“Paşa Holdinq” Bodrumda 1 milyard dollar dəyəri olan lüks otelin yarısını aldı – MÜQAVİLƏ İMZALANDI

13/01/2023 - 15:53

Türkiyənin Bodrum şəhərinin ən dəbdəbəli oteli olan “Mandarin Oriental” otelinin yarısı Azərbaycanın “Paşa Holdinq” şirkətlər qrupuna satılıb.

Qafqaz.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, alqı-satqısı müqaviləsi otelin sahibi olan “Astaş Holdinq” şirkətlər qrupu ilə “Paşa Holdinq” arasında imzalanıb. Sövdələşmənin məbləği açıqlanmayıb.

Qeyd edək ki, otel doqquz il əvvəl fəaliyyətə başlayıb.

Sənədi “Astaş Holdinq”in İdarə Heyətinin rəhbəri Vedat Aşçı və “Paşa Holdinq”in icraçı direktoru Cəlal Qasımov imzalayıblar.

“Düşünürəm ki, brendlərimizə uyğun olan bu tərəfdaşlıqdan yaranacaq sinerji daha uğurlu biznes və yeni əməkdaşlığa zəmin yaradacaq”, - Vedat Aşçı imzalanma mərasimində deyib.

Öz növbəsində Cəlal Qasımov da holdinqin Türkiyədə ilk investisiyalarını bank sektorunda etdiyini xatırladıb: “2015-ci ildən “Paşa” Yatırım Bankı ilə Türkiyədə maliyyə sektorunda işləyirik. Bundan əlavə, biz daşınmaz əmlaka və turizmə bir sıra investisiyalar qoymuşuq. Türkiyə şirkətlər qrupumuz uzunmüddətli investisiya strategiyasında mühüm yer tutur. Hesab edirik ki, bu ölkənin bir çox başqa sahələrdə, o cümlədən turizm sahəsində də mühüm potensialı var. Arzu edirəm ki, “Mandarin Oriental Hotel”dəki tərəfdaşlığımız bütün tərəflər üçün faydalı olsun”.

Türkiyə mediası yazır ki, “Paşa Holdinq” şirkətlər qrupuna “Mandarin Oriental Hotel” ilə yanaşı, Bodrumda yerləşən "Allium Bodrum Resort & Spa" oteli də daxildir.

“Astaş Holdinq” 1980-ci ildə Almaniyada Vedat Aşçı tərəfindən tekstil sənayesi üçün avadanlıq təchizatçısı kimi təsis edilib. Daha sonra turizm sənayesində işləməyə başlayıb. Şirkətin turizm sektoruna ən böyük investisiyalarından biri Bodrumda “Mandarin Oriental Hotel” və “Mandarin Oriental” lüks villa kompleksində rezidensiyaların tikintisidir. “Astaş Holqinq” bu layihəyə 2010-cu ildə Bodrumda 600 hektar torpaq sahəsi almaqla başlayıb və artıq 2014-cü ildə lüks otel və villa kompleksi istifadəyə verilib. Layihənin şirkətə 650 milyon dollara başa gəldiyi bildirilir, lakin otelin hazırkı bazar dəyərinin daha yüksək, hətta 1 milyard dollar yaxın olduğu təxmin edilir.

Qeyd olunur ki, “Astaş Holdinq” və “Paşa Holdinq” arasında otelin səhmlərinin yarısının alınması ilə bağlı danışıqlar ötən il başlayıb.

Qafqaz.media