Xeyirxahlıq üçün doğulmuş millət fədaisi... - Fuad Biləsuvarlı yazır

22/07/2024 - 09:54

     Azərbaycan maarifçilik hərəkatının ilk öncüllərindən olan Həsən bəy Zərdabinin Vətən və xalq qarşısında xidmətləri ölçüyəgəlməzdir. Dövrünün ziyalı şəxslərindən olan Həsən bəy bütün şüurlu həyatını xalqının maariflənməsinə həsr etmişdir. Bütün ömrü boyu bu amal uğrunda mübarizə aparmış, cəsarəti,qətiyyəti, haqq işi uğrunda mübarizliyi ilə böyük uğurlara imza atmışdır.
      Həsən bəy Zərdabinin nəcib maarifçilik yolunu tutmasında onun atasının xüsusi rolu olmuşdur. Dövrünün gözü açıq insanlarından olan atası Səlim bəy oğlunun təhsili ilə həmişə ciddi maraqlanmış, övladını Vətənə, xalqa şərəflə xidmət etmək ruhunda tərbiyələndirmişdir. Həsən bəyin bütün vücudu, xeyirxah hisslərlə dolu ürəyi həmişə Vətən üçün döyünürdü. Kənd mədrəsəsində təhsil alanda da, sonralar Şamaxıda rus dilli məktəbdə elmə yiyələnəndə də, Tiflis gimnaziyasında, ən nəhayət, Moskova Universitetində təhsil aldığı illərdə də bu nəcib hisslər onu bir dəqiqə belə tərk etmirdi. Həsən bəyin kiçik köksündə böyük ürək döyünürdü. O ürək ki, gecə- gündüz Həsən bəyi xalqını maarifləndirməyə, onları ziya işığına qərq etməyə, gözü açıq olmağa səsləyirdi. Bir maarifçi gənc kimi Həsən bəy üçün bundan böyük amal yox idi.
     "Vətənim Azərbaycandan kənar qalmağı özüm üçün ölüm hesab edirəm..."
        Həsən bəy bu sözləri Moskova Universitetində təhsil aldığı illərdə söyləyib. O illərdə ki, təhsil aldığı Universitetin fizika-riyaziyyat fakültəsinin Təbiət şöbəsinin ən yaxşı tələbəsidir. Yüksək biliyi,çalışqanlığı və əzmkarlığı ilə seçilir. Və elə bu keyfiyyətlərinə görə ona məktəb rəhbərliyindən universitetdə qalıb işləmək təklifi gəlir.
         Həsən bəyin cavabı isə yuxarıdakı qürurverici sətirlədir. Qısa, aydın və əsl vətənpərvər bir ziyalının cavabı.
         O dövrün maarifçilərininin ən böyük keyfiyyətlərindən biri də məhz bu idi ki, onlar səbrlə, dözümlə xalqın maarifləndirilməsi üçün nicat yolu axtarırdılar, zülmətdə işıq arayırdılar.
          Bir təbiətşünas alim kimi Vətənə dönən Həsən bəy çox fikirləşir.
Tükənməz arzularla dolu ürəyinin atəşini xalqının maarifləndirilməsi, ətrafda və dünyada baş verən siyasi proseslərdən xəbərdar olması üçün nə etməli?!
         " Belə də qəzet çıxarmaqdan savayı qeyri əlac yoxdur ki, o kağızın üzərinə yazılmış  qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın..."
           Həsən bəyin gəldiyi son qənaət budur.
Maarifləndirmə işıq yolu hesab etdiyi qəzetin adını da fikirləşib: " Əkinçi". Amma rejim çox güclüdür. Həsən bəy bu nəcib müqəddəs arzusunun reallaşması yolunda  israrla, inadla mübarizə aparır. Uzun-uzun yazışmalar, izahlar... Bu ağır proses nə az, nə çox düz yeddi il çəkir.
            Həsən bəyin yaradıcı olduğu " Əkinçi" qəzeti nəhayət ki, 1875 - ci ilin iyul tarixində işıq üzü görür.
           Bu müqəddəs tarix həm də Azərbaycan milli mətbuatının tarixi olur.  Qədir bilən Azərbaycan xalqı düz əsr yarıma yaxındır ki, Həsən bəy Zərdabiyə rəhmət oxuya-oxuya həmin günü milli mətbuat günü kimi qeyd edir...
         Böyük maarifçi naşiri olduğu qəzetin adını " Əkinçi" qoymuşdu. Bunun özü də böyük məna daşıyır. Belə ki,  bu qəzeti buraxmaqla Həsən bəy öz həmvətənlərinə təkcə əkin və ziraət xəbərləri vermirdi, həm də onları maarifləndirir, onlarda elmə maraq, həvəs yaradırdı. Həsən bəyin " Əkinçi"nin də məqsəd və məramı elə bu idi.
          O dövrün çətinliklərini nəzərə alsaq " Əkinçi" qəzetinin çap etməyin nə qədər mürəkkəb məsələ olduğunu təsəvvür etmək çətin deyil. Xırda bir bəhanə qəzetin nəşrinin dayandırılması ilə nəticələnirdi. Amma millət fədaisi Həsən bəy dözürdü, vəziyyətə aydınlıq gətirərək xeyirxah işini davam etdirirdi. Bədxahlar isə çox idi. Ona görə də Həsən bəy çox çətinliklərə sinə gərərək " Əkinçi" qəzetini 1877 - ci il sentyabr sonuna kimi nəşr edə bilir. İki ildən bir az artıq və cəmi 56 nömrə.
         Və 56 nömrə milli mətbuatımızın qızıl səhifələridir.
          Xalqımıza bu qızıl səhifələri bəxş edənlər isə həmişə böyük ehtirmla xatırlanır, yad edilir. Həsən bəy Zərdabi kimi maarifçi insanların səpdiyi toxumlar artıq öz bəhrələrini çoxdan verir.
          Hər il ölkəmizdə 22 iyul tarixinin Milli Mətbuat günü kimi qeyd olunması da mühüm hadisədir.
           Mətbuat zamanın güzgüsüdür. " Əkinçi" qəzeti də öz dövrünün güzgüsü idi. Həmvətənlərimizi maarifləndirirdi, zülmətdə nur saçırdı. Böyük Mirzə Ələkbər Sabir demişkən, " bu aynada özünü görənlər"i islah edirdi.
         Maarifçilik işi həmişə xeyirxah amallara və məqsədlərə söykənib. Və zaman çoxdan təsdiq edib ki, bu missiyanı yerinə yetirmək kimi nəcib bir işdən heç nə ola bilməz.
         Bu gün ölkəmizdə mətbuat azaddır. Nəşr olunası qəzet və jurnalların adlarını saymaqla qurtarmır. Hələ müxtəlif saytları, sosial şəbəkələri demirik. Mətbuat işçilərimiz arasında xidmətlərinə görə Həsən bəy Zərdabi mükafatına layiq görülənlər də var. Deməli Həsən bəy Zərdabi ənənələri yaşayır.
         Xalq qarşısında xidmətlər unudulmur. Xalqımız da vətənpərvər maarifçi oğlunun xatirəsini həmişə əziz tutur. Bu gün Azərbaycanda Zərdabi adına rayon, Bakıda onun adını daşıyan geniş və yaraşıqlı prospekt, neçə-neçə mədəniyyət obyekti var.
         Millətin əfəndisi olmaqdan uca, şərəfli nə ola bilər?! Həsən bəy Zərdabi də öz xalqının əvəzsiz əfəndisi olan şəxsiyyətlərindən idi. Ruhu şad olsun!..

