıvan monqolların istilasından sonra
demək olar ki, tamamilə dağıdılmışdı. 1253 - cü ildə burada olmuş fransız
monarxı Vilhelm Rubruk həmin dövrdə Naxçıvanın səhraya çevrildiyini
yazırdı. Amma tarixi bir reallıqdır ki, nə istilalar, nə dağıntılar, nə də
düşmənlərin ardı – arası kəsilməyən hücumları, mübarizə dolu qızğın
döyüşlər Azərbaycanın bu misilsiz şəhərini yer üzündən silə bilməmişdir.
Naxçıvan hər acı zərbələrdən sonra yenidən dirçəlmiş, güc toplamış, daha
da inkişafına davam etmişdir.
12 il Teymurləngin ram edə bilmədiyi, düşmən mühasirəsinə
mərdliklə sinə gərən qüdrətli Əlincə qalası! Zaman – zaman yunanların,
ərəblərin, monqolların, tatarların hücumlarına məruz qalan, başı çox
müsibətlər, bəlalar çəkən Əlincəmiz! Əsası XI – XII əsrlərdə qoyulmuş,
xalqımızın mərdlik rəmzi kimi təsvir edilmiş, fatehlərə qarşı məğrurcasına
dayanmış Əlincəqalamız “Kitabi – Dədə Qorqud” dastanında da möhkəm,
qüdrətli bir istehkam kimi təsvir olunur.
Əlincə qalasının əzəmətli hasarı dağın ətəklərindən başlayaraq
pillələr şəklində yuxarıya doğru ucalır və onun “kiçik bir şəhərciyi”
xatırladan zirvəsini tamamilə əhatə edir. Qala qapısı Xanağa kəndinə
tərəfdir. Qalaya dağın üç tərəfindən piyada yol var. Bu yollar üzərində
müdafiə məqsədi ilə hələ orta əsrlərdə qaravulxanalar və əzəmətli bürclər
tikilmişdir.
Qala üç geniş sahədən ibarətdir. Birinci sahədən ikinci və üçüncü
sahələrə qalxmaq üçün daş pillələr vardır. Qalanın əhatə etdiyi ərazidə
inzibati və yaşayış binalarının uçmuş divarları və dağılmış təməl daşları indi
də görünməkdədir. Qutval adlanan qala rəisi, yaxud qorçubaşı üçün olan
binanın yerlədiyi sahə yaxın kəndlərin əhalisi arasında Şahtaxtı adlandırılır.
Qalada 600 nəfərədək döyüşçünün yaşaması üçün imkan olmuşdur.
Qalanın daxilində mühasirə vaxtı su ehtiyatı saxlamaq məqsədi ilə qayada
müxtəlif ölçülü hovuzlar çapılmışdır. Burada yeddiyə qədər su hovuzu
qeydə alınmışdır. Dağın yuxarı zirvəsindən qaya üzərində kiçik arxlar
salınmışdır. Həmin arxlar vasitəsilə hovuzlara yağış və qar suyu axıb
toplanırmış. Yay fəslində bu hovuzlardan bir qisminin suyu qurusaymış
belə, böyük hovuzda həmişə su ehtiyatı olarmış. Qalanın daxilində vaxtilə
silah düzəldilən karxanalar, ilxı və mal-qara üçün tövlələr və s. köməkçi
vasitələr olmuşdur. Qala bəndinin möhkəmliyi və dağın özünün sıldırım
olması onu alınmaz bir müdafiə istehkamına çevirmişdir.
X əsrdə yaşamış salnaməçilərdən Taronlu Stepan “Ümumi tarix”
əsərində müasiri olduğu hadisələrdən bəhs edərkən Əlincəqalanın yerli
feodallara məxsus əsas sığınacaq yeri olduğunu qeyd edirdi. Onun
yazdığından məlum olur ki, həmin qalada hakim və zadəgan ailələri feodal
hərbi toqquşmaları və müharibələr zamanı mühafizə olunarmış. Qalanın
arşagid, yəni əşgani, yaxud sasani dövrlərinə aid olduğuna dair fikirlərə dair
rast gəlmək mümkündür. Azərbaycan alimi Ə. Ələkbərov hələ XX əsrin 30-
cu illərində Əlincəqalada tədqiqat aparan zaman oradakı hovuzların birində
sasani dövrünün barelyefi olduğunu müşahidə etmişdir. Hər halda belə bir
nəticəyə gəlmək imkanı yaranır ki, qalanın əsası hələ erkən orta əsrlər
dövründə, yəni VI – VII əsrlərdə qoyulmuşdur.
