Muğam beşiyimizin Xanı...-Fuad Biləsuvarlı yazır

20/08/2024 - 06:24

     Deyirlər Qarabağda doğulan uşaqlar ağlayanda da muğamat üstündə ağlayırlar.
      Bəlkə elə buna görə Qarabağı vətənimizin musiqi beşiyi adlandırırlar.
      Bu torpaq havasındandımı, suyundandımı, saf təbiətindəndimi, bilmirəm, xalqımıza böyük-böyük sənətkarlar bəxş edib. Onlardan biri də muğam ifaçılığının korifeylərindən olan Xan Şuşinskidir.
       Bütün şərq dünyasının Xan Şuşinski kimi tanıdığı bu böyük muğam ustadının əsl adı İsfəndiyar, soyadı isə Cavanşirovdur.     Xan 1747 ci ildə Qarabağ torpaqlarında Qarabağ xanlığının təməlini qoymuş Pənah Əli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin oğlu idi.İsfəndiyar Ağa Aslan ağa oğlu Cavanşir. Amma onu bu adla çox az adam tanıyır. Xan Şuşinski çağırılmasının isə maraqlı tarixçəsi var.
       Xanın heç bir musiqi təhsili olmayıb. Ancaq əvəzində ona ilahi vergi verilib: gözəl səs, şirin avaz, yaraşıqlı sima, bir də ürək oxşayan zəngulələr.Xan Şuşada realni məktəbdə təhsil almışdı. Kiril, fars, ərəb, latın əlifbasında yazıb oxuyurdu. Musiqi təhsili olmasa da Xan notu bilirdi. İlk dəfə musiqi mədəniyyəti tarixində simfonik orkestrlə muğam oxumuşdur.
        Cəmi 15, 16 yaşı olanda ecazkar səsini eşidən muğam ustadları onun parlaq gələcəyinə böyük əminliklə inanıblar.
        Muğam ifaçılığı sahəsində xüsusi yeri olan, bütün Qarabağ toylarının bəzəyi görkəmli xanəndə İslam Abdullayev hələlik İsfəndiyar kimi tanınan bu gənci özü ilə toylara aparır, ona canlı dərslər keçir. İsfəndiyar hələlik böyük izdiham qarşısında oxumur, qulaq asır, öyrənir, gecələr ustadının zəngulələrini təkrarlayır...
          Bir məclisdə əsl musiqisevərlərin əhatəsində ustadı İslamdan ona təklif gəlir:
Bəlkə bir " Kürd - Şahnaz oxuyub bizi feyziyab edəsən..."
Sonra dünya İsfəndiyarın başına fırlanır. Bu cür sənətkarların qarşısında, özü də " Kürd şahnaz" ?! Hər oğul bunu bacarmaz. Amma İslam Abdullayev kimi sənətkarın da sözünü də yerə salmaq olmaz. Həm də İsfəndiyar özünə arxayındır. Boş vaxtlarında Cabbar əminin, Seyidin, Əbdulhəsən xanın o vaxt dəbdə olan qrammofon vallarına əbəs yerə saatlarla qulaq asmayıb. Hər gün toylarda İslam Abdullayevin şirin zəngulələrini eşitmək isə onun sənət yoluna işıq saçıb.
Və 16 yaşlı İsfəndiyar tar-kamanın müşayiəti ilə Kürd - Şahnaz" muğamını elə ustalıqla ifa edir ki, məclis əhli həqiqətən feyziyab olur. Ən çox sevinən isə ustad xanəndə İslam Abdullayev olur. O, şagirdini alqışlayır, və deyir:
       - Bu gündən sənin adın oldu Xan Şuşinski.
          Yazımın əvvəlində də qeyd etmişdim. Xan Şuşinskinin heç bir musiqi təhsili olmayıb. Ancaq uca tanrı ona ilahi vergi verib: gözəl səs, şirin avaz, ürək oxşayan, könül titrədən zəngulələr...
Uca boyu, çatma qaşları, ağayana yerişi, duruşu qızların ürəyinə od salarmış.
          Xan gənc olsa da doğulub-boya başa çatdığı Qarabağ bölgəsində çox tez məşhurlaşır. O, həqiqətən Qarabağ toylarının yaraşığı idi. Onsuz keçən toylar az yadda qalırdı. Səs bir yana, tanrı Xana elə boy-buxun, elə gözəl sima vermişdi ki, toya gələnlər təkcə onun səsinə yox, yaraşıqlı camalına da heyran olurdular.
