"Ölüm ayrılıq deyil..."-Fuad Biləsuvarlı yazır

29/08/2024 - 23:30

   İstedadlı publisist və şair Şahmar Əkbərzadənin " Xarıbülbül nəğmələr" kitabını birnəfəsə, həm də çox böyük maraqla oxudum. Şairin nəfis tərtibatlı bu toplusunda toplanmış şeirlər öz mövzu rəngarəngliyi ilə seçilir. Bu şeirlərdə sevgi - məhəbbət də var, vətən həsrəti də var, həyat fəlsəfəsi də var. Həmişə öz çılğınlığı ilə diqqət çəkən Şahmar Əkbərzadə hətta dünya futbolunun ilk ulduzlarından biri olan məşhur braziliyalı futbolçu Peleyə də şeir həsr edib.

        Aldatmaq insanı gözdən salsa da,
        Çatdırdı Peleni şöhrətə-şana.
         Həsəd aparırdı ağıllı başlar
         Ağlı topuğunda olan oğlana.

Şahmar Əkbərzadənin bu kitabda toplanmış şeirlərini oxuduqdan sonra onun digər nəşr olunmuş kitablarını əldə etməyə çalışdım. Çox təəssüf. Açıq efiraf edirəm ki, dəydiyim bir sıra kitab satış mərkəzlərində də tapılmadı. Nə yaxşı ki, kitabxanalarda Şahmar müəllimin kitablarına rast gəldim.
       Bəlkə də çılğınlığından irəli gəlir, və ya təbiinin güclülüyündən Şahmar müəllim gördüyü ən adi bir şeydən belə təsirlənir və həmin anları poetik şəkildə oxucularına təqdim edir.

        Qan eləyir oğrun baxan baxışın,
         Qoy eləsin, belə xoşbəxt qəza yox.
         Məni oda- közə yaxan baxışın,
         İldırımdır, ildırıma cəza yox.

Bir vaxtlar qapımızı demək olar ki, hər gün döyən, müjdələr gətirən, hər evin istəkli qonağına çevirilən poçtalyonlar haqqında çox şeirlər yazılıb. Böyük şairimiz Süleyman Rüstəm də, istedadlı şairimiz Əli Kərim də poçtalyona şeir həsr ediblər. Ancaq Şahmar Əkbərzadənin " Poçtalyon İmran" şeiri də çox təsirlidir. Sanki hamımız, bütün oxucular poçtalyon İmranı tanıyır. Axı, hansı kənddə, hansı obada poçtalyon olmayıb.

      Səhərlər obaşdan əl açıb yenə,
      Poçtu gətirməyə yollanardı o.
      Davadan bədxəbər gəlməsin deyə,
      Gözəgörünməzə yalvarardı o.

    Amma nə edəsən ki, mənfur müharibənin öz qanunları var.  Müharibə varsa, ölüm də var. Bu, qaçılmazdır. Müharibə dövrünün bütün poçtalyonları kimi sadə peşə sahibi İmran kişi də belə xoşagəlməz, ürəkdağlayan hallarla rastlaşır.

     Ölüm xəbərini nə təhər verim,
      Ay Allah, ay Allah ölüm mənimdi, deyir -

- İmran kişi...

    Çox təsirli misralardır. İnsanı düşündürür, o anları yaşadır. Kədər sahiblərinin dərdinə uzaqdan-uzağa da olsa şərik olmaq, təsəlli vermək istəyirsən. Əsl poeziyanın gücü də elə bundadır.
     Müharibə illərinin poçtalyonu İmran kişi də belə nəcib hisslər keçirir.
     Şahmar Əkbərzadə xeyirxah hisslərə köklənmiş bu şeiri təsirli bir sonluqla bitirir.

     Goru nurla dolsun İmran əminin,
     Beləcə özünə ölüm dilərdi.
     Cəbhədən dönməyən hər bir kimsəni,
      Doğmaca balası, oğlu bilərdi.

Və yaxud Şahmar müəllimin başqa bir şeirinə nəzər salaq. " İşıqçəkən". Bu şeirin qəhrəmanı adi bir elektrik montyorudur. Evlərə işıq çəkir, dünyanı qərq edir. Gəncdir, hələ heç ailə də qurmayıb. Özünün ürək parasını hələ tapa bilməyib. Bəlkə də başı özünün xeyirxah peşəsinə  o qədər qarışıb ki, hələ özü haqqında düşünməyə vaxt tapmayıb.
Şahmar müəllim öz şirin təhkiyəsi ilə bu anları gözəl və təsirli təsvir edir:

Öz könül şamını yandıra bilmir,
Baxma, evlərə nur paylamağından.
Görən hansı gözəl işıq çəkəcək,
Bu işıq oğlunun qəlb otağına?!

