“Şoltsun Putinə zəngi Pandora qutusudur” - “Putinə də elə bu lazım idi”
Xəbər verildiyi kimi, dünən Almaniya kansleri Olaf Şolts 2022-ci ildən bu yana ilk dəfə Vladimir Putinə zəng edib. Təbii ki, telefon danışığının əsas mövzusu Rusiyanın Ukraynaya qarşı davam edən işğalı olub. “AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünənki videomüraciətində Şoltsun Putinə zəngindən açıq narazılığını bildirib. Onun sözlərinə görə, bu zəng daha çox Putinə lazım idi: "Kansler Şolts mənə dedi ki, Putinə zəng edəcək. Olafın zəngi, məncə, Pandora qutusudur. İndi başqa söhbətlər, başqa zənglər də ola bilər. Sadəcə çoxlu sözlər". Zelenskinin sözlərinə görə, Putinin çoxdan bəri istədiyi də məhz budur: “Çünki Putin üçün Rusiya Federasiyasının təcridini zəiflətmək və heç nə ilə nəticələnməyəcək danışıqlar aparmaq son dərəcə vacibdir. O, onilliklər boyu belə edib. Bu, Rusiyaya öz siyasətində heç nəyi dəyişməməyə, məhiyyət etibarilə heç nə etməməyə imkan verdi və indiki müharibəyə gətirib çıxardı. Biz indi bütün bu çağırışları başa düşürük və nə etymək lazım olduğunu bilirik. Ona görə də xəbərdarlıq edirik: "Minsk -3 olmayacaq, bizə real sülh lazımdır".
“AzPolitika.info”