“Dərinsulu Günəşli”dən hasilat dayandırıldı

26/04/2024 - 19:09

BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Dərinsulu Günəşli” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı BP-Azerbaijan şirkəti məlumat yayıb.

Plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat aprel ayının 25-dən başlayaraq 15 gün müddətinə dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparılsın. Bu proqram çərçivəsində müxtəlif layihələr, o cümlədən ventillərin dəyişdirilməsi, radioizotop mənbələrin dəyişdirilməsi və vacib təmir işləri həyata keçiriləcək.

Belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə həyata keçirilir. Bu proqramın planlaşdırılması işlərinə 2023-cü ildən başlanmışdır və proqram üzrə həyata keçirilən işlər 2024-cü ilin illik iş proqramı və büdcəsinə daxil edilmişdir. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil edilib.

AÇG-nin digər platformalarından, həmçinin “Şahdəniz” yatağının platformalarından hasilat, Səngəçal terminalında əməliyyatlar, Bakı-Tiflis-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri (CQBK və CQBKG) vasitəsilə ixrac əməliyyatları normal davam edir.

Bu planlaşdırılmış proqram obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarının vacib bir hissəsidir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarətdir ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycan nefti bahalaşıb
30/11/2024 - 11:46
Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09