Bəxtiyar Ersayın müdafiə nazirinə müşavir təyin olunmasına müxalif partiyadan REAKSİYA

13/12/2022 - 17:45

Bu gün ADP İdarə Heyətinin ölkədə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.

Qafqaz.media xəbər verir ki, toplantı iştirakçıları ilk növbədə erməni separatçılarının Qarabağ ərazisində yerləşən qızıl və molibden yataqlarının qeyri-qanuni istismar edilməsinə qarşı ölkə QHT nümayəndlərinin Laçın yolunda keçirdiyi aksiyaya münasibət bildirb. Qeyd olunub ki, son vaxtlar Azərbaycanın yurisdiksiyasına daxil olan ərazilərimizdə erməni silahlı qüvvələri 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin tələblərinə məhəl qoymadan ardıcıl olaraq atəşkəs rejimini pozmuş, hərbi təxribatlara əl ataraq sərhədlərimizi pozmaq cəhdləri göstərmişdir.

Bundan başqa, Azərbaycan dövlətinin etdiyi xəbərdarlıqlara baxmayaraq, sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərimzdə yerləşən zəngin yataqlarımızı istismar və talan etməkdən geri durmamışdır.

ADP rus sülhməramlılarının dəstəyi ilə baş verən bu hərəkətləri qətiyyətlə pisləyib, bunun əldə olunmuş üçtərəfli sazişin tələblərinin ciddi şəkildə iqnor edilməsi, ölkəmizin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünün, suverenliyinin kobud şəkildə pozulması kimi qiymətləndirib və hakimiyyəti ictimai fəalların təşkil etdiyi aksiyanı dəstəkləməyə, bu aksiyanın təsirli, davamlı olması üçün daha geniş, etibarlı şərait yaratmağa, baş verə biləcək müqavimətə qarşı hərbi hazırlıqlar görməyə çağırıb. ADP bu cür aksiyaların davamlı olaraq və beynəlxalq ictimaiyyətin diqqətini cəlb edəcək səviyyədə keçirlməsini məqbul hesab edib və xalqımızı Qarabağın hər qarışının yurisdiksiyamıza qayıtması naminə fədakarlığa hazır olmağa, qəhrəman ordumuza hər cür dəstək verməyə çağırıb.

Eyni zamanda qeyd edilib ki, rus sülhməramlı kontingentin öz missiyasını tam yerinə yetirmədiyi, erməni silahlı qüvvələrini ərazimizdən çıxarmadığı, ermənilər tərəfindən Azərbaycana məxsus yataqların istismarına son qoymadığı halda sülhməramlıların fəaliyyətinə vaxtından əvvəl xitam verilməsi üçün hakimiyyət bütün vasitələri işə salmalıdır.

İdarə Heyəti qardaş Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlıq Qrupunun komandanı general-polkovnik Bəxtiyar Ersayın Azərbaycanın Müdafiə Nazirinə müşavir təyin olunması məsələsini də müzakirə edib. İdarə Heyəti bu təyinatı təqdir edərək, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması, iki qardaş ölkənin hərbi sahədə əməkdaşlığının dərinləşdirilməsi və ordumuzun müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. 

İdarə Heyəti sonda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələri də müzakirə edərək müvafiq qərarlar qəbul edib.   

Qafqaz.media