Azərbaycan atabəyləri – eldəgizlərin hökmranlığı dövründə (1136-
1225) Əlincə qalasının əhəmiyyəti daha çox artmışdı. Belə ki, həmin qalada
eldəgizlərin xəzinəsi saxlanılır və kökmdar ailəsinin təhlükəsizliyini təmin
etmək üçün bir sığınacaq yeri kimi istifadə olunurdu. Məhəmməd Cahan
Pəhləvanın arvadı, Naxçıvanın hakimi Zahidə xatunun əsas iqamətgahı
həmin dövrdə Əlincəqalada yerləşirdi və eldəgizlər dövlətinin xəzinəsi
burada mühafizə olunurdu.
XV əsrdə İspaniya səfiri Ryu Qonzalis Klavixo öz gündəliyində
məğrur qalamız barədə yazırdı: “Əlincə qalası yüksək və sıldırım bir dağ
üzərində yerləşərək, divarla əhatə olunmuşdur. Divarların daxilində, dağ
yamaclarının aşağı hissəsində üzümlüklər, bağlar, otlaqlar, bulaqlar və
hovuzlar vardır. Qəsr və ya qalaça dağın başında yerləşibdir”.
Məğrurluq simvolu kimi ucalan Əlincə, zəmanəmizdə neçə-neçə
şairin, rəssamın həvəslə yaratdığı mövzuya çevrilib. Poeziya dünyamızda
öz dəsti-xətti olan şair Nüsrət Kəsəmənli “ƏIincədə bir axşam” da yazır ki:
Dağlar kəhər kimi yüyənlənibdir,
Görəndə düşmənin donmazmı qanı?
Daşlar yumruq kimi düyünlənibdir
Bu qədər yumruğun sahibi hanı?
Zirvələr buludlu,
döşlər dumanlı,
Sirli əsrlərin marağı yatıb.
Sandım hər qayada bir dəliqanlı
Marığa yatıb...
Bu yerdə kimlərin harayı qalıb
Səs verdim,
qayalar kəsdi səsimi.
Dağlar Əlincəni çiyninə alıb,
Əlincə dağların zirehi kimi.
Göylər od-alovla dillənsə əgər,
Qala ildırımı yıxar dərəyə...
Bir qaya zirvədən gillənsə əgər,
Daşlar qoşun kimi axar dərəyə.
Əlincə qalası...
hər daşı qədim...
Burda qollarıma güc gəldi sanki.
-Bir igid yoxdumu buyursun, - dedim,
Daşlar yaralı tək dikəldi sanki.
Burda çox gəlmələr atdan
yıxılıb,
Çoxunun dilində qalıb buyruğu;
Burda qorxaqların qəlbi sıxılıb,
Kişilərin yumruğu...
İndi qartallarmı qoruyur dağı,
Dünənki canlımı hər sükut - kölgə.
Qayalar qoynunda yuva qurmağı
Qonub zirvələrə məğrur durmağı
Qartal igidlərdən öyrənib bəlkə.
Gedirəm...
Hiss məni bir də gətirər,
Deyimmi Əlincə güldür, çiçəkdir.
Bu dağa qum əksən, qaya bitirər,
Daş əksən qalaya çevriləcəkdir.
Zaman-zaman bu möhtəşəm qala - abidənin müxtəlif ölkələrdən
sorağına və ziyarətinə gələn qonaq şair və yazıçılar öz Əlincə sevdalarını
ədəbiyyatın səhifələrinə, poeziyanın misralarına köçürmüşlər. Rus şairi
Pyotr Saykonun “Əlincə qalası” şeirinin sevgi dolu harmoniyasına bir
baxın:
Dağlarda vüqarla durub Əlincə,
Tarixdən əbədi bir xatirə tək.
Göstərir işğalçı xanlara necə
Bu yer qalib gəlib odlar keçərək.
O, şöhrət qazanıb vuruşmalarda,
Polad səngər olub ellərə dünən.
Amansız Teymurun qılıncı burda
Zirehli döşlərlə düşüb kəsərdən.
