VAŞİNQTON KÜRD SEPARATÇILARINI “SATIR” – Ağ Ev Suriyadan keçən neft-qaz dəhlizlərini Ankaraya güzəştə gedir

16/12/2024 - 13:14

Türkiyənin Suriyada ən önəmli planlarından biri PKK/PYD/SDG teror ünsürlərini sıradan çıxarmaqdır. Bu separatçı-terrorçu təşkilatlara ən böyük dəstək ABŞ-dən gəlir. Separatizmi dəstəkləyənlər arasından Rusiya və İran bölgədən çəkildi. Vaşinqtonda isə məsələyə münasibətlə bağlı ciddi fikir ayrılığı yaranıb.

Seçilmiş prezident Tramp ˝Suriyada işimiz yoxdur˝ deyir, Pentaqon isə ˝İŞİD-lə mübarizədə müttəfiqimiz olan kürdlərə dəstəyimiz davam edir˝ mövqeyindədir. Maraqlıdır ki, kürd separatçılarının lideri Məzlum Abdi ABŞ-dən yardım tələb edir və elə həmin gün ABŞ-nin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli Trampı Türkiyə və Ərdoğanla daha sıx münasibətlər qurmağa çağırır.

 

 

Sahədən gələn xəbərlər onu söyləməyə əsas verir ki, Pentaqonun bütün çabalarına baxmayaraq, Türkiyə öz sərhədindəki terroru bitirəcək. Amma Ankara oyunu elə qurub ki, bu təmizləmə əməliyyatında Türkiyənin “əli təmiz qalır”. Belə ki, PKK-SDQ terrorçularını rəsmi türk ordusu deyil, Suriya Milli Ordusu, türkmən tuqayları, yerli ərəb aşirətləri və hətta suriyalı kürd aşirətləri sıradan çıxarırlar.

ABŞ-nin regionda yürütdüyü separatçılıq oyunu reallığı zorlamaqdır. Kürdlər ABŞ-nin onlara verdiyi və dövlət qurmaq istədikləri ərazilərdə azlıqdadırlar. Firat çayının şərqində yerləşən və kürdlərə “verilən” bu geniş ərazilərdə ərəblərin, türkmənlərin, xristianların ümumi sayı kürdlərin sayından 5-7 dəfə çoxdur. Yəni, böyük azlıqda olan kürdlərin həmin ərazilərdə kürd dövləti qurmaq şansları sıfırın altındadır. Bunu heç şübhəsiz amerikalılar da bilir. Amma kürdləri növbəti dəfə aldadaraq, öz maraqlarının təmini üçün onlardan vəkalət gücləri kimi istifadə edirlər.

Türkiyə isə tam tərsinə, öz planlarını sahədəki real qüvvələr nisbətinə uyğun şəkildə qurur. ABŞ azlıqda olanları zorakı metodlarla bölgənin sahibi etməyə çalışır, Türkiyə isə əzici çoxluqda olan bölgə xalqlarının əli ilə Pentaqonun yaratdığı zorbaçı qurumu dağıdır. Digər tərəfdən, ABŞ-nin bölgəyə logistika imkanları məhdud və bahalıdır. Pentaqon Suriyanın şimalında da bir müddət öncə Əfqanıstanda üz-üzə qaldığı vəziyyətə oxşar situasiya ilə rastlaşıb. Sahədəki real vəziyyət Türkiyənin lehinədir. Üstəlik, dünya sürətlə dəyişir, ABŞ-nin önündə problemlər çoxdur, Trampın ən yaxşı bacardığı iş isə pul saymaqdır. Böyük ehtimalla, Ağ Ev bu bahalı və perspektivsiz avantüraya görə Türkiyə kimi qüdrətli NATO müttəfiqini qarşısına almayacaq. Deməli, kürd separatçıları növbəti dəfə “satılır”.

Heç şübhəsiz, sərhədindəki terror və bölücülük bataqlığını qurutmaq Türkiyənin Suriya siyasətində ən mühüm məqamdır. Amma iş bununla bitmir. Ankaranın ikinci marağı “terror koridoru” adlandırdıqları enerji və logistika dəhlizini sıradan çıxarmaqdır. ABŞ-nin kürd silahli qruplarına verdiyi dəstəyin pərdə arxasında, həm Suriya neftinə çökmək, həm də İradakı Mosul və Kərkük neftinin “terror koridoru” üzərindən Ağ Dənizə çıxarmaq planları dayanır. Bu koridorun şimal qolu Hələb üzərindən Ağ Dənizə açılmaqdır. Türkiyə illər öncə Suriya ilə sərhəddə dörd böyük hərakat reallaşdırmaqla koridorun şimal qolunu ləğv edib. “Terror koridoru”nun cənub qolu isə kürd separatçılarının nəzarət etdikləri ərazilərdən və daha sonra Suriya paytaxtı Dəməşqdən keçərək İsrailə qədər uzanan dəhlizdir. Bu dəhlizə israillilər “Davud koridoru” adını veriblər. Hazırda Türkiyə dəstəkli müxaliflər Dəməşqi də nəzarət altına alıb. Nəticədə, Ankara “terror koridoru”nun hər iki qolunu gündəlikdən silib. Bu gün həmin neft dünya bazarına əsasən Türkiyə üzərindən çıxarılır. “Terror koridoru”nu bağlamaqla rəsmi Ankara neft tranziti “payını” ABŞ-nin və İsrailin əlindən almış olur.

Suriyada sabitliyin bərpa edilməsi daha iki böyük enerji tranziti layihəsinin yolunu açır. Bunlardan birincisi Misir və İsrail qazının Suriya və Türkiyə ərazilərindən keçərək Avropaya çatdırılmasıdır. Qəzza müharibəsi başlanana qədər Misir, İsrail və Türkiyə arasında bu barədə ciddi danışıqlar gedib. O zaman Suriya xaos içində idi və qazın Türkiyəyə dənizin dibinə döşənəcək borularla çatdırılması planlanırdı. Suriyada vəziyyətin sabitləşməsi bu layihənin daha ucuz və Suriya torpaqlarından keçən yerüstü variantını mümkün edəcək.

İkinci böyük layihə isə Qatar qazının İraq və Suriya üzərindən Türkiyəyə, oradan da Avropaya nəql edilməsidir. Hər iki layihənin baş tutması üçün Suriya ərazisindəki kürd separatizmi aradan qaldırılmalıdır. “Stavka” çox böyükdür. Suriyada sabitliyi Türkiyə təmin edəcəksə, enerji dəhlizlərinə nəzarət də böyük ölçüdə Ankaranın əlində olacaq.

Sonda qeyd edək ki, bu günlərdə Ankarada səfərdə olan Dövlət katibi Blinken də “Suriyanın gələcəyi ilə bağlı bütün məsələləri Türkiyə ilə razılaşdırdıq” bəyanatını verib...

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