Həyatsevərliyini 100 yaşına qədər qoruyan həkim...- Anar Məmmədov yazır

14/10/2024 - 20:32

   Bu il oktyabrın 15-i parazitar xəstəliklər üzrə təcrübəli həkim, bütün şüurlu ömrünü Azərbaycanda tibbin inkişafına həsr edən “Səhiyyə əlaçısı”, tibb üzrə fəlsəfə doktoru, “Tərəqqi” medalçısı Şəfiqə Mahmudovanın 102 yaşı tamam olur.
XX və XXI əsrin görkəmli səhiyyə işçisi kimi şöhrət qazanan Şəfiqə Mahmudova 1922-ci ildə, Bakı şəhərində anadan olub. O, Bakının mədəniyyətində, tarixində xüsusi sanbalı olan nəsillərdəndir. Belə ki, onun atası məşhur nəsil olan Selimxanovlardan, anası isə Xanlarovlar və Hacinskilərdən olub. Və Şəfiqə xanım hər zaman bu mənsubiyyəti ilə qürur duyub. Anasının bibisi oğlu, akademik Mirzə-Rza Nəzirov dövrünün görkəmli səhiyyə işçisi, diaqnost, parazitar xəstəliklər üzrə təcrübəli mütəxəssis idi. Elə gənc Şəfiqədə də səhiyyənin bu sahəsinə marağı həm anasının bibisi oğlu, həm də həyat yoldaşı, o dövrün görkəmli alimi, professor Hacıbaba Qasımov yaratmışdı. Bu iki alim gənc Şəfiqədə bu sahəyə o qədər maraq oyadırlar ki, o, nəyin bahasına olursa olsun fəaliyyətini bu sahə üzrə davam etdirmək qərarına gəlir. Taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Şəfiqə xanım 134 nömrəli orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Tibb İnsitutuna daxil olur. Ş.Mahmudova İnstitutu bitirdiyi 1949-ci ildə Azərbaycan həkimlərinin təkmilləşmə İnstitutuna Malyariya və Tibbi parazitologiya və laboratoriya diaqnostikası kafedrası üzrə kliniki ordinaturaya daxil olur. Kliniki ordinaturanı bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsində çalışır. Zəhmətkeşliyi və axtarışlara marağı ilə fərqlənən Ş.Mahmudova 1964-cü ildə Səhiyyə Nazirliyinin əmri ilə Elmi-Tədqiqat Parazitologiya və Tropik Təbabət İnstitutunun kliniki şöbəsinə elmi işçi vəzifəsinə keçirilir. O vaxta qədər Azərbaycanda toksoplazmoz kimi ağır xəstəlik çox geniş yayılmışdı, təsirli müalicə üsulları isə yox dərəcəsində idi. Ona görə də toksoplazmoz kimi
xəstəlik və onun ağır fəsadları ilə effektiv mübarizə bütövlükdə ölkə səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Şəfiqə xanım bu xəstəliyin müalicəsinin başlanğıcını qoyur, bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir və neçə-neçə xəstə onun əlindən şəfa tapır. Özünün dediyinə görə: “O vaxtlar malyariya, leşimaniyoz çox geniş yayılmış xəstəliklərdən idi. İnsanlar isə bunu ayırd edə bilmirdilər. Onlar buna adi soyuqəymə kimi baxırdılar. Biz, rayonlara ezamiyyə olunurduq, parazitar ocaqları aşkar edir, xəstələri müayinə və müalicə edirdik. Daha sonra İnstitutun əməkdaşları 1 ay ekspedisiya şəklində rayonlarda
