“DƏLİ” TRAMP, YOXSA “BOŞBOĞAZ” HARRIS?... - Ukraynaya kimin qalib gələməsi sərfəlidir?

28/10/2024 - 08:04

ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçiklərindən çıxacaq nəticələri bütün dünya maraqla gözləyir. Namizədlər və onların elektoratı arasındakı siyasi dünyagörüş fərqi Amerika cəmiyyətini radikal şəkildə iki yerə bölüb və bu seçkinin keçirildiyi mühit ölkə tarixinin ikinci ən kritik dönəmi hesab edilə bilər. Buna bənzər vəziyyət ABŞ-də 1861-1865-ci illərdə vətəndaş müharibəsi zamanı müşahidə olunub, lakin həmin dövrdə ABŞ-nin dünyadakı proseslərə təsiri bugünkü qədər deyildi. İndi zaman və şərtlər büsbütün fərqlidir. Amerikanın mental bölünməsi hər zaman olub, amma indi bu, öz kulminasiya nöqtəsinə çatıb və hər şey “swing state” adlandırılan “yellənən ştatlar”dakı seçimdən asılıdır. Hazırkı seçkilərdə belə kritik ştatların sayı yeddidir. Arizona, Nevada, Viskonsin, Miçiqan, Pensilvaniya, Şimali Karolina və Corciya ştatlarındakı seçkilər yeni prezidentin kimliyini müəyyənləşdirəcək. Hələ ki, keçirilən rəy sorğuları konkret kimin üstün olduğunu göstərmir və şanslar demək olar ki, bərabərdir. Tanınmış biznesmen İlon Maskın Donald Trampı dəstəkləməsi Respublikaçı namizədin mövqeyinə müsbət təsir göstərib. Aydındır ki, ABŞ Prezidentinin kim olacağının dünya çapındakı hadisələrə kəskin təsir edəcəyi şübhə doğurmur. Beynəlxalq analitiklərin qənaətinə görə Kamala Harris Baydenin yürütdüyü siyasətdə kiçik dəyişikliklər etmək şərtilə Demokratların xarici siyasətini durduğu yerdən davam etdirəcək. Amma Donlad Tramp barəsində konret fikir söyləmək çətindir, çünki o, özünü ümumi standartlardan kənar aparır və verdiyi bəyanatlardan da bəlli olur ki, onun hansı siyasət yürüdəcəyi hələ ki, tam məlum deyil. Heç şübhəsiz ki, amerikalıları əsas etibarı ilə ölkədaxili iqtisadi məsələlər daha çox maraqlandırır. ABŞ fövqəldövlət olduğundan prezident həm daxili, həm də xarici siyasətdə elə incə siyasət aparmalıdır ki, bu, dövlətin qüdrətinə xələl gətirməsin. Amerikada xarici siyasətə cavabdeh olan Dövlət Departamentindən çıxan qərarlar həmişə beynəlxalq arenanın diqqət mərkəzində durur.

Bilindiyi kimi hal-hazırda dünyadakı ən qaynar münaqişə ocaqları Rusiya-Ukrayna müharibəsi və İsrail-İran qarşıdurmasıdır. Demək olar ki, hamının nəzəri Rusiya-Ukrayna müharibəsinin nəylə nətilənəcəyinə fokuslanıb. Bəs görəsən, ABŞ-nin yeni seçiləcək prezidenti Ukraynaya yenivə həlledici nə təklif edə bilər?  Bu suala cavab tapmaq üçün Rusiya-Ukrayna müharibəsininin perspektiv inkişafına ABŞ-də kimin prezident seçilməsi prizmasından baxmalıyıq. Ortada iki varinat var. Əlbəttə, hər iki variant üzərindən aparılan təhlildən çıxarılan nəticə yalnız ehtimal xarakterlidir. Birincisi, əgər Demokratların namizədi Kamala Harris prezident seçilərsə, müharibənin gedişində hansı dəyişiklər ola bilər? Kamala Harrisin beynəlxalq siyasi təcrübəsi yoxdur. Demokratların namizədinin çıxışlarından anlaşılır ki, böyük ölçüdə ciddi yeniliklər baş verməyəcək. Belə ki, “Ukraynanı sona kimi dəstəkləyəcəyik”, ”Ukrayna xalqının yanındayıq”, ”Ukraynanın qələbəsi üçün hər şey edəcəyik” kimi şüarlar artıq xeyli vaxtdır səslənir və konkret məzmuna söykənmədiyi üçün boşboğazlıq təsiri bağışlayır. Rusiya isə “taqətdən salma”, ”sürünərək ərazi işğalı” strategiyasında müəyyən irəliləyişlər əldə edib və bu, artıq faktdır. 

Düzdür, Rusiyanın hərb maşınında ciddi aşınmlar var, muzdlu əsgər toplanılmasında axsaqlıqar artır. Lakin Rusiya ilə müqayisədə Ukraynanın problemləri daha çoxdur. Rusiya öz Hərbi Sənaye Kompleksini tam gücü ilə işə salıb və bu çarxın dönməsi üçün tələb olunan maliyyə resursu var. Rusiya iqtisadiyyatında geriləmə və inflyasiya güclənsə də müharibə üçün pul tapılır. Bayden administrasiyasının sanksiyaları heç bir həlledici nəticə verməyib. Hərçənd ki, sanksiyalara ciddi nəzarət də yoxdur və az qala hər şeyə göz yumulur. Digər yandan, görəsən, Rusiyanı beynəlxalq izolyasiyaya salacağını bəyan edən Bayden Kazanda keçirilən BRİCS-in sammitinə baxıbmı?