" Xarıbülbül nəğmələri"  kitabının bu bölməsində Şahmar müəllimin yaxın dostlarına, elm, incəsənət xadimlərinə, yaxından tanıdığı sənət adamlarına ithafla yazılmış şeirləri toplanıb. Bu təsirli ithaflar kimlərə həsr olunmayıb. Bəxtiyar Vahabzadəyə, ölməz Bülbülə, Üzeyir bəyə, böyük alim Xudu Məmmədova, Səməd Vurğuna, maestro Niyaziyə, bəstəkar Süleyman Ələsgərova, dostu Zeynal Məmmədova, tarixi romanlar ustası Fərman Kərimzadəyə...
       Bu siyahı çox genişdir. Və ithaf olunmuş bu şeirlərin hər birində ürəklərə təsir edən səmimi hisslər var. Bu şəxslərin, görkəmli adamların,  xadimlərin çoxları ilə Şahmar Əkbərzadəni sıx dostluq telləri bağlayır.
Şahmar müəllim dostluqda çox sədaqətli, etibarlı, əvəzsiz bir ziyalı olub. Bunu " Xarıbülbül nəğmələri" kitabının naşiri və ön sözün müəllifi tanınmış naşir Əlövsət Ağalarov da ön sözdə qeyd edir: Əsl dost okeanların dibindəki mirvari kimidir, az tapılır, ildırımlar kimi qaranlıq çökəndə ilk onlar görünürlər. Şahmar Əkbərzadə də əsl dost idi..."
    Məhəbbət mövzusu da Şahmar müəllimin əbədi mövzularındandır. Bu qəbildən olan şeirlərində çox kövrək hisslər var. Şahmar müəllim bu şeirində saf məhəbbəti tərənnüm edir.

             Səndən zülümlər görsəm,
              Zülümdən gözəl nə var?!
               Dizin üstə can versəm,
                Ölümdən gözəl nə var?!
Şahmar Əkbərzadə nə qədər ürəkdən, poeziyaya sonsuz məhəbbətlə yazıb-yaratsa da ürəyində ağır nisgil gəzdirirdi. Qarabağ nisgili, Ağdam nisgili... Uşaqlıq illəri bu torpaqlarda keçmiş Şahmar müəllimi işğal altında olan yurd həsrəti üzürdü. Və bu həsrət nisgil dolu misralara çevirilirdi. "Laçın dağlarına məktub" şeirində yazır:

   Behiştdən gözəlmiş cəhənnəm dərə,
   Cənnət deyəydilər gərək o yerə.
   Nərdivan dağıyla qalxdım göylərə,
   Dünyaya sığmadı vüqarım mənim.

Şahmar müəllim torpaqlarımızın işğal altında olmasına heç cür dözə bilmirdi. Bu ağrı-acını yazdığı şeirlərlə, kövrək misralarla ovuşdururdu.

   Daha danışmağa sözmü qalıbdır,
   Gərək söz tutmasın dodaqlarımız.
    Ulu Xan qızının baş örpəyindən,
    Götürsün payını papaqlarımız.

Bir şeirində isə ürək həsrətini belə təqdim edirdi.
       Həsrət qoxlayıram çiçək yerinə.

    Min-min təəssüf ki, Şahmar Əkbərzadə torpaqlarımızın 30 illik işğalına son qoyulan günü görmədi. Vaxtsız əcəl onu bizdən tez ayırdı. Yəqin ki, bu gün biz Zəfər Qələbəsinə sevindiyimiz kimi, onun da ruhu şaddır. Onun ruhu və bizim könlümüz indi çox rahatdı. Ona görə ki, Şahmar müəllimin canından çox sevdiyi əzəli və əbədi dədə - baba torpaqları azaddı. Həm də sevindirici hallardan biri də odur ki, Ağdamda küçələrin biri Şahmar Əkbərzadənin adını daşıyır. Ölüm bu istedadlı ziyalını bizdən cismən ayırdı, ona olan əbədi sevgi isə həmişə ürəyimizdədir. Şair demişkən, " sevgi varsa, ölüm ayrılıq deyil..."