dərmanlar çatdırırdılar”. Seçdiyi sahədə daima axtarışda olan Şəfiqə xanım 1964-cü ildə Moskvada Tibbi Parazitologiya və Tibbi Helmintologiya İnstitutunda qiyabi aspiranturaya daxil olur, 1968-ci ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir və 1969-ci ildən baş elmi işçi vəzifəsində çalışmağa başlayır. 1975-1980 illərdə helmintozların immuniteti və immunodiaqnostika laboratoriyasının müdiri vəzifəsində çalışır. Şəfiqə xanım namizədlik dissertasiyasıının müdafiəsindən dərhal sonra doktorluq mövzusu üzrə işə başlayır. Neçə illik gərgin zəhmətin, müxtəlif xəstələrin müalicəsindən əldə olunan yeniliklərin nəticəsi olaraq doktorluq işi də demək olar ki, hazır olur. Moskvada dissertasiyanın son eksperimental işlərinin yerinə yetirilməsi üçün hətta ayrıca otaq da ayrılır. Bu dissertasiya, helmintologiya və parazitar xəstəliklərin müalicəsində bir yenilik olacaqdı. Təəssüflər olsun ki, o dövrdə həyat yoldaşının qəfil vəfatı Şəfiqə xanımın yeni elmi dərəcə almasına olan həvəsini yerlə yeksan edir. Beləliklə, dissertasiya da yarımçıq qalır, onunla bağlı olan ümidlər də. Bayaq qeyd etdik ki, Şəfiqə xanımın anası Bakıda tanınmış nəsil olan Hacınskilərdən idi. Şəfiqə xanım özü isə xalqına xidməti hər şeydən üstün tutan, Azərbaycana Mustafa, Hacıbaba, Xeyrulla və Davud Qasımovlar, əməkdar elm xadimi, akademik Mirzə Feyzulla Qasımzadə, Hamid Qasımov, Elman Qasımov, “Şöhrət” və “İstiqlal” ordenli akademik Fuad Qasımzadə kimi layiqli şəxsiyyətlər bəxş edən Qasımzadələr ocağının gəlini olub. Bu həmin Qasımzadələrdir ki, ömürlərinin mənasını doğma xalqına xidmətdə görüblər, Azərbaycan elminin, təhsilinin inkişafına həsr ediblər  və hərə öz sahəsinin tanınmış mütəxəssisi olub. Belə ki, akademik Mirzə Feyzulla Qasımzadə Azərbaycan ədəbiyyatı tarixinin zəngin və məhsuldar bir mərhələsi olan XIX əsr dövrünün ilk və əsaslı tədqiqatçısı idi. XIX əsr Azərbaycan ədəbiyyatı tarixini ilk dəfə bir kurs kimi yaradan da məhz Feyzulla Qasımzadə olmuşdur. Alim bütün ömrü boyu həmin dövrün ədəbiyyatının həm tarixi, həm də nəzəri məsələləri ilə məşğul olaraq sonrakı ədəbiyyatşünaslar üçün məktəb və örnək rolu oynayan fundamental əsərlər yazmışdır. Mustafa Qasımov 1946-cı ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyasını müdafiə edərək tibb elmləri doktoru adına layiq görülmüşdür. Müharibə illərində 1 ci dərəcəli tibb polkovniki rütbəsinə qədər yüksələn, müxtəlif illərdə Zaqafqaziya Hərbi Dairəsinin Bakıda yerləşən 370 nömrəli
hərbi hospitalının tibb xidməti üzrə rəis müavini, baş həkim, səhiyyə nazirliyinin 4 saylı xəstəxanasında və Azərbaycan Elmi Tədqiqat kurortologiya və fiziki metodla müalicə institutunda mədə-bağırsaq müalicə şöbəsinin müdiri
vəzifəsində çalışıb. Davud Qasımov 50 ilə yaxın bir müddətdə doğma kəndi Mərdəkandakı məktəbdə dilimizin və ədəbiyyatımızın zənginlik və gözəlliklərini şagirdlərə aşılamışdır. Xeyrulla Qasımov 1939-cu ildə Qərbi Ukraynanın, bir il sonra Bessarabiyanın işğaldan azad edilməsində və Sovet-Fin müharibəsində fəal iştirak edib. İkinci Dünya müharibəsi başlayandan könüllü ön cəbhəyə