Tanınmış jurnalist, siyasi icmalçı, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Qulu Məhərrəmli də dahi Həsən bəy Zərdabi haqqında fikirlərini bizimlə bölüşdü:

      
    "Həsən bəy Zərdabi millət qurucularının ön sırasında gəlir. Mirzə Fətəli Axundovdan sonra Azərbaycan ictimai şüurunun formalaşmasında, bu xalqın tərəqqisində, onun zülmətdən işığa çıxmasında, milli kimlik məsələsinin qabardılmasında, millətin özünün tanımasında, millətin elm təhsil yolunu seçməsində Həsən bəy Zərdabinin misilsiz xidmətləri var. Zərdabi konkret əməlləriynən cəmiyyətin tərəqqisində, xalqın gözünün açılmasında, onun milli inkişaf yolunu seçməsində addımlar atıb. Azərbaycanda ilk xeyriyyə cəmiyyətini Zərdabi yaradıb. İlk qəzetin, milli mətbuatın yaranması Zərdabinin adı ilə bağlıdır. Azərbaycanda teatrın təməlinin qoyulması Həsən bəy Zərdabinin adıyla bağlıdır. XX - ci əsrin əvvəllərində Azərbaycan intibahında da Həsən bəy Zərdabinin yeri var. Yəni o " Kaspi" qəzetində, " Həyat" qəzetindəki yazılarıynan, milli maarifçilik işinin genişləndirilməsiynən bilik ocaqlarının,  kitabxanalarının açılmasında, cəmiyyətin irəli getməsində çox diqqətə layiq işlər görüb. Ona görə də Zərdabi bizim millət qurucusu adına layiq olan çox böyük mütəfəkkirimizdir."

Yazını hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

Qafqaz.Media 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Rasim Abdullayev vəfat etdi
26/11/2024 - 11:37
Cücə şorbası - Hekayə
19/11/2024 - 22:18