"Fransa tərəfindən Qafqazda sülh mühitini pozmağa cəhdlər edilir" - ZAKİR AVŞAR

03/12/2022 - 13:22

Təəssüflər olsun ki, başda Fransa olmaqla bəzi qərb ölkələri tərəfindən Azərbaycanın öz doğma torpaqlarında qazandığı Qarabağ Zəfəri sayəsində Qafqaza gətirdiyi sülh mühitini pozmağa cəhdlər edilir.

Qafqaz.media "Azərtac"-a xəbər verir ki, bu fikirləri Ankara Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı professor Zakir Avşar bildirib.

Otuzillik işğal dövründə vasitəçilik adı altında təcavüzkar Ermənistanın zəbt etdiyi Azərbaycan torpaqlarına sahiblənməsi üçün mövqe sərgiləyən, Azərbaycan vətəndaşlarının əzab çəkməkdə davam etməsi üçün məntiqdən və zəkadan kənar yollarla səylər göstərən Fransa indi də qazanılmış Zəfərə, əldə edilmiş nəticəyə baxmayaraq əxlaqdan və hüquqdankənar bir yanaşma ilə Azərbaycana qarşı düşmənçilik göstərdiyini vurğulayan professor Zakir Avşar deyib: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının birliyi və qətiyyətli dəstəyi əsasında qəhrəman Ordunun qazandığı Zəfər nəticəsində işğaldan xilas edilən ərazilər Azərbaycanın ayrılmaz parçasıdır. Heç bir düşmənçilik bu həqiqəti inkar edə bilməz və Azərbaycan öz haqq işində geri çəkilən deyil. Lakin Fransanın türk dövlətlərinə və icmalarına qarşı hansı qərəzli baxışı sərgilədiyi, ortadakı açıq düşmənçilik tarixdə qara bir ləkə olaraq qalacaqdır. Bu hüquqsuz qərarlar bundan o tərəfə keçmək imkanında deyil”.

Hacı Bayram Vəli Universitetinin Jurnalistika fakültəsinin dekanı deyib ki, saxtakarlıqla dolu olan erməni yalanlarının əsirinə çevrilən Fransa Milli Assambleyası dünya miqyasında özünə tərəfdarlar tapsa belə, bizim mövqeyimiz və qətiyyətli mübarizəmiz əsla dəyişməyəcək. “Qarabağ Azərbaycandır!”, - şüarı dillər əzbəri sevimli ifadə olduğu kimi gerçəkdə də həyat amalımızdır.

Professor Zakir Avşar mövzu ətrafında fikir və düşüncələrini belə tamamlayıb: “Fransanın bu haqsız, yersiz, ağıldan və hüquqdan kənar qərarlarına etiraz edirik. Bu anlamda bütün Azərbaycan xalqını sayğı və ehtiramla salamlayır, əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq arzusu ilə bir daha bəyan edirik ki, canımızla, qanımızla, malımızla, ağlımızın və zəkamızın gücü ilə haqlı mübarizəsində sonadək Can Azərbaycanla birlikdəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33