Sabiq icra başçısının oğlu 1 milyon manat vergini ödəməmək üçün ölkədən QAÇIB

23/10/2024 - 17:10

Bakı Ağır Cinayətlər Məhkəməsində "Uniklinika”nın baş həkimi Aruz Əliyevlə Etiram Kərimovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Hurriyyet.az xəbər verir ki, Musavat.com-un xəbərinə görə, hər iki şəxsə Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. İş üzrə Zərdab və Mingəçevirin 14 il boyunca icra başçısı olmuş Lütvəli Babayevin oğlu Babəli Babazadənin adı zərərçəkən olaraq keçir. Babaəli Babazadə vergidən 1 milyon manat yayınmaqda suçlanır, hətta buna görə ölkədən qaçdığı iddiası da var. Müttəhimlər 2 milyon manatlıq dələduzluqda ittiham olunurlar. Cinayət işinin materiallarına görə, Babaəli Babazadənin tikinti şirkətinin 1 milyon manatlıq vergi borcuna görə ona məktub gəlib. Həkim-cərrah olan dostu Aruz Əliyev ona ölkədən getməsini məsləhət görüb. Babaəli Babazadə Türkiyəyə qaçıb və Azərbaycandakı işlərinin yönəldilməsindən ötrü Aruz Əliyevə baş etibarnamə verib. Türkiyədə olduğu müddətdə onun bir evi və bir obyekti satılıb. İttihama görə, 2 milyon manatı təqsirləndirilən Aruz Əliyev və Etiram Kərimov mənimsəyib. Təqsirləndirilən şəxslər bu ittihamı qəbul etmir, Babaəli Babazadənin onları şərlədiyini deyirlər. Bildirirlər ki, əmlakları sabiq icra başçısının oğlunun istəyi ilə satıb, pulu da özünə göndəriblər. Orada xərcləyib, indi atasının qorxusundan yalan danışır. Bu cinayət işi üzrə Babaəli Babazadə zərərçəkmiş, atası da şahid kimi dindirilib. Prosesdə müttəhimlərin vəkilləri müvəkkilləri barəsində qəti imkan tədbrinin dəyişdirilməsini istəyiblər. Aruz Əliyevin vəkili deyib ki, müvəkkili baş həkimdir, onun iş yeri bəllidir. Çağırış göndərilmədən birbaşa axtarış elan olunub. Vəkilin fikrincə, məqsəd də istintaqdan yayınma görüntüsü yaradıb həbs qərarı çıxarılması olub: "Dəvət olunmayan, iş yeri bəlli, daimi yaşayış yeri olan adam haqqında niyə birdən-birə həbs-qətimkan tədbiri seçilsin? Onun həbsdə saxlanması üçün heç bir əsas yoxdur”. Etiram Kərimovun vəkili məhkəməyə fotolar təqdim edərək onların sübut kimi qəbul olunmasını istəyib: "Guya dindirməyə apararkən idarədə ayaqyolunun qarşısından qaçmaq istəyib. Bu, mümkün deyil. Oranın şəkillərini çəkmişik. Bu şəkilləri vəsatətimizə qoşma olaraq təqdim etmək istəyirik”. Vəkillər ittihamın bütövlükdə qurama olduğunu vurğulayıblar. Onlar bir sıra şəxslərin məhkəmədə əlavə şahid kimi dindirilməsini də istəyiblər. "Heç bir sübut-dəlil olmadan bizə cinayət işi açıblar. Guya biz bu pulları mənimsəmişik. Əslində isə biz o pulları görməmişik. Qondarma ittihamla bizi bir ildir girov saxlayırlar”, - təqsirləndirilən Etiram Kərimovun sözləridir. Vəsatətlər təmin edilməyib. Əlavə şahidlərin dindirilməsi məsələsi də baxılmamış saxlanılıb. Aruz Əliyev və Etiram Kərimova ittiham verilən maddədə 14 ilədək həbs cəzası nəzərdə tutulub. Lütvəli Babayev 2005–2007-ci illərdə Mingəçevirin, 2007–2019-cu illərdə isə Zərdabın icra başçısı vəzifəsində çalışıb. Onun oğlu Azərbaycanda "BLB” MMC-nin rəhbəri olub. 2021-ci ildə Moskvada "Liqa-Stroy” MMC-ni təsis edib. Keçmiş icra başçısının ailəsinə məxsus daha bir şirkətsə "Top Point” MMC-dir. Bu şirkət 2014-cü ildə Lütvəli Babayevin həyat yoldaşı Rübabə Babayevanın adına təsis olunub. Proses oktyabrın 31-də davam etdiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Salyanda ev yanıb
11/11/2024 - 16:39
Pensiya alanlara xəbər var
11/11/2024 - 16:37