“Putin Ukrayna torpaqlarını ələ keçirməkdə qərarlıdır” – ALMANİYA KANSLERİ DANIŞIQLARIN DETALLARINI AÇIQLADI

11/12/2022 - 14:05

“Rusiya lideri Ukrayna ərazisinin bir hissəsini fəth etməkdə qərarlıdır və öz qəddarlığını cilovlamır”.

Qafqaz.media xarici KİV-lərə istinaədn xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz bildirib.

“Mən Putinlə nə vaxt danışsam, o, hər dəfə onun üçün bunun fəth məsələsi olduğunu açıq şəkildə bildirirdi. O, Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək üçün sadəcə zorakılıqdan istifadə etmək istəyir”, - Olaf Şolz vurğulayıb.

Qeyd edək ki, fevral ayında Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan bəri Olaf Şolz Valdimir Putinlə əksər Qərb liderlərindən daha çox danışıb. Onların son bir saatlıq telefon danışığı dekabrın 2-də baş tutub.

Potsdamda keçirilən konfransda danışan Şolz, Ukraynada nə qədər rus əsgərinin öldüyünün hələlik dəqiq olmadığını, lakin bu rəqəmin 100 minə çata biləcəyini söyləyib.

“Biz Rusiya prezidentinin bütün ölkəni mahiyyətcə yerlə-yeksan etdiyi Çeçenistanda və ya Suriyada hansı vəhşiliklərə qadir olduğunu gördük. Sadəcə olaraq heç bir nəzarət və ya məhdudiyyət yoxdur, hamısı budur", - Şolz deyib.

Bununla belə, Almaniya kansleri hələ də onunla ünsiyyəti davam etdirmək niyyətində olduğunu bildirib. Çünki o, “bu vəziyyəti həll etməyin” mümkün olacağına ümid edir.

“Bir-birinizlə danışmağa davam etməsəniz, bu mümkün deyil”, - kansler bildirib.

Qafqaz.media