Türkiyə sularında neft tankerlərinin tıxacı yaranıb - FOTO
G7 ölkələri və Avropa İttifaqının Rusiya neftinin qiymətinə tavan tətbiq etməsindən sonra Türkiyə sularında neft tankerlərinin tıxacı yaranıb.
Qafqaz.media bu barədə “Financial Times”-ə istinadən xəbər verir.
Bazar ertəsi, dekabrın 5-də Avopa İttifaqının qüvvəyə minən qərarına əsasən, Rusiya xam neftini yükləyən tankerlər həmin yanacağı 60 dollardan baha qiymətə satarlarsa, Qərbin sanksiyasına məruz qalacaqlar. Məhdudiyyət neft axınını saxlamaq, eyni zamanda Moskvanın gəlirlərini azaltmaq üçün tətbiq edilib.
Məlumata görə, bazar ertəsi təxminən 19 xam neft tankeri Türkiyə sularından keçmək üçün növbədə dayanmalı olub. Türkiyə sularında və ətrafında gözləyən tankerlər qiymət məhdudiyyətlərinin Rusiya ixracından kənarda qlobal neft axınına mane ola biləcəyinin ilk əlamətidir.
Türkiyə sahillərində gəmilərdəki neftin böyük hissəsi qazax mənşəlidir. Qazaxıstan nefti Rusiya limanlarına boru kəməri ilə daxil olur və Qərbin sanksiyalarına düşmür.
Ankara Rusiya neftinə qiymət tavanı tətbiq edildikdən sonra Qara və Aralıq dənizi arasında hərəkət edən neft tankerlərindən sığorta haqqı tələb edib.
Həmçinin bildirilir ki, Aİ-nin bu yanacaqlara qarşı sanksiyaları qüvvəyə minmədiyi üçün Türkiyə hakimiyyət orqanları xam neft deyil, benzin və dizel kimi neft məhsulları daşıyan tankerlərə sərbəst şəkildə icazə verir.
Qafqaz.media