“ERMƏNİSTAN SSRİ-yə NƏ İLƏ GƏLMİŞDİSƏ, ONUNLA DA GETMƏLİDİR” - Tofiq Zülfüqarovdan Zəngəzur açıqlaması
“Ermənistanın Rusiyanı tərk etməsi o demək deyil ki,bizim üzərimizə hürməkdən və bizi dişləməkdən əl çəkəcək”
Ermənistan hakimiyyətinin “qərbpərəst və anti-Rusiya jestləri” artdıqca, ABŞ və Fransa başda olmaqla, Qərbin Azərbaycana qarşı ritorikası sərtləşir. Lakin eyni zamanda, bütün bu oyunların sonda Ermənistanın başında “çatlaması” ehtimalı da artır.
Azərbaycanın sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov öz sosial şəbəkə səhifəsində bu mövzuyla bağlı maraqlı paylaşım edib:
“Beləliklə, ABŞ və Avropa İttifaqı Ermənistanı Qərbə “cəlb etməkdə” davam edir... İstər “rus nikahı” zamanında, istərsə də yeni yaranmaqda olan Qərblə izdivacda erməni ekspansionizminin əsas şərti siyasi və daha yaxşı olar ki, hərbi dəstəkdir.
Ona görə də Ermənistanın Rusiyanı tərk etməsi bizim üçün o demək deyil ki, “regional qalmaqalçı”(Ermənistan nəzərdə tutulur-red.) bizim üzərimizə hürməkdən və bizi dişləməkdən əl çəkəcək.
Gözlənildiyi kimi, Qərbin bizə sülh və rifah gətirdiyi barədə bütün söhbətlər, xüsusən də onun Ukraynaya getdikcə daha açıq şəkildə xəyanət etməsi fonunda mif oldu.Üstəlik, Qərb bu məsələdə hətta “20 Yanvarın müəllifini”(Rusiya nəzərdə tutulur-red.) də üstələdi. O mənada ki, Azərbaycan nə edirsə etsin, həmişə sanksiyalar altında qalacaq. Xatırladım ki, bizə qarşı sanksiyalar 1992-ci ildə, Ə.Elçibəy hakimiyyətdə olanda qəbul edilib. Ermənistan ərazilərimizin 20 faizini işğal edəndə, Xocalıda soyqırım törədəndə və 758 min azərbaycanlı öz ölkəsinin suveren ərazisində total etnik təmizləməyə məruz qalanda belə onlar ləğv olunmayıb.
Beləliklə, onların bizi "sevmədikləri" aydındır. Buna görə də, bütün “onların xoşuna gəlmək” cəhdləri mənasızdır.
Bəs, "yerdə" nələrimiz var? Bizim isə İranın mövqeyinin çox güman ki, dəyişməsi şəklində ciddi bonusumuz var - məşhur filmin qəhrəmanının dediyi kimi, “bizə mane olan bizə kömək edəcək”.
Odur ki, Ermənistanın Qərbə getməyə haqqı olduğunu və getməli olduğunu düşünənlərin sayı getdikcə artır. Üstəlik, onların sayı onun (Ermənistanın-red.) Zəngəzursuz getməli olduğuna inananların sayı hesabına xeyli artıb. Ümumiyyətlə, SSRİ-yə nə ilə gəlmişdinsə, onunla da get!”