yollanaraq, 1945-ci ilə kimi Lvov vilayətində, Qərb, Cənub, Cənub-Qərb, Voronej cəbhələrində, Rostovun, Kurskun, Dneprin, Xarkovun, Çexoslovakiyanın, Polşanın və s. şəhərlərin azad olunmasında qəhrəmanlıqlar göstərib. O vaxtkı dövrü mətbuatda Mərdəkanlı igid döyüşçünün iyirmiyə yaxın düşmən tankını məhv etməsi xüsusi nəzərə çatdırılırdı. Cəbhədən 12 orden və medalla, saysız mükafatlarla dönən Xeyrulla Qasımovun müharibədə göstərdiyi mübarizlik və
rəşadətə dillərdə dastana dönmüşdü. Hamid Qasımov güclü qələmə malik gözəl jurnalist, publisist və tərcüməçi idi. Neçə-neçə dəyərli kitabın müəllifi və redaktoru olan Hamid müəllim uzun illər nəşriyyat direktoru kimi ağır vəzifədə uğurla çalışmışdı. Elman Qasımov riyaziyyat sahəsində görkəmli alimlərimizdən idi. Uzun illər Xalq Təsərrüfütı (indiki İqtisadiyyat) İnstitutunda bu elmin sirrlərini gənclərə aşılamış, fizika-riyaziyyat elmləri namizədi, dosent idi. Nigar xanım Qasımova filoogiya elmləri namizədi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, uşaq ədəbiyyatı, Azərbaycan-Rus ədəbi
əlaqələri sahəsində tanınmış mütəxəssisdir. Görkəmli alim, pedaqoq, “Əməkdar elm xadimi”, “Şöhrət” və “İstiqlal” ordenli akademik Fuad Qasımzadə isə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin yaradıcılığını fəlsəfi aspektdə dünyada tədqiq edən ilk filosof-alim idi. O, ictimai-siyasi xadim kimi də hər zaman xalqına vicdanla xidmət etmişdir. Belə ki, o, Azərbaycan Respublikası Ali Sovetinin 12-ci çağırış və 3 dəfə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir. Bu böyük nəslin davamçılarından olan, Şəfiqə xanımın həyat yoldaşı, professor Hacıbaba Qasımov da görkəmli alim olub. Belə ki, Hacıbaba Səmədoğlu Qasımov Azərbaycan Dövlət Universitetinin “Təbiət və riyaziyyat” və Tibb fakültəsini müvəffəqiyyətlə bitirir. O, 1942-ci ildə namizədlik, 1952-ci ildə
Moskvada doktorluq dissertasiyalarını uğurla müdafiə edir. 1946-cı ildən AEA Zoologiya İnstitutunun parazitologiya şöbəsinin rəhbəri kimi çalışan Hacıbaba müəllimin təşəbbüsü ilə həmin institutda helmintologiya, protistologiya və ekoloji parazitologiya laboratoriyaları yaradılır. Azərbaycanı qarış-qarış gəzərək tropik xəstəliklərə qarşı mübarizə yollarını öyrənməyə çalışan gənc Hacıbaba ona müraciət edən xəstələrin sağalması üçün əlindən gələni əsirgəmirdi. Elə gələcək ömür-gün yoldaşıyla tanışlığı da bu səfərlərin birində baş verir. Belə ki, 1941-1943-cü illərdə Şəfiqə xanımın bacısı Bibixanımı (o ömrünün sonuna qədər Tibb İnstitutu yoluxucu xəstəliklər kafedrasının dosenti işləyib) təyinatla Zaqatala rayonunun Əliabad kəndinə həkim göndərirlər. O da tək olmasın deyə anası və bacısını özüylə aparır. Onlar Əliabad kəndinin xəstəxanasında, qonaq gələn həkimlər üçün nəzərdə tutulan bir otaqda məskunlaşırlar. O vaxtlar Zoologiya İnstitutunun