         Elə Xan əmi də gözəl məclislərə, xüsusilə gözəllərə biganə deyildi. Toylarda gördüyü neçə-neçə gözələ Aşıq Ələsgərsayağı bədahətən şeirlər, mahnılar qoşmuşdu. Bu, Allah vergisi idi.
          Xanın şeir, mahnı qoşduğu gözəllərin hörməti, şöhrəti, sanki gözəlliyi də bir az da artırdı.
          Musiqi beşiyi olan Qarabağ bölgəsində hər bir qarabağlı öz övladının toyunda Xanı görmək istəyirdi. Xan isə özünəməxsus şövqlə, sevgi, məhəbbətlə bu məclislərdə iştirak edərək o günləri tarixə çevirirdi.
         Tanınmış xanəndə, mərhum Əbülfət Əliyevin xatirələrindən: "Xan əmi o qədər təmiz adamdı ki, heç vaxt dilinə yalan gətirməzdi. Xanəndəliyə həvəs göstərənlərin səsinə qulaq asandan sonra deyərdi ki, a bala, sən bu işin dalınca düşmə, incimə, səndən xanəndə olmaz. Sonralar gördüm ki, Xan əmi nə qədər düz deyirmiş. Çünki o, ustad sənətkar kimi bilirdi ki, kimdən xanəndə olar, kimdən yox. Deyirdi ki, əvvəl incisə də, sonra başa düşəcək..."
Xan şöhrətin zirvəsində olsa da, səsinə qarşı çox tələbkar idi. Onu diqqətlə qoruyurdu. Kimsə, onu nəyəsə məcbur edəndə, birmənalı şəkildə boğazını göstərib deyirmiş:" qardaş burda xalqın əmanəti var, xəyanət edə bilmərəm. Mən onu qoruyub saxlamalıyam..."
      Nə az, nə çox - düz yarım əsr muğam sənətinin zirvəsində olmaq hər sənətkara qismət olmur. Xan əmi qardaşı, həm də yaxın sənət dostu, tarzən Allahyarla kəndləri, obaları qarış-qarış gəzərək məclislərə, el şənliklərinə yaraşıq verirdi. Musiqi xəzinəmizin əvəzsiz araşdırıcısı mərhum Firudin Şuşinskinin qeyd etdiyi kimi, " o , həm muğamımızın, həm də gözəlliyin xanı idi..."
      Xan ecazkar səsini zilin elə pərdələrində gəzdirirdi ki, əksər xanəndələr, muğam ifaçıları üçün, bu əlçatmaz idi. Zilin həmin pərdələrində sərbəst gəzişməklə yalnız Cabbar Qaryağdı oğlu, bir də Seyid Şuşinski muğamata yeni rəng qatmışdılar. İndi bu zirvəni Xan fəth edirdi.
     Xan Şuşinskinin ifasında səslənən " Kürd -  Şahnaz", " Mirzə Hüseyn" segahı, " Mahur  - hindi", " Bayatı - Qacar", " Heyratı" muğamları musiqi tariximizin qızıl fondunu bəzəyir.      Yeganə sənətkar idi ki, Mirzə Hüseyn segahına və rast muğamına əlavələr edərək muğamı daha da mükəmməl formaya gətirib. Bir çox ritmik mugamlara özünün ilahi səsi, böyük ustalığı ilə xüsusi  gözəllik bəxş edib.  Bu muğamların hər birinə Xan əmi öz möhürünü vurub. Zaman-zaman həmişə onlar sevilə-sevilə dinləniləcək. İlk dəfə qadınla  dueti Xan oxumuşdu ki, o, ifaların hər biri qızıl fondda qorunub, saxlanılır. 3  duetdir. Onlardan 2- sinin müəllifi Xandır.
      Xalqımızın çox sevdiyi məşhur " Qarabağ şikəstəsi" isə Xanın ifasında əvəzsiz bir nümunədir. Xan əminin oxuduğu "Qarabağ şikəstəsi" bütün Qarabağın himnidir.
       Yaxın dost olduğu böyük şairimiz Səməd Vurğun da dillər əzbəri olan məşhur " Azərbaycan" şeirində Xanın ifasından vəcdə gələrək onu belə vəsf edib:

