Vaşinqtondan bir ayda ikinci zəng

30/04/2024 - 13:17

Pərvanə SULTANOVA

pervane525@mail.ru

"ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazırdır". Aprelin 28-də ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon söhbəti zamanı bu fikirləri səsləndirib. Blinken Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb.

Prezident İlham Əliyev iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib. Prezident İlham Əliyev delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Dövlət başçısı sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Prezident bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Dövlət katibi Antoni Blinken ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlət başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Dövlət katibinin səsləndirdiyi fikirlər onu deməyə əsas verir ki, ABŞ Azərbaycanın sülh gündəliyini və onun irəliyə aparılmasını, nəticələrini dəstəkləyir, eyni zamanda Bakı ilə münasibətlərin genişləndirilməsində maraqlıdır. Azərbaycanın sülh gündəliyi regionda dayanıqlı sülhə, sabitliyə nail olmaq, təhlükəsizliyi təmin etmək, onun inkişafına, dinc qonşuluq münasibətlərinin qurulmasına yönəlib. Son proseslər, delimitasiya sahəsindəki ilkin nəticələr həm də onu göstərir ki, vasitəçisiz danışıqlar daha səmərəlidir.

Prezident İlham Əliyev "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda məsələyə toxunaraq deyib: "Söhbət hər hansı vasitəçilikdən getmir. Çünki bu gün sərhədimizdə baş verənlər onu nümayiş etdirir ki, bizimlə heç kəsin işi olmadığı, bu vəziyyətin kiminsə siyasi ambisiyaları naminə istifadə edilmədiyi halda biz gec-tez razılığa gələ bilərik".

Mövzunu "525"ə şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib ki, aprel ayı ərzində dövlət katibi Blinken ikinci dəfədir Prezident İlham Əliyevə zəng edir. Bu da Cənubi Qafqaz regionunda postmünaqişə dövründə baş verən proseslərlə bağlıdır: "Təbii ki, İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yeni bir reallıq formalaşıb və bu reallığın əsas istiqamətlərindən biri də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh sazişinin imzalanmasıdır. Eyni zamanda, bu, prosesə, yəni normallaşma və sülh prosesinə mane olan bəzi problemlərin həlli istiqamətində ikitərəfli qaydada atılan addımlardır".

Politoloq deyib ki, Azərbaycan artıq Ermənistanla ikitərəfli qaydada bir sıra məsələlərin həllinə nail olub: "Qeyd etdiyimiz kimi, bu, ikitərəfli qaydada baş verib. Biz uzun müddət ərzində belə halların şahidi olmamışdıq. Ötən ilin sonundan başlayaraq Azərbaycanın təşəbbüsləri, prinsipiallığı və qətiyyəti nəticəsində artıq Ermənistanla birgə bir sıra uğurlu addımlar atılıb. Bura ötən il dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının birgə açıqlaması, hərbçilərin ikitərəfli qaydada mübadiləsi, COP29-la bağlı əməkdaşlıq, daha sonra bu il aprelin 19-da dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyalarının 8-ci görüşündə əldə edilmiş razılaşmanı vurğulamaq lazımdır.

Tarixdə ilk dəfə olaraq Azərbaycan Ermənistanla ikitərəfli qaydada bu ölkənin qanunsuz nəzarəti altında olan Qazaxın 4 anklav olmayan kəndinin qaytarılması ilə bağlı anlaşma əldə etdi. Bu kəndlərin danışıqlar yolu ilə qaytarılması da tarixi hadisədir. Düşünürəm ki, baş verən məqamlar fonunda ABŞ dövlət katibinin Prezident İlham Əliyevə zəng edərək proseslərə dəstəyini nümayiş etdirməsi, 4 kəndin qaytarılması və delimitasiya proselərini təqdir etməsi ilə bağlı fikirləri təbii ki, bizim reallıqlarımızın artıq dünya səviyyəsində qəbul edilməsindən xəbər verir. Çünki Azərbaycan bir sıra istiqamətlərdə paralel olaraq böyük işlər görür. Həm Ermənistanla münasibətlərin normallaşması, Cənubi Qafqazda reallıqların həyata keçirilməsi, sülh sazişinin mətninin müzakirə edilməsi, delimitasiya məsələlərinin həyata keçirilməsi, azad edilmiş ərazilərimizdə geniş bərpa və quruculuq işləri, minalardan təmizlənmə, nəqliyyat və iqtisadi kommunikasiyaların bərpa olunması istiqamətində bizə olan aid hissədə işlərin çox böyük sürətlə aparılması, dünyada ən böyük tədbirlərdən biri olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi və bütün bu proseslərin bir dövlət tərəfindən hər hansı qüsur olmadan paralel şəkildə aparılması, hər birində uğurlar əldə edilməsi, təbii ki, istənilən dövlət, o cümlədən, ABŞ tərəfindən dəstəklənməli, təqdir olunmalı, digər dövlətlərə nümunə kimi göstərilməlidir. Ümumiyyətlə, düşünürəm ki, bütün bu qeyd etdiyimiz məqamlarla bağlı Azərbaycan dövləti öz qarşısına çox mükəmməl bir yol xəritəsi qoyub və onun detallarına uyğun olaraq biz öz addımlarımızı atırıq. Beynəlxalq aləmdə həm dövlətimizin, həm də onun liderinin şəxsi nüfuzunun artmasının canlı şahidiyik".

X.Bəşirov deyib ki, son zamanlar Azərbaycana edilən səfərlər, Prezidentin xarici səfərləri, təmaslar, müxtəlif formalarda bu təmasların və görüşlərin intensiv qrafiki ondan xəbər verir ki, artıq post münaqişə dövrünə aid olan qələbədən sonrakı reallıqlarımız dünyanın mütləq əksəriyyəti tərəfindən qəbul edilir: "Dünyada fövqəlgüc olan ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq təbii ki, bu prinsiplərə əsaslanır. Çünki biz uzun illər boyu, hələ işğal dönəmində belə ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq etmişik. Bura enerji təhlükəsizliyi, logistika, iqtisadi məsələlər, sülhməramlı missiya, insan hüquq və azadlıqları ilə bağlı məsələlər daxil idi. Nəzərə almaq lazımdır ki, dünya coğrafiyasında Rusiya və İranla quru sərhədi olan yeganə dövlət, eyni zamanda Türkiyə ilə də quru sərhədi olan Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu həmişə dünya gücləri, o cümlədən də, ABŞ üçün həssas bir region olub. Bu amilləri nəzərə alsaq,  ABŞ-nin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlıq etməsi bizim üçün olduğu qədər, onlar üçün də prioritetdir, önəmlidir. Hesab edirəm ki, Azərbaycanın bu addımlarının, yəni post münaqişə dövrünə aid olan Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması dövlətimizin və xalqımızın maraqlarına cavab verən sülh, təhlükəsizlik və sabitliklə bağlı yeni reallıqların həyata keçirilməsi ABŞ tərəfindən dəstəklənir. Vaşinqton dəstəkləyirsə, deməli, kollektiv Qərbə aid olan bir sıra digər dövlətlər tərəfindən də dəstəklənəcəkdir. Təbii ki, bu da bizə onu deməyə əsas verir ki, Azərbaycan artıq Cənubi Qafqazla bağlı siyasi, diplomatik  mənzərəni tam dəyişib və bunun dünya səviyyəsində qəbul edilməsinə nail olmaqdadır". 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ceyhun Bayramov İrana getdi
03/12/2024 - 08:50