İRƏVAN-MOSKVA QARŞIDURMASI KƏSKİNLƏŞİR: RUSİYA HANSI ADDIMI ATACAQ? - Zəngəzur Azərbaycanın nəzarətinə keçə bilər...

01/09/2024 - 10:43

Rusiya Ermənistana ilk zərbəni Zəngəzurdan endirə bilər

 

Namiq Bilal

 

Ermənistanla Rusiya arasında münasibətlər gərginləşməkdə davam edir. Ortalıqda çoxdan başlamış və finala doğru yaxınlaşan bir proses var. Ermənistan Rusiyadan qopmağa çalışır, Moskva isə İrəvanın Qərbin yanına qaçmasına imkan verməməkdə qərarlıdır.

Qərbə doğru çevrilmək istəyən postsovet ölkələri ilə Moskvanın necə davrandığını bilirik. İstər Gürcüstan olsun, istər Moldova, istərsə də Ukrayna. Belə dövlətlərdə Rusiya hakimiyyəti dəyişməyə çalışır, alınmayanda həmin dövlətlərdən ərazi qopararaq cəzalandırır və onları daimi təhdid altında saxlayır. Bu postsovet məkanında formalaşmış standart davranışdır.

Ermənistan da eyni yolu gedir. Rusiyanın dövlət telekanallarında ˝Ermənistan Ukraynanın yolunu gedir, elə onun aqibətini də yaşayacaq˝ kampaniyası gecə-gundüz səngimək bilmir.

Düzdur, Ukrayna cəbhəsində bütün Qərblə savaşan Rusiyanın Cənubi Qafqazdakı imkanları xeyli məhdudlaşıb. Amma Rusiya kimi böyük dövlət nə qədər zəifləsə də Ermənistan kimi kiçik və zəif bir ölkəni hər zaman cəzalandıra bilər. Belə görünür, Paşinyan hakimiyyəti ˝gözü çıxmış qardaşlarından˝ ibrət dərsi alıb və Rusiyadan kəskin addımlarla aralanmaq istəmir, ayaq sürüyür. Rusiya da sərt addımlardan hələlik çəkinir və Ukrayna cəbhəsi ilə yanaşı Qafqazda ˝ikinci cəbhəni˝ açmağa tələsmir.

Lakin hadisələr şox sürətlə inkişaf edir və Zəngəzur dəhlizi məsələsi dalana dirənib. Dəhlizin açılması və Rusiya FTX-nin dəhlizdə təhlükəsizliyi həyata keçirməsi Moskvanın əlinə həm Ermənistan, həm Azərbaycan, həm də qurulan Turan birliyinə qarşı çox böyük təsir rıçağı verərdi. Üstəlik, Zəngəzurdan orta ipək yolu keçəcək və dəhlizə nəzarət həm də bu yol üzərində ciddi təsir imkani deməkdir. Sadalanan nəzarət rıçaqları Rusiya üçün çox böyük qazanc gətirəcək və bu imkanı əldə etmək üçün Moskva istənilən varianta əl atacaq.

 

 

Rusiya tələsir. Çünki ABŞ və digər Qərb ölkəkəri özlərinin çeşidli müdafiə sistemlərini addım-addım Ermənistanda yerləşdirirlər. Moskva yerində çox sayacaqsa, Qərbin Ermənistandakı hərbi gücü Rusiyanın gücünü neytrallaşdıracaq həddə qədər böyüyəcək. Bunu Moskva da görür və Zəngəzur məsələsini təxirə salınmaz bir tələb kimi ortaya atıb İrəvandan konkret cavab gözləyir. Paşinyan isə ˝nə hə, nə də yox˝ siyasəti ilə zaman qazanmağa çalışır. Heç şübhəsiz, Moskva öz planlarında İrəvanın bu ayaqsürümə siyasəti üçün bəlli bir zaman limiti qoyub. Rusiya rəhbərliyi özü üçün müəyənləşdirdiyi həmin limit dolan kimi zəruri bildiyi addımları atacaq. Paşinyanın cavabı çox ləngiyəcəksə, yaranmış ˝pat vəziyyətini˝ məhz Moskva hansısa sərt addımla pozacaq. Cəzalandırma prosesi aşkar və irimiqyaslı olacaqsa, İrəvan Qərbi özünün rəsmi tərəfdaşı elan edəcək. Kilid nöqtə Zəngəzurdur. Çox güman ki, Ermənistana ilk zərbə də Zəngəzurdan endiriləcək. Məntiqlə Rusiya bu cəzalandırma kampaniyasına Ermənistanın düşmənçilik etdiyi  Azərbaycanın da iştirakında maraqlı olacaq. Lakin Azərbaycanın bunca böyük və təhlükəli oyuna girəcəyi ağılabatan görünmür. Bununla belə, situasiya nəzarətdən çıxa və Azərbaycan üçün təhlükəli hal ala bilər. Zəngəzurda ən müxtəlif tərəflərin nəzarətində olan çox sayda silahlı qanunsuz birləşmələr var. Zəngəzur alovlanacaqsa, fakt qarşısında qalan Bakı Zəngəzurla sərhəd bölgələrini və Naxçıvanı atəş çəmbərindən qorumaq üçün bölgəyə qoşun yeridə bilər. Bu o deməkdir ki, Zəngəzur Ermənistanın nəzarətindən çıxr, Azərbaycanın nəzarətinə keçir. Hadisələr bu istiqamətdə inkişaf edəcəksə, qardaş Turkiyənin də Azərbaycanın yanında yer alacağı məlum faktdır.