        Könlüm keçir Qarabağdan,
        Gah o dağdan, gah bu dağdan,
         Axşamüstü qoy uzaqdan,
        Havalansın Xanın səsi
         Qarabağın şikəstəsi.

     Xan əmi 100 -dən artıq mahnıların müəllifidir. Oxuduğu " Şuşanın dağları",  " Sudan gələn sürməli qız",  " Qəmərim",  " Qara gözlər",  " Ay gözəl" mahnıları da dillər əzbəridir. Bu sənət incilərini saatlarla dinləmək, ruhunu dincəltmək istəyirsən...
     Xan Şuşinski Azərbaycan Musiqi mədəniyyəti  tarixində ilk dəfə Əməkdar artist fəxri adı almadan 1943 cü ildə birbaşa Xalq artisti kimi yüksək fəxri ada layiq görülmüşdü.  Musiqi ifaçılığı sahəsində xidmətlərinə görə  1959 cu ildə Şərəf nişanı ordeni ilə təltif edilib. Ancaq o əslində lap yeniyetməlik illərindən xalqın artisti idi.
Böyük sənətkarların həyata əlvida deməsi xalq üçün çox ağır itgidir. Xan Şuşinski itgisi də bu sıradandır. Xalq sevdiyi, qürur duyduğu sənətkarlarını heç vaxt unutmur. Belə sənətkarlar bizdən yalnız ruhən ayrılırlar, şirin xatirələri isə, həmişə sənətsevərlərin ürəyindədir.
      Xatirə demişkən, sonda Xan əmi ilə bağlı bir xatirə. Bir gün musiqişünas Firudin Şuşinski Xan əmiyə deyir:
- Yadındadırmı, əmim qızının toyunda necə gözəl oxudunsa, bölgədə gözəlliyi ilə ad çıxarmış qonşumuz Qəmər səsinə, gözəlliyinə vurulub özündən getdi, qəşş elədi.
    Baməzə Xan əminin cavabı çox yubanmır:
     - Əmin qızına çatdır ki, a bala, indi də mən o gözəlləri görəndə, qəşş edirəm...

   P.S.  Yazıya nöqtə qoyub biranlığa gözlərimi yumuram. Qulaqlarıma Xan əminin avazı gəlir. Xan əmi Şuşanın dağlarından oxuyur.

Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldir, gəlinlər - qızlar,
Oturub yol üstə yarını gözlər...

Rahat uyu, Xan əmi. Bəli, indi işğaldan azad olunmuş Şuşamızda işıqlar da, ulduzlar da gur yanır. Musiqi beşiyimiz Şuşa azaddır, Şuşa bizimdir, Şuşa Azərbaycandır.

Hazırladı: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Qafqaz.Media 

       
                                                                               Xan Şuşinski - Şuşanın dağları 

ı

 Xan Şuşinski - Ay qəşəng ceyran 

Xan Şuşinski və Şövkət Ələkbərova - Qızılgül

Xan Şuşinski - Alma almaya bənzər 

Xan Şuşinski - Zabul 

l

 

 "Sənətin səsi" verilişinin növbəti qonağı Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyevadır
 

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49