"Keyfiyyət meyarları da nəzərə alınmalıdır..." - Deputatdan pensiyalarla bağlı iki təklif

28/11/2024 - 12:54

"Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardı". "AzPolitika" xəbər verir ki, bunu deputat, iqtisadçı Vüqar Bayramov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib. Ekspert xatırladır ki, əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır:"Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar". İqtisadçı digər məqam kimi əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasını göstərir. Onun sözlərinə görə, Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb: "Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var".

"AzPolitika.info"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neft bahalaşmaqda davam edir
19/11/2024 - 09:19
Neft yenidən bahalaşdı
18/11/2024 - 10:09