Metroya skuter və velosipedlə girmək olar? - RƏSMİ CAVAB

07/09/2024 - 07:26

Son illər ölkəmizdə təbiəti qorumaq, həmçinin sağlam həyat tərzinə keçid etməklə bağlı skuter və velosiped kimi vasitələrlə hərəkətin təbliğatı aparılır. Şəhərin əsas küçələrinə velosiped zolaqları çəkilir, xüsusi dayanacaqlar quraşdırılır. Bu, həm də tıxacların qarşısının alınmasına ciddi töhfə verə bilər. Vətəndaş şəxsi skuteri və ya velosipedi ilə ictimai nəqliyyatdan istifadə edə bilərmi? Publika.az xəbər verir ki, Baku.ws-in "qaynar xətti"nə daxil olan məlumata görə, belə vasitələrlə ictimai nəqliyyatdan istifadədə bəzi çətinliklər yaranır. "Mən özümə şəxsi istifadə üçün elektrikli skuter almışam. Lakin istər şəhərlərarası qatar, istər avtobus, istərsə də metroya qatlanmış vəziyyətdə buraxmırlar", - deyə şikayətçi bildirib. Bakı Metropoliteninə sorğu ünvanlanıb. Qurumun sözçüsü Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı Metropoliteninin istifadə qaydaları Nazirlər Kabinetinin təsdiqi ilə qüvvəyə minmiş sənəddir. Burada sərnişinlərin Bakı Metropolitenində vəzifələri və qadağalar yer alır. Beşinci maddəsində metroda daşınan yüklərin ölçüləri ilə bağlı məsələ var. Ümumi götürdükdə, yükün uzunluğu 220 santimetrə qədər ola bilər. Uzunluq, en, hündürlük ölçülərinin cəmi 200 santimetrdən yuxarı olmamalıdır: "Bu halda sərnişin yükünü metropolitenə keçirə bilər. Velosipedlə bağlı 9-cu bənddə göstərilir ki, örtüyü olmayan velosipedin metropolitenə gətirilməsi qadağandır. Buna səbəb, bükülməmiş, bərkidilməmiş, yuxarıda qeyd edilən ölçülərdən uzun olan, örtüksüz əşya (velosiped, skuter) metroya daşınırsa, onların metroda istifadəsi qadağandır. Belə yüklərin hər biri bükülməlidir. Əks halda, metroya daxil etmək qadağandır. Metropoliten rəsmisi onu da qeyd etdi ki, metroya diyircəkli skuterlər, kanki, diyircəkli lövhələr və bu kimi vasitələr sürmək qadağandır, bu da həmin istifadə qaydalarında xüsusi olaraq göstərilib. Bunlar yalnız yuxarıda deyilən bəndə uyğun formada daşına bilər: "Metropolitendə bu və digər məsələlərin hər birisi mütləq qaydada sərnişin təhlükəsizliyi və rahatlığı prizmasından keçirilməklə nəzərə alınır. Bu səbəbdən də müxtəlif dövrlərdə metrodan istifadə qaydalarında dəyişikliklər edilir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56