                            

                                                                                     ***                                                                                  

WhatsApp Görsel 2024-08-22 saat 06.05.09_c7ff34cf.jpg

Nəriman Həsənzadə, Xalq şairi: Şahmar müəllim indi dünyasını dəyişibdi. Allah rəhmət eləsin! Mən onun yaxın dostu idim. O da mənim yaxın dostum idi. Olduqca ilahi xasiyyəti var idi. Şair təbiətli bir insan idi. Onda hər bir şey təbii idi. Şahmar təkcə bu günün yox, dünənin yox. Həm də sabahın şairi idi. Onun şeirləri haqdan gəlirdi, ürəkdən gəlirdi. Şahmar yaşamadığı hissini, duyğunu yazmırdı. Şahmarın şeirləri sağlığında da yayılmışdı. Çox oxunurdu, bəyənirdilər. Fuad, oğlum, Şahmarın şəxsi təbiəti necə idisə, şeirləri də o cür idi. Şəxsi təbiətiylə, şeirləri bir-birini təkzib eləmirdi, bir-birini tamamlayırdı. Ona görə də Şahmar haqqında söhbət gedəndə bayaq dediyim kimi onu dünənin yox, sabahımız, bizim müasirimiz kimi qəbul eləmək lazımdır.
Şahmar bu gün də bir şair kimi bizim sıramızdadır. Ona görə də onun haqqında xatirə yazmağınıza görə, onun haqqında söhbət eləməyinizə görə sizə minnətdarlığımı bildirirəm. Şahmar heç vaxt köhnələ bilməz. Şahmar həmişə təzədir, həmişə doğmadır, həmişə istidir. Həmişə bu günün, torpağın oğludur.
Şahmar ziyalı idi, savadlı idi. Ailəsini, övladlarını çox sevirdi. Yəni bir insan kimi də cəmiyyətin bir oğlu kimi də Şahmar fərqlənirdi. Mən onun şəxsində bir yaxın dostumu itirmişəm.  Mən sizə yenə də minnətdaram ki, onun haqqında xatirə toplayırsınız. Şahmar dünənin, bu günün, sabahın oğlu idi.

 

WhatsApp Görsel 2024-08-22 saat 05.58.59_5449f8b9.jpg

Zemfira Məhərrəmli, Əməkdar jurnalist: Gəncliyimizin sevilən şairlərindən  biriydi Şahmar Əkbərzadə.Onun istər sevgi şeirlərini,istərsə də doğma el-obaya məhəbbətindən barınan poetik nümunələrini,necə deyərlər, əl-əl axtarır, həvəslə oxuyurduq.Lirik şeirləri nə qədər həzin, duyğusal, həyati, incə ruhlu idisə, çevrəsində baş verən olaylara,ictimai-siyasi hadisələrə yanaşması, müəllif müdaxiləsi bir o qədər fərqliydi.
Şahmar Qarabağda,Ağdamın Çəmənli kəndində dünyaya gəlmişdi.Yurdunu, yuvasını dəlicəsinə sevirdi. Nankor qonşunun xəyanətinə, torpaqlarımızın işğal altında qalmasına dözə bilmirdi:

Ormanların, oylağın yox,
Yaylamağa yaylağın yox,
Daha İsa bulağın yox,
Di həsrətdən don,ay Şahmar!--deyirdi.

Yurd itkisinə,haqsızlığa üsyan idi şeirləri. Kəsilməsinə razı olmadığımız,az sonra  coşub-daşan xalq hərəkatımızın rəmzinə çevrilmiş Topxana meşəsinə üz tutan şair dərdlərimizdən yana-yana danışırdı."Qarabağsız qarabağlı","Salam de", "Laçın dağlarına məktub", "Tüstümüz","Anam Azərbaycana" şeirləri də bu qəbildəndir.
Şahmar Əkbərzadə həm də peşəkar jurnalist, publisist idi."Azərbaycan gəncləri" qəzetində  çalışdığı illərdə onunla tez-tez görüşür,fikir mübadiləsi edirdik.Mənim işlədiyim"Bakı" qəzeti redaksiyasında da Şahmarın qələm dostları az deyildı və onunla  hər görüş, ünsiyyət maraqlıydı.
Baş redaktoru olduğu"Mədəniyyət" qəzeti onun şah əsəri, fikirlərinin tərcümanı, mədəniyyətimizə töhfəsi idi.
Mənim sənətkarlardan bəhs edən "Ötür durna qatarı" kitabıma ön söz yazmış, bu əsəri talelər kitabı adlandırmışdı.Şahmar Əkbərzadə"Döyüşə qızlar gedir" və"Qarabağda savaş var" kitablarımı da vaxtında yazılmış əsərlər,qaynaqlar kimi yüksək dəyərləndirmişdi.
Şahmar müəllim sadə,təvazökar,səmimi,
məğrur insan, gözəl şair kimi daim xatırlanacaq.