Dağların əyilməz təbiətini,
O, bir kitab kimi danışır bizə,
Qoca Nəiminin məhəbbətini
Yadigar saxlamış ellərimizə.
Onun görkəmində bir əzəmət var,
Zirvələr ucadır, dərələr dərin.
Zərbinə dözmüşdür bu sərt qayalar,
Silaha söykənən cahangirlərin.
Bu gün o göstərir bütün cahana.
Odlar ölkəsinin məğrurluğunu,
Şərəf çələngidir Azərbaycana,
Dağlar öz köksündə saxlayır onu.
Pyotr Saykonun səmimi duyğularla Naxçıvanın əzəmətli dağlarının
hüsnünə vəsf etdiyi “Araz üstdə görüş” şeiri də ürəklər tez yol tapır:
Araz sahilində böyük fərəhlə,
Məğrur qarşıladı məni bu dağlar.
Bu yer ilhamımı gətirdi dilə,
Gördüm ki, torpağın min büsatı var.
Bəyaz çalmasında şiş zirvələrin
Bu yurdun əzmini seyr elədim mən.
Çatdı qulağıma ötən illərin
Zəfər sədaları qərinələrdən.
Göründü gözümə qanlı vuruşlar,
Qranit dağların əzəmətində
O, düşmən önündə, yenilməz vüqar,
Əyilməz olmuşdur darda, çətində.
Baxdım Araz üstə gur işıqlara,
Gördüm ki, zəhmətlə açılır səhər,
O qədər qürurla baxdım dağlara,
Süzüldü qəlbimə odlu sətirlər.
Eramızdan əvvəl dördüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində isə N
axçıvan ərazisində Oğlanqala, Govurqala, Çalxanqala kimi qala-
şəhərlər yaradılıb. Onların izləri bu gün də yaşayır.
Naxçıvan şəhərinin adı müxtəlif dövrlərdə müxtəlif tarixi mənbələrdə
müxtəlif formalarda işlədilib. İlk dəfə Naxçıvan şəhərinin adı antik yunan
filosofu Klavdi Ptolomeyin II əsrdə “Coğrafiya” əsərində qədim yunan
dilində Naksuana kimi təqdim edilib.
Eramızdan əvvəl meydana gələn Naxçıvan şəhərinin adı orta əsr
ərəb mənbələrində Nəxcyan, eyni zamanda Nəşəva, yaxud Nəşəvi kimi
işlədilir. Əhməd ibn Lütfüllah “Kitab - i cami əd – duval” əsərində yazır:
“Nəşəva şəhəri həmin Naxçıvandır”. Nəşəva sözünün ərəd dilində mənası
“böyüyən, inkişaf edən” deməkdir. Mənbələrdə Naxçıvanın “Nəxcəvan”,
“Nəxcuvan”, “Nəxcuan”, “Nəqcuan” kimi qədim adları da mövcuddur. Bəzi
fars müəllifləri Naxçıvanın Nəxcir sözündən meydana gəldiyini qeyd edir.
Nəxçir adı Sasani şahı Bəhramın ləqəbi olmuşdur. Mənası “ov, ovu sevən,
ovlayan, ov edilən yer və qənimət” deməkdir. Bəhram Sasani şəhəri qurub-
yaradarkən bu adı ona vermişdir. Bir neçə tədqiqatçı bu faktı təsdiq
etmişlər.
Yazırlar ki, yer üzündə bundan çox əhalisi olan şəhər yox idi. Şəhərin
yaxınlığında qala tikilmişdir. Qalada mədrəsə və məscid vardır. Şəhərdə
çoxlu saray, köşk və eyvan vardır. Bütün binalar kəcdən və bişmiş
kərpicdən inşa edilmişdir. Köşklərin çoxu qəsrlər kimi üç-dörd mərtəbəlidir.
IX - XI əsrlərdə qədim Naxçıvanın “qızıl dövrünün” kiçicik bir təsvirindən:
“... Naxçıvan qüdrətli Eldəgizlər dövlətinin paytaxtıdır. Şəhər qapılarından
çoxminlik ordular uzaq yürüşlərə çıxır və böyük qənimətlə, zəfərlə qayıdıb
gəlirlər. Şəhərin küçələrində gur bir həyat çağlayır. Uzaq - uzaq ölkələrə
mal dolu karvanlar yola düşür. Naxçıvanın dulusçu, dəmirçi, xalçaçı,
zərgərlərinin düzəltdikləri məmulatları dünya bazarlarına daşıyırlar. Araz
çayında gəmilər üzür...”