parazitologiya şöbəsinin rəhbəri olmuş Hacıbaba Qasımov bir neçə dəfə o kəndə ezamiyyətə gəlir və səfərlərin birində gənc Şəfiqə ilə tanış olur. Zəhmətkeş və ağıılı qız onun diqqətini çəkməyə bilməzdi və 1945-ci ildə onların toyu olur. Şəfiqə xanım  dağ bilib söykəndiyi, enişli- yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşıyla düz 28 il (Hacıbaba müəllim dünyasını dəyişənə qədər) çoxları üçün örnək olan ailə həyatı yaşayırlar. Bu izdivacdan da onların bir oğlu və iki qızı dünyaya gəlir. Oğulları Natiq Neft-Kimya İnstitutunu bitirib. Qızları isə valideynlərinin yolunu davam etdiriblər. Belə ki, Tumridə Hacıbaba qızı Bakı şəhər Dəri-Zöhrəvi Dispanserində həkim vəzifəsində, Pərvinə Hacıbaba qızı isə Elmi Tədqiqat Bərpa İnstitutunda həkim vəzifəsində çalışıb. 100 illik ömrünün 80 ilini parazitar xəstəliklərin müalicəsinə həsr edən Şəfiqə Mahmudova, qeyd etdiyimiz kimi, 1964-cü ildə Səhiyyə nazirinin əmri ilə Elmi Tədqiqat Parazitologiya və Tropik Təbabət İnstitutunun elmi işçi təyin edilir. O, 1969-cu ildən baş elmi işçi, 1975-80-ci illərdə helmintozların immuniteti və diaqnostikası laboratoriyasının müdiri, 1994-1997-ci illərdə parazitar xəstəliklər klinikasında baş həkim, 1997 ildə isə elm üzrə İnstitutun direktor müavini vəzifəsinə təyin olunur və 2005-ci ilədək bu vəzifədə çalışır. Həmin vaxtdan 2017-ci ilə qədər İnstitutun Malyariya, leyşmanioz xəstəlikləri və onların keçiriciləri ilə mübarizə laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışıb. Parazitar xəstəliklərin müalicəsində kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olan Şəfiqə xanım Mahmudova həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. O, peşəkar alimlərin və həkimlərin böyük bir ordusunun yetişməsinə bilavasitə iştirak etmişdir. Şəfiqə Mahmudovanın əhatəli biliyindən və uzun illərin təcrübəsindən yaranan 80-dən yuxarı elmi məqaləsi dünyanın ən nüfuzlu tibbi dərgilərində nəşr edilib. Onun zəngin elmi və əməli təcrübəsi professor H.Qasımovla birgə yazdıığı “İnsan helmintozları” və H.İ.Abdullayevlə birgə həmmüəllifi olduğu “Malyariya Azərbaycanda” monoqrafiyaları isə xeyli vaxt keçməsinə baxmayaraq bu gün də bu sahə mütəxəssislərinin stolustü kitabı kimi istifadə
edilir. Azərbaycanda tibbin inkişafına, malyariya, leyşmanioz kimi xəstəliklərlə mübarizəyə böyük əmək sərf edən Ş.Mahmudovanın səmərəli fəaliyyəti dövlətimiz tərəfindən də diqqətdən kənarda qalmayıb və o, 2013-cu ildə 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilmişdi. O, həmçinin səhiyyə əlaçısı və akademik Skryabinin 100-illiyinə həsr olunmuş medal və müxtəlif diplomlarla da təltif olunmuşdu. Yaxşı yadımdadır, iki il bundan əvvəl Şəfiqə Mahmudovanın anadan olmasının 100, elmi-təcrübi fəaliyyətinin isə 80 illiyi tamam olurdu. Eyni vaxtda V.Y.