 

        1679506643.jpg

Rəşad Məcid, Mətbuat Şurasının sədri: Şahmar Əkbərzadənin vəfatından 24 ildən artıq bir vaxt keçsə də, şairin parlaq siması, təbii, səmimi obrazı yaddaşlarda yaşayır.  Şahmar Əkbərzadə Türk dünyasının böyük yazarları ilə dostluq edirdi, hələ türk şairlərinin, yazarlarının Azərbaycana gəlişinin çətin olduğu vaxtlarda onların ölkəmizə gəlməsində, bununla bağlı tədbirlərin təşkilində fəallıq göstərirdi. Şahmar Əkbərzadə öz şeirləri ilə əbədi ömür qazanıb. Həmin əsərlərin heç nədən asılı olmadan yaşadığını və müəllifini də yaşatdığını dilə gətirib: “Şahmar Əkbərzadə şeirləri ilə özünə əbədilik qazanan şairdir. O şeirlər heç nədən asılı olmayaraq, heç kimin köməyi olmadan həmişə yaşayacaq və eyni zamanda, müəllifini – Şahmar Əkbərzadəni yaşadacaq. Çünki Şahmar Əkbərzadə insan sevgisi, vətənpərvərlik kimi həmişəyaşar hissləri, duyğuları şeirə çevirib”.
Elə ona görə də Şahmar Əkbərzadənin poeziyası yenə də diridir, bizim müasirimizdir.
Xırdalan qəbiristanlığında doğmaların məzarını ziyarət edərkən unudulmaz şairimiz Şahmar Əkbərzadənin məzarına rast gəldim. Ruhuna dua oxudum, yaradıcılığını xatırladım, şairin məşhur "Laçın dağlarına məktub" şeirindən bir neçə bəndi məzarı başında səsləndirdim.

Ruhu şad olsun!

Şəlvəli Şahverdi dədəyə

Laçından tərpəndim söküləndə dan
Titrədim keçəndə İlan qayadan
Kəsdi bənd bərəni Talış vurulan
Heyrət muzeyidir dağlarım mənim.

Çalbayır, Uzunyal, Çilgəz, Muxtökən
Sizi gözlərimdən oğurladı çən
Elə zənn elədi bədnəzərəm mən
Tutuldu qarşımda yollarım mənim.

İmanlar yurdunda gəldim imana
Hacıxanlı, Qovuşuq qonağa ana
Deyirəm ya qismət birdə o yana
Görən düşəcəkmi güzarım mənim.

Qorqud yadigarı Şahverdi dədə
Sözlə əfsunlayıb məni o vədə
Perikmiş bülbüləm qalıb Şəlvədə
Şehli gülüm mənim gülzarım mənim.

Behiştdən gözəlmiş Cəhənnəmdərə
Cənnət deyəydilər gərək o yerə
Nərdivan dağıyla qalxdım göylərə
Dünyaya sığmadı vüqarım mənim.

Yadımdan çıxarmı o çörək, o duz,
Ellər səxavətli, çeşmələr bumbuz,
Baş yurda baxaram yüz il ac - susuz,
Tükənməz səbirim, qərarım mənim.

Toyuq töküləndən ehmallı keçdim,
Qantəpər çinlədim, qırxbuğum biçdim,
Sütül baldırğanla, qaynar süd içdim,
Dağlarda dağlandı dağlarım mənim.

Çiçəklər loğmanı Raziyə nənə,
Çəməni çəmənə qatıbmı yenə,
Çilədağ kəkotu yığıbmı mənə,
Dururmu çaşırım lilparım mənim.              

Mən Leyli demişdim Laçın güneyə,
Vəfasız bilməsin gəlmirəm deyə,
Ürəyim o gündən dönüb kəkliyə,
Başlayıb Məcnunluq çağlarım mənim.

Xeyli var həsrətəm Qəbirliyala,
Ölməyə nə var ki, belə yer ola,
Qorxdum ölüb qalam anam hay sala,
Car çəkə: hardadır Şahmarım mənim.      

