Avropa İttifaqının Ali Nümayəndəsi Gürcüstanı sanksiya ilə hədələyib

02/12/2024 - 07:08

Avropa İttifaqı Gürcüstana qarşı sanksiya tətbiq edə bilər. APA-nın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Kaja Kallas bildirib. Kaja Kallas deyib ki, dinc aksiyaçılara qarşı zorakılıq yolverilməzdir, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə və ölkə Konstitusiyasına hörmətlə yanaşmalıdır. Gürcüstanla bağlı məsələnin Avropa İttifaqının bütün üzvləri ilə birgə müzakirə olunacağını söyləyən Kaja Kallas mümkün addımlar sırasında sanksiya tətbiqini, o cümlədən viza verilməsinin məhdudlaşdırılmasını qeyd edib: “Aydındır ki, Gürcüstan hökuməti gürcü xalqının iradəsinə hörmət etmir”. Qeyd edək ki, Avropa İttifaqı yalnız bütün üzvlərinin razılığı ilə hər hansı ölkəyə qarçı sanksiya tətbiq edə bilər. Ancaq bir müddət əvvəl Macarıstan Baş naziri Viktor Orbanın Gürcüstan hakimiyyətinə dəstəyini açıqlaması fonunda Avropa İttifaqının belə sanksiyanın tətbiqi barədə qərar verməsi ehtimalı çox azdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