1064-cü ildə Araz çayını keçən Alp Arslanın qoşunları yerli ustalar
tərəfindən düzəldilmiş çay gəmilərindən istifadə etmişdir.
Hələ X-XII əsrlərdə Naxçıvanda xalçaçılıq öz inkişafını davam
etdirirdi. Burada toxunulan əsrarəngiz, gözəl ilmələrlə zəngin olan yaraşıqlı
“Naxçıvan” xalçası keyfiyyətinə görə də Yaxın Şərq və Avropa ölkələrində
yüksək qiymətləndirilirdi. Bu xalça texniki və bədii xüsusiyyətlərinə görə
Qarabağ xalçaları ilə uyğun olduğu üçün həmin xalça növü tədqiqatçı
mütəxəssislər tərəfindən “Qarabağ qrupuna” daxil edilmişdir. Naxçıvan
xalça ustaları tərəfindən toxunulmuş bəzi xalçalar Təbriz çeşnəli hesab
olunur. Naxçıvanda həmçinin nəfis Zili, Şəddə, Vərni kilimlər də toxunurdu.
Şəddə və Vərni istehsalının vətəni Naxçıvanın özü olmuş, zaman keçdikcə
başqa şəhərlərə yayılmışdır. Zili isə Naxçıvanda toxunulan ən qədim xalça
növlərindən biridir. Özünün gözəlliyi ilə məşhur olan Naxçıvan xalçaları
artıq orta əsrlərin sonuna doğru Avropa ölkələrinə aparılırdı.
XII əsrdə yaşamış naxçıvanlı rəssam-nəqqaş Osman ibn Səlmanın
hazırladığı zərif qablar həmin dövr incəsənətinin ən gözəl nümunəsi hesab
olunur. Fransada, Parisin Luvr Muzeyində görkəmli rəssamın kiçik bir kuzə
üzərində gümüşlə işlənilmiş əl işi bu gün də qorunub saxlanmaqdadır.
Tətbiqi incəsənət ustaları içərisində həmçinin naxçıvanlı zərgər Xəlilin də
adı qeyd olunur.
Şərq, xüsusilə İran və türk mənbələrində Naxçıvanı bəzən ərəb və
fars kəlmələrindən ibarət olub “dünyanın bəzəyi” mənasını verən “Nəqşi –
Cahan” adlandırırlar. Şəhərin bu təsvirinə ilk dəfə XIV əsrdə Elxanilər
dövründə yaşamış Azərbaycan filosofu, tarixçisi, dilçi alimi, dövlət xadimi
Məhəmməd ibn Hinduşah Naxçıvaninin “Dərəcələrin təyinində katibin
göstərişləri” adlı əsərində və İran tarixçisi, şairi, coğrafiyaşünası, məmuru
Həmdullah Qəzvininin “Nüzhət əl-qülub” əsərlərində rast gəlinir.
Məhəmməd Naxçıvani yazırdı: “Təbriz və Bağdaddan sonra Naxçıvan kimi
cəlallı və əzəmətli şəhər yox idi”. Qəzvini Naxçıvan haqqında qeyd edirdi ki,
şəhər gözəldir və ona “Nəqşi – Cahan” deyirlər.
Naxçıvan şəhərinin yaranışını Turanın əfsanəvi hökmdarı Əfrasiyabın
adı ilə bağlayan Övliya Çələbi XVII əsrdə yazdığı “Səyahətnamə” əsərində
Naxçıvandan bəhs edərək yazırdı ki, “Qələyi Naxşivan” Nəqşi – Cəhan
həqiqətən dünyanın ən gözəl şəhəridir”.
Naxçıvan doğrudan da Yaxın Şərqin gözəl və məşhur şəhərlərindən
biri olmuşdur. Bəzi müəlliflərin fikrinə görə, “Nəqşi- Cahan” Naxçıvanın
adının mənası olmayıb, bu ad yalnız orta əsr müəllifləri tərəfindən şəhərə
verilən epitetdir. Çünki orta əsrlər dövründə Yaxın Şərq ölkələrində “Nəqşi
– Cahan” adı ilə məşhur olan başqa şəhərlər də mövcud olmuşdur.