            

WhatsApp Görsel 2024-08-22 saat 06.04.13_9d775d45.jpg

   Flora Xəlilzadə, Əməkdar jurnalist: Azərbaycan ədəbiyyatında, publisistikasında, poeziyasında öz yeri, öz sözü, fərqli yaradıcılıq üslubu olan Şahmar Əkbərzadəni qəfil itirdiyimiz gündən illər keçir. Bu itkinin ağırlığı dünənin xatirəsindən, bugünün pəjmürdəliyindən, sabahın onsuzluğundan doğan sarsıntı kimi hisslərimizi bir kədərin pəncəsinə sıxdı. Üstümüzə sanki bir əlacsızlıq ələndi. Elə bil dünən idi onun şeirlərini sevə-sevə oxuduğumuz və dinlədiyimiz günlər. Şirin Qarabağ ləhcəsilə həmkarlarına "nənə", "dədə" deyə müraciət edərdi. Sözün doğmalığı ürəyimizə bal kimi yayılardı. Şahmarın "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı" kimi şeirlərinin ahəngindəki ruh hələ də qəlbimizi tərk etməyib. Yadımdadır ki, Şahmar Əkbərzadə həmin şeirləri özünəməxsus avazla, məhəbbətlə necə təsirli söyləyərdi. Yüz söz ustası, aktyor yığışsaydı, Şahmarın şeirlərini özü kimi səmimi, təbii deyə bilməzdi. O poetik əsərlərin məzmunu yadımda qalsa da, Şahmarsız keçən günlərin ağır kədəri məni başqa bir şeirinə çəkdi:

  

Ölüm bilmir o dünyaya köçən eşq,
Vulkan olub qaya çapır, dağ yarır.
Candan-cana, qandan-qana keçən eşq,
 Kişiliyi ölməzliyə aparır.

   Şahmarı yaxından tanıyanlar çox gözəl bilirlər ki, o, necə etibarlı və mehriban insan idi. Dünyanın var-dövləti, şan-şöhrəti eyninə gəlməzdi. Başdan-ayağa vətən üçün çırpınan Şahmar adlı bir eşq idi. Elə bir eşq ki, özünün təbiri ilə desək, "əcəl taxta çıxıb, kama çatsa da", yenə də Şahmara əli yetmədi. Çünki o, "Vətən torpağını geyib əyninə", əslində varlığından artıq sevdiyi torpağımıza qovuşdu. Hamımızın gedəcəyi bu yolda bizi əzən özgə dərddi. Öncə Şahmar Qarabağdan nigaran getdi, Ağdamın ağ günlərini görmədi, amma ürəyə bax ki, Şahmar nə yazıb:

  

  Ölüm də yalandır, itki də yalan,
 Dünyada müqəddəs çevrilmələr var.

Həyatda azömürlü, uca qamətli, poeziyamızda isə azkitablı, şahmisralı oldu Şahmar! Təsadüfi deyildir ki, Xalq şairi Bəxtiyar Vahabzadə Şahmar Əkbərzadənin bir sıra şeirlərini "Poeziyamızın nailiyyəti" adlandırmışdır.

             1698085145_whatsapp-image-2023-10-23-at-08_43_38.jpg

 Şahmar Əkbərzadə könüllərdədir

Əlli doqquz yaşda tərk etdi bizi,
Qoydu yetim, sağır şeirimizi,
Hələ də yaşayır şeiri, sözü,
Şahmar Əkbərzadə könüllərdədir!

Çox manelər gördü ulduzlar sanı,
Yoxluğu kövrəldir şair Nərmanı,
Yandırsa da neçə-neçə adamı,
Şahmar Əkbərzadə könüllərdədir!

Əqidə, dərrakə, məslək sarıdan,
Zəngin biri idi, o dürüst adam,
Başqa yerdə deyil, bilir Yaradan!
Şahmar Əkbərzadə könüllərdədir!

Bir şeydən təsəlli tapıram ki, mən,
Çələng hördü getdi şeirdən, sözdən,
Ziyalı şairin unutmur Vətən!
Şahmar Əkbərzadə könüllərdədir!

Xalqın ona olan hörmət, əşrəfin,
Ucalardan uca tutdu şərəfin,
Daima saxladı haqqın tərəfin,
Şahmar Əkbərzadə könüllərdədir!

Müəllif: Fuad Biləsuvarlı, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

 Qafqaz.Media 

                                           

 

  IMG-20240822-WA0007.jpg

IMG-20240822-WA0006.jpgIMG-20240822-WA0002.jpgIMG-20240822-WA0005.jpgIMG-20240822-WA0013.jpg
0f8f1024-2185-4ff1-92c2-aae731a80bc0.jpg
IMG-20240822-WA0015.jpg
IMG-20240822-WA0010.jpgIMG-20240822-WA0011.jpgIMG-20240822-WA0012.jpg

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Adsız oğlan
09/09/2024 - 07:33
Nanənin yerinə o gələcək
26/08/2024 - 10:49