“Ölkəmizdə 14-15 yaşlı narkotik istifadəçilərinini sayı artır” - Təhsil ekspertindən SENSASİON AÇIQLAMA
Nuranə Şıxəliyeva: “Əvvələr 25-30 və 40 yaşdan yuxarı insanlar narkotikə qurşanırdısa, indi 14-15 yaşlı məktəblilər arasında da narkotik istifadəçilərinə rast gəlinir”
"Narkomaniyaya aparan yol əksər hallarda siqaretdən keçir"
“Əsas problem ondan ibarətdir ki, narkomaniyay qarşı aparılan maarifləndirmə işləri qanedici deyil. Hansı qrup ki, daha çox risk altındadır, biz onları əhatə edə bilmirik. Xüsusilə narkomaniyanın gəncləşməsi problemi baş alıb gedir. Maarifləndirmə proseslərində iştirak etməyən gənclərin narkotikin qurbanı olması problemi ortaya çıxır. Biz cəmiyyət olaraq sosial institutların inkişafını təmin etməli, əhatəliliyini artırmalıyıq ki, təhlükədə olan şəxsləri xilas edə bilək”.
Bunu Stopnarkotik.az saytına açıqlamasında təhsil eksperti, pedaqoq Nuranə Şıxəliyeva bildirib. O, hesab edir ki, yeniyetmə və gənclərə narkotik satıcılarının onları necə tora saldıqlarını öyrətmək lazımdır: “Biz gənclərə narkomafiyaların narkodilerlər vasitəsilə onları necə tora saldıqlarını öyrətməliyik. Artıq tora düşəndən sonra ona “narkomaniya pisdir” deməyin heç bir mənası yoxdur. Narkomaniyaya dünyada xroniki xəstəlik deyirlər. Onu müalicə etmək o qədər də asan deyil.
Bu gün dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da narkomaniya cavanlaşır. Narkomaniya artıq bizim universitetlərimizə, məktəblərimizə daxil olur. İctimai yerlərdə tütün məhsullarının istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki narkomaniyaya aparan yol əksər hallarda siqaretdən keçir. Yetkinlik yaşında tütündən istifadə edən uşaqlar, gənclər narkomaniyanın bir addımlığında olurlar. Artıq dünyanın əksər ölkələrində ictimai yerlərdə siqaretin çəkilməsinə məhdudiyyət qoyulub”.
N.Şıxəliyeva deyir ki, ölkəmizdə 14-15 yaşlı narkotik istifadəçilərinini sayı artır: “Ölkədə narkoti istifadəçilərinin yaşı azalıb. Əvvələr 25-30 və 40 yaşdan yuxarı insanlar narkotikə qurşanırdısa, indi 14-15 yaşlı məktəblilər arasında da narkotik istifadəçilərinə rast gəlinir. Üstəlik, biz cəmiyyət olaraq bu gün narkomaniya ilə yanaşı, məişət zorakılığına, erkən nikahlara qarşı mübarizə məsələlərini də müzakirə edirik. 13-14 yaşlı qızların özündən 15-20 yaş böyük kişiylə evləndirilməsi faktları hamımıza bəllidir. Buna “adət-ənənə” adı qoyuruq, nəticədə qızlarımızın təhsili yarımçıq qalır.
Narkomaniyaya meylliliyin yaranması ilə əlaqədar yeniyetmənin şəxsiyyətində, motivasiya-tələbat strukturunda əhəmiyyətli dəyişikliklər baş verir. Narkotiklərə meylli olan yeniyetmələrin iradəsi də dəyişikliyə məruz qalır, onlarda qətiyyət ancaq narkotikin qəbuluna istiqamətlənən birtərəfli məna alır.
Narkomaniyanın ictimai təhlükəliliyi əsasən insanların fiziki və psixi sağlamlığının ciddi şəkildə pozulmasında, onlarda ruh düşkünlüyünün, intellektual səviyyənin, ictimai fəallığın aşağı düşməsində, sosial əlaqələrin daralmasında və parçalanmasındadır. Narkotiklərdən istifadə nəticəsində psixi xəstəliklərə düçar olan, cəmiyyətdə tüfeyli həyat sürən narkomanlar tərəfindən ictimai təhlükəli əməllərin, o cümlədən cinayət əməllərinin törədilməsi hallarına tez-tez rast gəlmək olur. Buna görə də narkomaniyanı kriminogen amil hesab etmək olar. Məhkəmə-istintaq təcrübəsində narkotik eyforiya və ya abstinent sindrom vəziyyətində narkomanların ən müxtəlif xarakterli cinayətlər törətməsi barədə çoxsaylı faktlar vardır”.
Təhsil eksperti bu fikirdədir ki, gəncləri narkotik istifadəsindən qorumaq üçün onları məsuliyyətli, özünə güvənən, problemlərinin öhdəsindən gələ bilən müstəqil bir fərd olaraq yetişdirmək lazımdır: “Bu baxımdan, valideynlərin üzərinə böyük vəzifələr düşür. Yeniyetməlik dövrünün xüsusiyyətlərini öyrənmək, həddindən artıq qoruyucu hərəkət etməmək, biganə qalmamaq, dostların əhatəsini bilmək, dəyişiklikləri görmək, mühakimə etmədən dinləmək, təhdid etməmək, səbr və anlayış göstərmək, ən əsası öz davranışları ilə nümunə göstərmək lazımdır”.
Nuranə Şıxəliyeva vurğuladı ki, narkomaniya və digər zərərli vərdişlərin törətdiyi fəsadların yeniyetmə və gənclər arasında təbliği üçün könüllülərin köməyindən yararlanmaq olar: “Bu sahədə könüllülər əsasən fəal oxuculardan, yeniyetmə və gənclərdən, xüsusilə də yuxarı sinif şagirdləri, universitet tələbələrindən təşkil oluna bilər. “Könüllü oxucu qrupları” narkotik vasitələr, psixotrop maddələr və digər zərərli vərdişlərlə bağlı qısa məlumat xarakterli kitabçalar, bukletlər, bu sahədə yeni çap olunmuş kitablar haqqında informasiya vərəqələri hazırlayıb yaxın ərazilərdə evlərə paylaya, bu mövzuda öz oxuduqları kitablar haqqında oxuculara məlumat verə bilərlər. Könüllülər həmçinin “Narkomaniya - əsrin bəlası”, “Narkomaniyaya dur deyək” və s. başlıqlarda maarifləndirici əhəmiyyət daşıyan sosial çarxlar da hazırlaya bilərlər. Narkotik vasitələr, psixotrop maddələr və digər zərərli vərdişlərin törətdiyi dəhşətlərin yer aldığı belə sosial çarxların sayt və sosial şəbəkələrdə yayımlanması da olduqca vacibdir”.
Təhsil eksperti sonda onu da bildirdi ki, narkomanların müalicəsi üçün tibb müəssisələrinin sayı artırılmalıdır: “Düşünürəm ki, maarifləndirmə işləri ilə yanaşı, artıq bu bataqlığa, narkomaniya tələsinə düşən şəxslərin müalicəsi üçün müəssisələrin sayının artırılması da məqsədəuyğundur”.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Stopnarkotik.az