Bataqlığa çevrilən mərkəzi küçələr - İcra Hakimiyyəti təmirə nə vaxt başlayacaq? – Qubadan REPORTAJ

26/11/2024 - 14:54

Quba şəhərində bəzi mərkəzi küçələrin yararsız vəziyyətə düşməsi sakinlərin qayğısını xeyli artırıb. Bu barədə “Report”un Şimal bürosuna müraciət edən Quba sakinləri məlumat verib. Sakinlərin sözlərinə görə, şəhərdə uzun müddət əvvəl asfaltlanmış bir sıra küçələrdə hazırda çox acınacaqlı vəziyyət yaranıb. Bildirilib ki, Mirzə Fətəli Axundov, Xətai, Qələbə və Salatın Əsgərova kimi mərkəzi küçələrdə əmələ gələn çala-çuxurlar həm piyadaların, həm də avtomobillərin hərəkətini çox çətinləşdirir. Quba Regional Perinatal Mərkəzin yerləşdiyi küçədə isə çuxurların sayı-hesabı yoxdur. Tibb müəssisəsinə üz tutan ağır xəstələr də bu “xəndəkli” yoldan keçməyə məcbur olurlar. Sakinlər deyir ki, həmin küçələr uzun müddət təmir edilmədiyindən payız-qış aylarında əsl bataqlığa çevrilir və keçilməz olur. Bu şəraitdə şagirdlərin məktəbə gedib-gəlmələri, həmçinin təcili tibbi yardım avtomobillərinin hərəkəti demək olar mümkünsüz hala gəlir. Yuxarıda sadalanan küçələrdə yaşayanlar yolların təmiri ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etsələr də, müsbət cavab almayıblar. Məsələ ilə əlaqəli Quba Rayon İcra Hakimiyyətindən “Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bəhs olunan küçələrin daxili imkanlar hesabına yaxın vaxtlarda asfaltlanması nəzərdə tutulub: “Zəruri vəsait ayrılan kimi təmir işlərinə başlanılacaq və küçələrdə müasir işıqlandırma sistemləri də qurulacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42