Küçəyə atılan professor: “Hər kəs məni imkanlı biri kimi tanıyır” - REPORTAJ + FOTO

01/04/2024 - 15:23

Professor Fazil Qaraoğlu İsmayılov beş gündür ki, küçədə gecələyir. O, yaşadığı mənzilin kirayə haqqını ödəyə bilmədiyindən ev sahibi tərəfindən mənzildən çıxarılıb. Deyilənə görə, professor sığınacağa getməkdən imtina edib.

Oxu.Az-ın əməkdaşları 77 yaşlı professorun pənah gətirdiyi Mirəli Seyidov küçəsində olublar.

Professora yaxınlaşsaq da, o danışmaq istəmədiyini, hər kəsin onu imkanlı biri kimi tanıdığını deyib və çəkilişə etiraz edib. Onu sakitləşdirməyə çalışırıq. Sığınacağa getməyəcəyini deyir. İkiotaqlı mənzil istədiyini, bir otağa əlyazmalarının yerləşməyəcəyindən narahat olduğunu bildirir. Daha sonra professoru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları müayinə üçün aparırlar.

Professor uzaqlaşdıqdan sonra qonşular onun maşınlarda gecələdiyini əlavə ediblər:

“Heç nəyi qəbul etmək istəmir. Əlyazmalarını qoyub getmək onun üçün çətin gəlir. Hamımız kömək etməyə çalışırıq. “Əlyazmalarımı, illərlə topladığım sənədləri burada qoyub gedə bilmərəm”, - deyir. Ötən gecə yağış yağırdı. Ürəyimiz dözmədi maşında gecələməyi üçün şərait yaratdıq. Dediyinə görə, yoldaşı dünyasını dəyişib. Bir qızı var. O da Fransada yaşayır”.

Qonşusu Qabil Fərəcov professorun bir ildən artıq bu binada kirayə qaldığını deyir:

“Burada yaşayıram. Fazil müəllim bir ildən çoxdur ki, ikinci mərtəbədə yaşayırdı. O, bir il müddətində ev kirayəsini verə bilmədi. İmkanı olmadı. Ev sahibi bir neçə dəfə qapını qırıb, açarı dəyişib. Kişi qırıb, yenidən mənzilə daxil olub. Sonda kişinin əşyalarını çıxarıb, küçəyə tökdü. Qapını da bağlayıb, çıxıb getdilər. Beş gündür ki, küçədədir. Üç gün mənim maşınımda yatıb. İki gün digər qonşunun maşınında yatıb. Bütün qonşular əlimizdən gələn qədər kömək etməyə çalışırıq. Yemək, çay, su veririk. Onları da qəbul etmək istəmir. İmtina edir. Sığışdırmır özünə. Gündüzlər harasa gedir. Dediyinə görə, qızı var. Deyirik ki, qızına zəng vur kömək edər. Deyir ki, “yox, qızım bilər, ürəyi gedər”.

Q.Fərəcov küçədə yaşadığını boynuna almadığını qeyd edir:

“O gün kiminləsə danışırdı. Dedi evdəyəm, gələrsən. Kimsə zəng etmişdi. Dedi ki, “kim deyir, yalan deyir, evdəyəm”. Əlyazmalarına görə narahatdır. Halbuki o heç kimə lazım deyil. Yağışlı havada çöldə idi. Ürəyim dözmədi, maşının açarını verdim ki, içində yatsın. 430 manat pensiya alır. Ehtiyaclarına çatmır”.

Qeyd edək ki, professor Fazil Qaraoğlu İsmayılov 14 il Ankarada Gazi Universitetində çalışıb. “Ermənilər və həqiqətlər sənədlərdə” mövzusunda ümumilikdə 5 min səhifədən çox 7 cilddə kitab yazıb və nəşr etdirib. Quran kitabını ilk dəfə hər iki dilə - həm Azərbaycan, həm də rus dilinə çevirən tək tərcüməçidir. Tərcümə etdiyi Quran kitabından 500 ədəd Heydər Əliyev Fonduna bağışladığı üçün Anar Ələkbərovun xüsusi təşəkkür məktubu var. Ensiklopedik biliyə sahib olan millətçi bir alimdir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