Qısası, Rusiya müharibəni davam etdirmək üçün bütün imkanlara malikdir, hələ üstəlik Şimali Koreya da Rusiya tərəfindən müharibəyə qoşulub. Bəs Harris dönüş yaratmaq üçün nə edəcək? Belə görünür ki, əvvəl də olduğu kimi, Ukraynaya əhəmiyyətli və genişmiqyaslı hərbi yardım edilməyəcək. Kamala Harris yalnız sələfinin köhnə tezislərini təkrarlayır və deyir ki, əgər mən prezident olaramsa, Ukraynaya dəsətklə bağlı siyasətimiz dəyişməyəcək. Bu,Ukraynanı qane edən sözlər deyil. Zelenski açıq bəyan etməsə də, ”Qələbə planı”ndan bəlli olur ki, Ukraynaya söz yox, əməl lazımdır. Hiss edilir ki, Kiyevi qələbəyə şirnikləndirərək total məğlubiyyətə sürükləyirlər. Şübhəsiz ki, ABŞ-nin hərbi və maliyyə yardımı olmasaydı Rusiya çoxdan istədiyini qazanmışdı. Ancaq qüvvələr nisbətində Qərbdən qat-qat geridə qalan Rusiyanın qarşısında aciz siyasət yürüdən Bayden hökumətinın davamçısının Ukraynanı “ağ günə çıxaracağı” inandırıcı görünmür.

Bir anlığa Rusiya-Ukrayna müharibəsinin keşmişinə baxaq. Ukrayna nə vaxt Krımı və Donbasın bir hissəsni itirdi? Demokrat Barak Obamanın prezidentliyi dönəmində. Baydenin prezidentliyi zamanı isə daha artıq ərazilər əldən getdi. Əgər Kamala Harrisin prezidentliyi zamanı da hər şey bu cür davam edərsə, hətta Xarkov və Sumı vilayətlərinin də işğalı istisna deyil. İkinci varianta nəzər salaq. Donald Tramp prezident olacağı təqdirdə müharibədə nə baş verə bilər? Trampın davranışları və çıxışları əsasında mülahizə yürütməyə çalışsaq konkret rəy vermək çətin olar. Çünki onun eyni məsələ barəsində ziddiyyətli bəyanatlarından məntiqi nəticə çıxarmaq çətindir.

Tramp ABŞ-nin xarici siyasətindən bərk narazıdır və o, Demokratları ölkənin beynəlxalq nüfuzuna və qüdrətinə ziyan vurmaqda ittiham edir. Trampa görə ABŞ-nin yenidən güclü olması təkcə ölkə daxilindəki siyasətdə yox, dünya səviyyəsində də özünü büruzə verməlidir. Halbuki, Tramp izolyanist sayılır. Ancaq bu izolyanizm XX əsrin əvvəlindəkindən fərqli xarakterə malikdir və burada başlıca məqsəd ABŞ ticarətindəki tədiyyə balansı ilə bağlıdır. Tramp deyir ki, vaxtilə Vladimir Putinə Ukraynaya hücum edəcəyi təqdirdə Moskvanı bombalayacağını söyləyib. Onun özünü “dəli” adlandırması qəribə səslənsə də, ABŞ ictimaiyyəti buna uyğunlaşıb. Hazırda Demokratlar Trampa qarşı anti-təbliğat kampaniyası aparsalar da, bu, əvvəlki effekti vermir. Səbəb səkkiz ildir Trampa qarşı oxşar və “çeynənmiş” metodlardan istifadə edilməsidir. Hətta Bayden seçki finişinə yaxınlaşarkən absurd sözlər danışır və deyir ki, Trampı seçkilərdən uzaqlaşdırmaq lazımdır, o, faşistdir. Amerika seçiciləri bəlkə də heç faşizmin mənasını tam bilmirlər və bu, onlara heç gərək də deyil. Beləliklə, Trampın özünü ziddiyyətli aparması ona qarşı hücumların sərrastlığını azaldır.

İndi qayıdaq Ukrayna ilə bağlı məsələyə. Əgər Trampın söylədiklərindən yekun nəticə hasil etsək, belə alınar ki, o, Ukraynanın Rusiya tərəfindən həzm edilməsinə imkan verməyəcək. Bəs Kamala Harris seçiləcəyi təqdirdə Rusiyanın Ukraynanı əzməyəcəyinə və tam özünə tabe etdirə bilməyəcəyinə zəmanət varmı? Demokratların hakimiyyətləri dönəmində Ukrayna addım-addım məğlubiyyətə doğru sürükləndirilib. Ukrayna müttəfiqlərinin sərt bəyanatlarının sədaları altında döyüşə-döyüşə müharibəni uduzur. Hələ ki, gördüyümüz real səhnə bundan ibarətdir.

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Kipr sahilində zəlzələ oldu
17/11/2024 - 13:15