Qarabağın testdən keçən tələbələri təkcə onlar deyil...

25/08/2024 - 05:57

Bu gün Qarabağ Universitetinə qəbul olan tələbələrin sayı açıqlananda ağlımda bir fikir dolanırdı: Onların bu imtahana qatılması üçün Azərbaycan saysız sınaqlar verdi. Üstəlik bu sınaqlar nə 1 saat idi, nə 2, 3 ya daha artıq... Bu elə imtahan idi ki, illərlə davam etdi. Biz də istədiyi balı yığa bilməyən abituriyentlər kimi idik. Hər dəfə “sual”lar da dəyişirdi, “nəzarətçi”lər də. Yerində olduğu kimi qalan bircə inamımız və ümidlərimiz idi. İnanırdıq ki, o gün nə vaxtsa yetişəcək. Yetişdi də... Təsəvvür edin, bu gün Qarabağ Universitetinin yerləşdiyi Xankəndi şəhərini işğalçılar düz 32 il dünyaya qondarma hökümətin paytaxtı kimi tanıtdırmağa çalışırdılar. Biz isə o dönəmlərdə haqqımız olanı geri qazanmaq üçün böyüyürdük. Təkcə yaşımız yox, təcrübələrimiz də artırdı ilbəil. Torpaqlarımıza qədəm qoyan “nəzarətçi”lər də bizi imtahandan səbəbsiz yerə xaric etmək üçün əlləşirdilər. Amma bu davada haqlı olduğumuzu başından bilirdik. Bəlkə də ona görə, illərlə qıfıllı qapıların kilidlərini, Qarabağda toxunan kilimləri, oradakı xatirələrimizi yanımızdan ayırmırdıq. Bir şagird özünə inanaraq imtahanlara necə qatılırsa, bax elə o cür. Axı 1992-ci ildə ölkədə test üsulu ilə ali təhsil müəssisələrinə ilk qəbul imtahanı keçiriləndə Qarabağ təhsilinin qapıları üzümüzə zorla bağlanmışdı... O gündən bəri abituriyentlərimiz 32 il testlər yazırdı amma nə oxumağa Qarabağ Universiteti var idi, nə də orada imtahan verənlər. İnsan imtahan verməyi belə həsrətlə necə gözləyə bilər axı? Düşünə bilirsiniz? Qarabağ Universitetində təhsil alacaq olan bu gənclər test imtahanı ilə ilk dəfə bu dərs ocağına gedir həm də. Qarabağın testlərdən keçən tələbələri təkcə onlar deyil amma. Dünyanı dizə gətirən Napaleon Bonapartın belə uşaqtək qorxduğu şeyi biz bütöv bir xalq olaraq keçdik. Özü də neçə il ard-arda. Kəsilmədik də. Sadəcə istəyimiz ali idi. Bizə lazım olan maksimum balı Ali Baş Komandanımızın siyasi gücü, şəhidlərimizin qanı, qazilərimizin möhkəm iradəsi, xalqımızın birliyi hesabına topladıq.

Bəlkə də istəyimizə çatmağa gecikdik. Amma oxumağın yaşı yoxdur axı...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42