Məsələn, Orta Asiyanın Səmərqənd vilayətində “Çoban – Ata” dağının
ətəyində “Nəqşi – Cahan” adlı şəhər mövcud olub. Buna baxmayaraq, çox
maraqlıdır ki, XVII – XVIII əsrlərə aid rəsmi dövlət sənədlərində də bəzən
Naxçıvan şəhərinin adı “Nəqşi – Cahan”, “Nəqşe – Cuan” və yaxud
“Nəxcuan”, “Nacəvan” kimi də işlədilib.
XII əsrdə Yaxın Şərqin bir çox ölkələrində olduğu kimi, memarlıq
Azərbaycanda da yüksək səviyyədə inkişaf etmişdi. “Naxçıvan memarlıq
məktəbi”ninsə özünəməzsus nüfuzu vardı. Xalqın içindən çıxmış onlarla
memarlar yüksək zövq və məharətlə yerli inşaat materiallarından istifadə
etməklə ən müxtəlif zəngin naxışlar və ornamentlərlə bəzədilmiş
əvəzolunmaz gözəl sənət nümunələri yaradırdılar. Naxçıvanda bir çox
abidələr: məscidlər, türbələr, karvansaralar, körpülər, yaşayış evləri,
hamamlar və s. tikililər inşa edilmişdi. Öz füsunkarlığı, möhtəşəmliyi və
möhkəmliyi ilə şöhrət qazanan bu binalar haqqında hələ orta əsr müəllifləri
çox bəhs etmişlər. Naxçıvan abidələri içərisində Atabəy və Atababa
türbələri xüsusi yer tutaraq Azərbaycan memarlığının şah əsərləri və inciləri
hesab olunurlar. XII əsrin görkəmli memarı olan Əcəmi ibn Əbubəkr
Naxçıvaninin əsrlərə və nəsillərə yadigar qoyduğu bu cahanşümul abidələr
tarixin neçə-neçə əsrlərindən keçərək zəmanəmizə qədər gəlib çıxmışdır.
Əcəmi, Atabəy türbəsinin qarşısında duran portalın, eyni zamanda
Qarabağlar kəndindəki türbənin qarşısındakı cüt minarənin də memarı və
nəqqaşı olmuşdur.
Böyük rus sənətşünası, görkəmli tarixçi-alim Mixail Vladimiroviç
Alpatov Naxçıvandakı Atabəy günbəzi haqqında yazmışdır: “Firdovsinin
“Şahnamə”si, yaxud Nizaminin “Leyli və Məcnun”u kimi Şərqin ölməz
klassik əsərlərində duyduğumuz bəşəri təravət qoxusunu biz Naxçıvan
abidəsində duyuruq”.
Hazırda Naxçıvan Muxtar Respublikasında 1162 tarixi - mədəniyyət
abidəsi mövcuddur. Bunlardan 58 abidə dünya əhəmiyyətli, 455 abidə ölkə,
649-u isə yerli əhəmiyyətlidir.
Naxçıvan şəhərində XVIII əsrə aid tarixi-memarlıq abidəsi olan Xan
Sarayı Şərq memarlıq üslubunda tikilmişdir. Abidə XX əsrin əvvəllərinə
qədər Naxçıvan xanlarının yaşayış evi olmuşdur. Sarayı XVIII əsrin
sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərli
tikdirmişdir. Xan Sarayı 1998-ci ilin aprelindən Naxçıvan Xalça Muzeyi kimi
fəaliyyət göstərir. Muzey 8 zaldan ibarətdir. Bunlardan biri Naxçıvan
xanlarına həsr olunmuşdur. Yaradıldığı vaxt muzeydə 359 eksponat qeydə
alındığı halda, hazırda onların sayı 2000-dən artıqdır. Burada, demək olar,
bütün xalça növlərinin və xalça məmulatlarının (məfrəş, heybə, xurcun,
çuval, örkən və s.) nümunələri nümayiş etdirilir.
Əlbəttə, Naxçıvan memarlıq məktəbinin böyük nümayəndələri olmuş
və onların zəmanəmizə çatan və çata bilməyən əsrarəngiz abidələrindən
bir yazı həcmində bəhs etmək mümkün deyil. Lakin Naxçıvan memarlıq
məktəbi haqqında görkəmli sovet incəsənət tarixçisi, professor, Moskvada
Şərq Mədəniyyəti Muzeyinin direktoru olmuş Boris Petroviç Denikenin
yazdığını xatırlamamaq olmur: “Məlum olur ki, gözəl xalq ustaları,
memarları yetirən Naxçıvan memarlıq məktəbi, memarlıq tarixində çox
parlaq bir hadisədir”.
XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin ərazisinə daxil olan
Naxçıvan yenə əvvəlki əsrlərdə olduğu kimi, ölkənin mühüm sənətkarlıq
mərkəzlərindən biri hesab olunurdu. Şəhərda bacarıqlı memarlar,
toxucular, dərzilər, misgərlər, dulusçular, zərgərlər, dəmirçilər, bənnalar,
başmaqçılar, dabbaqlar və s. sənətkarlar vardı. Şəhər mühüm toxuculuq
mərkəzlərindən biri idi. Təbii ki, bu da şəhər ətrafında müxtəlif növdə
pambığın becərilməsi ilə bağlı idi. Pambıq becərilməsi geniş yayılmışdı.
Mənbələrin verdiyi məlumata görə, Naxçıvanda yeddi növ; “Zaği”,
“Munlayi”, “Zəfərani”, “Ləli”, “Xas”, “Bəyaz” və s. adlı pambıq hasil olunurdu.
“Bəhram – yuri” və “Qələmkar” adlanan basma naxışlı pambıq və çit
parçalar çox işlənirdi. İpəkçilik və ipək parça toxuma peşəsi Naxçıvanda
əsrlər boyu mövcud olmuşdur. Lakin yerli ipəkçilik bir qədər tənəzzülə
uğradığı zaman Naxçıvanda yerli ipəklə bərabər, dünya şöhrəti qazanmış
Təbriz, Ərdəbil, Şirvan və Ərəş ipəyindən də istifadə edilmişdir.
Həmin vaxtlar Naxçıvanda meyvə bağları az idi. Şəhər ətrafındakı
bostanlarda qovun, qarpız yetişdirilirdi. Naxçıvan üzümü xüsusi şöhrət
qazanmışdı. Avropa ölkələri ilə aparılan ticarətdə Naxçıvan xüsusi rol
oynayırdı. Çünki Təbrizdən Qara dəniz sahili şəhərlərinə gedən ən qısa və
Qara dəniz vasitəsilə Avropaya gedən yol da Naxçıvandan keçirdi.
Naxçıvandan və Culfa tərəfdə Araz çayı üzərinən keçən körpülər bu yolu
xeyli rahatlaşdırırdı. Türkiyədən gətirilən yerli və Qərbi Avropa malları
Naxçıvan vasitəsilə Azərbaycanın bir çox şəhərlərinə çatdırılırdı.
Avropa və Şərq ölkələrindən bir çox tacirlər, səyyahlar, missionerlər, siyasi
və dövlət xadimləri XVI əsrdən etibarən Naxçıvana gəlməyə
başlamışlar.Venessiyadan Vinsento Alessandri, İngiltərədən Nyupiri,
Almaniyadan Tekdander, Fransadan Jan Batist Tavarnye və Puley Lekuz,
Türkiyədən qeyd etdiyim kimi, Övliya Çələbi və Katib Çələbi Azərbaycanda,
o cümlədən Naxçıvanda olmuşlar.
XVII əsrdə bacarıqlı, bilikli təbib kimi tanınmış İbrahim ibn Zeynəddin
Naxçıvaninin həyat və fəaliyyəti barədə olduqca az məlumat qalmışdır.
İbrahim hələ gənc yaşlarından atası ilə Dəməşqə getmiş və orada tibb
elminin sirlərinə dərindən yiyələnmişdir. Həyatının sonuna qədər çox
sevdiyi təbabətlə məşğul olmuşdur. “Təbiblərin rəisi” kimi şöhrət qazanmış
İbrahim Zeynəddin eyni zamanda fiqh elmi ilə də məşğul olmuşdur. (Fiqh -
ərəbcə bir kəlmə olub “dərindən başa düşmək, anlamaq və qavramaq”
mənalarını verir. Qurani-Kərimdə 20 yerdə keçən fiqh kəlməsi və növləri
“söylənən sözün məqsədini qavramaq”, “dərindən bilmək” kimi mənalarda
işlədilmişdir.
(ardı var)
Qafqaz.Media