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun da 100 illik yubileyi keçirilirdi. Bildiyimiz kimi, Şəfiqə xanım bütün şüurlu həyatını bu tibb ocağına bağlamışdı. Yubiley ərəfəsində İnstitutun Elmi Şurası Şəfiqə xanımı İnstitutun Fəxri Professoru adına layiq görmüşdü. Bu münasibətlə İnstitutun direktoru, professor Adil Allahverdiyev, Parazitar və Tropik xəstəliklər şöbəsinin protozoloji bölmənin müdiri Fatma Hüseynova və gənc əməkdaşlardan Ayan Adil, Ləman Şəfiqə xanımı evində ziyarət etmişdilər. Adil
müəllim institutun 100 illiyi ilə əlaqədar Şəfiqə Mahmudovaya “Fəxri professor” adına layiq görülməsi münasibətilə təbriklərini çatdırmışdı: “Bizim institutun 100 illiyi oldu. Sizin də maşallah, 100 yaşınız. İnstitutumuzla eyni yaşdasınız, elm mərkəzimizin ən böyük alimisiniz. Uzun illər bu institutda uğurla çalışdınız, Helmintozların immunologoyası laboratoriyasını yaratmısız. Şəxsən mənim elmdə formalaşmağımda böyük rolunuz olub. Siz, bütün həyatınızı bizim instituta həsr etmisiz, bunun qarşılığını az da olsa, ödəmək üçün Elmi Şura qərara gəldi ki, institutun 100 illiyində sizi yubileyinizlə əlaqədar Fəxri Professor seçək. Bu, institutumuzun 100 illik tarixində bir ilkdir. 100 ildə ilk adamsız ki, fəxri professor seçilmisiz. Bu sizin haqqınızdır. Sizi
təbrik edirik.Daha sonra qonaqlar və ailə üzvləri təcrübəli həkim Şəfiqə Mahmudovanın keçdiyi şərəfli ömür yolu barədə məlumat verib, yadda qalan xatirələrini bölüşmüşdülər. Azərbaycan Televiziyası başda olmaqla bir neçə Televiziya kanalı, qəzet və jurnallar da Şəfiqə xanımın yubileyinə diqqətlə yanaşmış, onun haqqında maraqlı süjet, reportaj hazırlamışdılar. Şəfiqə xanım 100 yaşında da kübarlığı, səliqə-səhmanı və həyatsevərləyi ilə çoxlarından seçilirdi. Lakin, təəssüflər olsun ki, 100 illik yubileyindən bir
neçə ay sonra, 2023-cü ilin martın 27-də Şəfiqə xanım fani dünyaya gözlərini
əbədi yumdu. “İnsanın adı çox vaxt taleyinin təcəssümü olur”, deyillər. Bu baxımdan Şəfiqə xanıma verilən ad taleyinin, xarakterinin tam təcəssümüdür desək, bəlkə də yanılmarıq. Çünki, “şəfiqə” - tərcümədə “şəfqətli”, “mərhəmətli”, “canı yanan” deməkdir. Şəfiqə xanım taleyini həkimlik sənətinə bağlamışdı, bu sahənin görkəmli nümayəndəsi idi. Bütün fəaliyyəti boyu 100-lərlə, 1000-lərlə xəstəyə şəfa vermişdi və müalicə etdiyi heç bir pasientinə şəfqətsiz, mərhəmətsiz yanaşmamışdı. Bütün xəstələrinə can yandırmışdı. Düşünürəm ki, elə bütün tanıyanlar da onu belə xatırlayacaqlar – şəfqətli, mərhəmətli, canı
yanan... Allah Sizi rəhmət eləsin, məkanınız cənnət olsun, şəfqətli Şəfiqə xanım!!!

Anar Məmmədov,
Bakı Dövlət Universitetinin dosenti,
şair-publisist, Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliklərinin, Türkiyə Elm
və Ədəbiyyat Əsəri Sahibləri Məslək
Birliyinin üzvü.

Qafqaz.Media 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00
Sabiq prokuror vəfat etdi
14/11/2024 - 13:21