Avropa İttifaqı Rusiya qazının satış qiyməti üçün də yuxarı hədd müəyyənləşdirdi - KREML TƏHDİDLƏ CAVAB VERDİ / YENİLƏNİB

23/12/2022 - 10:23

"Rusiya Avropa İttifaqının (Aİ) tətbiq etdiyi maksimum qiymət həddinə əməl olunmasını tələb edəcək ölkələrə neft və neft məhsulların tədarükünə qadağa qoyacaq".

Bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

O bildirib ki, bu qərarla əlaqədar Rusiya neft hasilatını azaltmağa hazırdır: "Belə ki, artıq 2023-cü ilin əvvəlində neft hasilatı 5-7 % azaldıla bilər".

Xatırladaq ki, G7 ölkələri, eləcə də Avropa İttifaqı (Aİ) və Avstraliya dekabrın 5-də Rusiya neftinin yuxarı qiymət həddininin 1 barel üçün 60 dollar müəyyən edilməsi barədə qərara gəlib. Dünən isə Rusiya Prezidenti Vladimir Putin bununla əlaqədar cavab tədbirlərini nəzərdə tutan fərman imzalayacağını bəyan edib.

***10:12

Avropa İttifaqı (Aİ) ölkələri qazın qiymətinin yuxarı həddinin tənzimlənməsi mexanizmini razılaşdırıb.

Bu barədə Aİ Şurası məlumat yayıb.

Yeni qiymət tənzimlənməsi fevral ayından etibarən bütün virtual təbii qaz ticarəti platformalarında qüvvəyə minəcək, lakin daha sonra Avropa Komissiyası istisnaların siyahısını tərtib edə bilər. Mexanizm birjadankənar əməliyyatlara şamil edilməyəcək.

Maksimum qiymət həddi Avropanın ən böyük qaz habı olan TTF-də aylıq fyuçerslərin qiyməti 3 iş günü ərzində 1 MVt/saat üçün 180 avronu (min kubmetr üçün, təxminən, 1861 avro) ötdükdə və eyni zamanda, bu qiymət dünya bazarlarında sıxılmış təbii qazın qiymətindən 35 avro yüksək olduqda avtomatik olaraq işə düşəcək.

Bu tənzimləmə mexanizmi aktiv olduğu zaman müəyyən edilmiş qiymət limitindən yuxarı qaz əməliyyatlarının həyata keçirilməsinə icazə verilməyəcək. Qiymət həddi aktivləşdirildikdə, dinamik limit ən azı 20 iş günü ərzində qüvvədə qalacaq. Qiymət müəyyən edilmiş limitdən aşağı düşən kimi mexanizm avtomatik deaktiv olacaq.

Hələlik bu plan 1 illik müddətə nəzərdə tutulub.

Xatırladaq ki, Avropa İttifaqı bundan öncə Rusiya nefti üçün də maksimum qiymət həddi (60 dollar) müəyyənləşdirmişdi.

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin bu günə olan qiyməti
26/09/2024 - 09:14
Neftin qiyməti artıb
26/08/2024 - 09:46