9 AY ƏRZİNDƏ MÜHARİBƏYƏ 82 MİLYARD DOLLAR XƏRCLƏNİB… “Forbes”: “Rusiya illik büdcəsinin təxminən dörddə birini müharibəyə sərf edib”

25/11/2022 - 21:15

“Doqquz ayda Rusiya Ukraynaya qarşı müharibəyə təxminən 82 milyard dollar xərcləyib ki, bu da ölkənin illik büdcəsinin dörddə birini təşkil edir”.

Qafqaz.media xəbər verir ki, müvafiq məlumatları “Forbes” nəşri yayıb.

Nəşrin yazdığına görə, bu məbləğə Qərbin tətbiq etdiyi sanksiyalar nəticəsində sabit müdafiə xərcləri və itkilər nəzərə alınmasa da, Ukraynaya qarşı hərbi təcavüzün həyata keçirilməsi üçün zəruri olan birbaşa xərclər daxildir.

2021-ci ildə Rusiyanın bütün büdcə gəlirləri 340 milyard dollar təşkil edib. Yəni Rusiya Federasiyası artıq ötən ilki gəlirlərinin dörddə birini hərbi əməliyyatlara xərcləyib. Bununla belə, nəşr qeyd edir ki, gələn il Rusiya üçün müharibə xərci xeyli arta bilər, çünki Rusiyanın hərbi ehtiyaclarını ödəmək üçün öz resursları tükənir.

“Forbes”ə görə, Rusiya orta hesabla bir əsgərə gündə təxminən 200 dollar xərcləyir. Oktyabr ayında Rusiya Federasiyası qoşunlarının sayını kəskin şəkildə artırdı. 300 minlik səfərbərlik Rusiya büdcəsinə ayda əlavə 1,8 milyard dollara başa gələcək. Bundan əlavə, əgər yayda ölən və yaralanan hərbçilərin ailələrinə ayda 1 milyard dollar təzminat ayrılırdısa, müharibənin son aylarında bu məbləğ 3,5 milyard dolları ötüb.

Müxtəlif mənbələrə görə, Rusiya Ukraynaya qarşı gündə 10 mindən 50 minədək mərmi istifadə edib ki, bunun dəyəri 5,5 milyard dollardan çoxdur. Rusiya qüvvələri Ukrayna şəhərlərinə 4000-dən çox raket atıb və onların hər biri orta hesabla 3 milyon dollara başa gəlib.

Bundan əlavə, Rusiya Ukraynada hər birinin orta dəyəri 18 milyon dollar olan 278 döyüş təyyarəsini, həmçinin orta hesabla 104 milyon dollar dəyərində olan 261 helikopterini itirib. Rusiya döyüş təyyarələrinin ümumi itkiləri təxminən 8 milyard dollardır.

Analitiklərin hesablamalarına görə, Rusiya 3300 tankından 2897-ni itirib. Hazırda Kreml onilliklər ərzində anbarlarda saxlanılan və əhəmiyyətli modernləşdirməyə ehtiyacı olan avadanlıqları bərpa etməyə çalışır.

“Forbes”in məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibənin doqquz ayında itirdiyi hərbi texnikanın ümumi dəyəri 20,8 milyard dollar təşkil edir.

Qafqaz.media