 

 

Sual yaranır: Bunu Rusiya tərəfi hesablamırmi? Yaxud, Zəngəzurun Azərbaycanın nəzarətinə keçməsi Moskvaya sərf edirmi?

İlk baxışdan əlbəttə sərf etmir. Amma bir az diqqətlə baxanda mənzərə dəyişir. İrəvan Qərb və NATO düşərgəsinə keçəcəksə, bu, Rusiyaya açıq düşmənçilik elanı olacaq. Moskva özünün yaradıb ərsəyə gətirdiyi erməni dövlətinin düşmən düşərgəsinə keçməsini əsla həzm edə bilməz və onu sərt şəkildə cəzalandıracaq. Zəngəzurun itirilməsi İrəvan üçün agır cəzadır. Bu halda Ermənistan həm də dövlətinin yaşaması üçün zəruri şərt olan İranla bağlantısını itirəcək və NATO forpostuna çevrilmiş erməni dövlətinin ayaqda qalma şansı zəifləyəcək. Digər tərəfdən, Zəngəzurun İrəvanın nəzarətindən çıxması dəhliz problemini də həll edir. Bu, Moskva üçün müəyyən qazanc deməkdir. Belə halda Rusiya Azərbaycan ərazisindən təkcə Şimal-Cənub yolu kimi deyil, həm də Rusiya-Qərb yolu kimi yararlana bilir, Rusiyadan çıxan yüklər Azərbaycandan Türkiyəyə və ordan Avropaya güvənli şəkildə catdırılardı. Bütün bu deyilənlər mümkün variantlardan yalnızca biridir. Yuxarıda qeyd etdiyimiz kimi, oyun çox mürəkkəb oynanılır və hansı tərəfin ağlında hansı ssenarinin olduğunu bəri başdan hesablamaq çətindir. Oyun içində oyun ola bilər. Başqa varianta baxaq: Ciddi təhlükəsizlik məcburiyyətindən Azərbaycanın Zəngəzura qoşun yeridərsə bu, İrəvanı öz orbitinə qaytarmaq istəyən Rusiyanın işinə yaraya bilər. Bu halda Moskva Kollektiv Təhlükəsizlik Müqaviləsinini əsas gətirərək Bakıdan qoşununun çıxarılmasını tələb edər, Azərbaycana təhlükəsizlik zəmanəti verər və Zəngəzura öz qüvvələrini yeridə bilər. Hadisələr bu istiqamətdə inkişaf edərsə, Zəngəzuru itirmək istəməyən İrəvanın yenidən Moskvanın ətəyinə sığınmaqdan başqa yolu qalmayacaq. Nəticədə Rusiya iki hədəfi birdən vuracaq. Həm Ermənistanı öz orbitinə qaytaracaq, həm də Zəngəzur dəhlizinə öz təhlükəsizlik qövvələrini yerləşdirərək bu qlobal kommunikasiya xəttinə cidi təsir imkanı qazanacaq. İstənilən halda İrəvan-Moskva qarşıdurmasının kəskinləşməsi Bakı üçün cəlbedici imkanlar yaradır. Əsas sual da Bakı-Ankara tandeminin bu imkanlardan nə dərəcədə yararlana biləcəyidir. İrəvan isə bütün variantlarda itirən tərəf kimi görünür. Bəlkə də bu gün Ermənistan üçün ən az ağrılı variant Putinin irəli sürdüyü ˝dəhliz FTX-nin nəzarətində açılsın˝ tələbidir. Lakin, Paşinyanın Qərbin təzyiqlərinə sinə gərərək bu tələbə müsbət cavab verəcəyi müəmmalı görünür.

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Hazırda Tbilisi... - Video
25/11/2024 - 10:24